Bakıda evlərə basqın edən keçmiş məhkumlardan ibarət dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.
Quldurluqda təqsirləndirilən Elçin Aslanov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Kamal Fərhadovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Elçin Aslanov 11 il Səyavuş Şəfiyev 9 il, Kamal Fərhadov 10 il, Ramin Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib
İttihamda yazılır ki, Elçin Aslanov 2017-ci il mayın 12-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.
Daha sonra isə həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər.
İttihama görə, onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını “skoç”la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar. Bundan əlavə isə iyunun 14-də Ramillə Kamal Xətai rayonunda yaşayan Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.
Daha bir cinayət əməlini isə 2017-ci ilin oktyabrın 22-də törədiblər. Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər. Evdən oğurluq edərkən ev sahibinə xərclik üçün 200 manat da pul qaytarıblar.
Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar pulun miqdarının şişirdildiyini deyiblər və bıçaqdan istifadə etmədiklərini, zərərçəkmişlərə fiziki təzyiq göstərmədiklərini söyləyiblər. Amma quldurluq etdiklərini etiraf ediblər.
İlkin Muradov,
Musavat.com






