"Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Trampa “miras” qoymaq məqsədi daşıyır".
Musavat.com bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
Politoloqun fikrincə, ABŞ-ın yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır:
"Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistan “əlini zəiflədəcək” amildir.
Strateji sənədin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd, Trampın buna nə qədər əməl edəcəyi sual altındadır.
Sənəddə nələrin əks olunacağı xüsusilə maraqlıdır. Təfərrüatlar bəlli olmasa da, bura təhlükəsizlik kimi məsələlərin daxil ediləcəyi, özündə 5 aprel 2024-cü il Brüssel razılaşmasının müəyyən tərəflərini ehtiva edəcəyi istisna deyil. O da istisna deyil ki, Mirzoyanla Blinkenin əsas müzakirə mövzularından biri yeni administrasiyanın sənədə sadiq qalmasını təmin etməyin yollarıdır və bu prosesdə erməni diasporu/lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir".
Politoloq qeyd edib ki, Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir:
"Yeni administyrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürməyə, ya da Azərbaycanla da eyni razılaşmalar əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq".
Xalidə Gəray,
Musavat.com