Batan rus gəmisinin burulğanı
Mən iqtisadçı deyiləm, amma bir iş var ki, baş verənlər artıq iqtisadiyyat deyil. Hazırda dünya miqyasında böyük iqtisadi müharibə gedir. Dünya ölkələri təxmini olaraq cəbhələşib. Qərb ölkələri ABŞ-ın rəhbərliyi altında Putin Rusiyasını iqtisadi silahla vurmağa çalışır. Qərb Suriyada (6 il əvvəl Gürcüstanda), daha sonra Ukraynada etdiklərini Rusiyaya bu cür ödətməyə, Moskvanı iqtisadi cəhətdən çökdürməyə çalışır.
Ancaq bu qovğanın zərbələri yalnız Rusiyaya dəymir. Bu ilin əvvəlindən bu yana neft qiymətləri təqribən 50 dollar ucuzlaşıb. İlin əvvəlində neftin bir bareli 110 dollar idisə, indi bu rəqəm 60 dollar həndəvərində dövr edir. Ötən həftə OPEC-in toplantısında üzv ölkələr İran və Venesuelanın çağırışına baxmayaraq hasilatı azaltmadı. Hətta əsas neft ixracatçısı Səudiyyə Ərəbistanı bəyan etdi ki, gündəlik hasilatı 10 milyon barreldən 12 milyona qaldıra bilər. Yəni bu o deməkdir ki, ilin əvvəlindəki qiymətlərlə müqayisədə ər-Riyad hər gün 450-600 milyon, hər isə təxminən 15-18 milyard dollar pul itirir. İran da bu prosesdən narahatdır və prezident Ruhani neft qiymətlərindəki düşməni həm də İrana qarşı təxribat adlandırıb.
Avropa isə elan edib ki, son aylarda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən 40 milyard avro maliyyə itkisi yaşayıb. Amma rəqəm daha böyükdür. Çünki Rusiya kimi böyük bir bazarı itirən Avropa iqtisadiyyatının itkiləri daha böyük olacaq.
Yəni görünən odur ki, “batan” təkcə Rusiya deyil. Dünyanın böyük dövlətləri Qərb-Rusiya savaşından zərbə alırlar. ABŞ isə qərarlıdır, belə görünür ki, bu “müharibə” Rusiya diz çökənə qədər davam edəcək. Ancaq Rusiya diz çəkəcəkmi? Yoxsa özü ilə bərabər daha bir neçə ölkəni uçuruma aparacaq? İndi bu barədə dəqiq nəsə demək mümkün deyil. Putin çevik diplomatiya aparmağa çalışır, ötən bir həftədə əvvəlcə Türkiyəyəy, daha sonra isə Hindistana səfər edərək cəlbedici təkliflərlə böyük əməkdaşlıq sazişləri imzaladı. Görünən odur ki, Rusiya lideri Qərb blokunda olmayan və ya Türkiyə kimi küskün olan ölkələrdən dəstək almağa çalışır. Görünən odur ki, Putin qarşıdakı iki ili sanksiyalara tab gətirməyə hədəfləyib. Çünki bir çox analitiklərə görə, bu gedişlə qarşıdakı aylarda yalnız Rusiya deyil, bir sıra ölkələr, o cümlədən Avropa iqtisadiyyatı ciddi zərbə ala və hətta çökə bilər. Çünki təcrübəyə əsasən ruslar sıxıntılı vəziyyətə daha dözümlü olurlar.
Nə qədər qəribə də olsa Rusiyanın Qərblə savaşının ən böyük zərbəsi digər post-sovet ölkələri ilə birlikdə Azərbaycana dəyir. Yalnız ona görə yox ki, bazarda günü gündən ucuzlaşan neft Azərbaycan neft gəlirlərinə təsir edir, həm də ona görə ki, Azərbaycan əhalisinin sanbalı bir qismi Rusiyadan gələn pul hesabına yaşayır. Məsələn, 2012-ci ilin statistikasına görə, Rusiyada 1,5 milyon azәrbaycanlı miqrant il ərzində Azərbaycana 1.13 milyard dollar vəsait yollayıb Bu leqal köçürmələrin hesabıdır, ancaq qeyri-leqal köçürmələr isə daha çoxdur, təxminən 3,5 milyard dollar. 2012-ci ildə Rusiyadan MDB ölkələrinə leqal yolla 18 milyard dollar vəsait göndərilib. Yəni Rusiya qeyri-rəsmi olaraq post-sovet respublikalarının əsas gəlir qaynaqlarından biri olub.
İndi isə Rusiya iqtisadiyyatı batır və artıq bir çox azərbaycanlılar geri qayıtmağı düşünür. Çünki rubl dəyərdən düşüb və əsasən ticarət, xidmət sahəsində çalışan azərbaycanlılar rubulla daha az qazanırlar, yəni həm də evə az pul göndərməyə məcburdurlar. Artıq evlərinə göndərdiyi pulun miqdarını yarıbayarı azaltdığını etiraf edən miqrantlar var. Nəzərə alsaq ki, hazırda 2-2,5 milyona yaxın azərbaycanlı Rusiyada qısa müddətli və ya uzun müddətli miqrantdır Rusiyanın itkilərinin Azərbaycan ailələrinə təsirini anlatmaq asan olar.
Bir sözlə, Rusiya batır, amma bütün böyük gəmilər kimi batarkən ətrafında burulğan yaradaraq özü ilə çoxlarını batırır.






