İnsanlara hürriyət, millətlərə istiqlal!

Başına ip salınmış sözlər

5017 12.04.2020 13:30 Yazarlar A A

Sözlərdə təqsir yoxdur, onlara pis məna verən insanlardır, onların zəhərli və ədəbsiz dilləridir. Bu 30-40 qramlıq ət parçası istənilən sözü 50 dəfə pis-pis işlədəndən sonra biədəb kəlməyə çevirlə bilər.

“Yetim” sözünün də pis mənası yoxdur, bu sözün altında valideynlərini itirmiş uşaqlar nəzərdə tutulur. “Valideynlərini itirmiş” ifadəsi isə “yetim”in sinonimi ola bilməz. Təkcə o səbəbdən ki, vaxt gəlir, hər kəs valideynlərini itirir, amma heç kəs 45-50 yaşında adama yetim demir.

Bir ara o sözü “kimsəsiz”lə əvəz etmək istəyirdilər, alınmadı. Bu söz yerinə düşmürdü. Çünki uzaqdan-yaxından qohum-əqrəbası olanlara “kimsəsiz” demək olmazdı. Hələ o cür binəsib uşaqlara dövlət yiyə dururdusa, hansı “kimsəsiz”likdən söhbət gedə bilər?

Bir biz deyilik. O biri ölkələrdə də hansısa sözün başına ip salır, onların işlənməsini yasaqlayır, leksikondan çıxarmaq istəyirlər, o sözü dilinə gətirənə irad bildirir, bunu qəbahət sayırlar. Məsələn, ABŞ-da cə bir çox ölkələrdə qaradərili insanların “zənci”, “neqr”, “niqqer” adlandırılması yasaqdır, ədəbsizlik sayılır. Halbuki bir adama “qaradərili” deməklə “zənci” deməyin elə bir fərqi yoxdur. İndi heç “qaradərili” də demirlər, “afroamerikalı” deyirlər, amma dərhal hamı bilir ki, kimlər nəzərdə tutulur.

Bu, ona görə belə olub ki, quldarlıq rejimini sona qədər qoruyub saxlayan, bundan ötrü vətəndaş müharibəsinə belə gedən ABŞ-da uzun onilliklər ərzində afrikalı qulların özlərini də, yeddi nəsl sonra gələn züryətlərini də adam yerinə qoymayıblar, onlarla heyvanla davrandıqları kimi davranıblar, dərilərinə, zəkalarına (təhsilsizliklərinə) sataşa-sataşa üstlərinə təhqiramiz adlar qoyublar, nəticədə “niqqer” sözü söyüşdən betər hala gəlib. İndi də o sözün afroamerikalılarda qıcıq doğurduğunu görüb dala verirlər.

Biz də vaxtilə “yetim” sözünü daima şəfqət və mərhəmətlə işlətsəydik, indi onu leksikonumuzdan çıxarmaq zərurəti hiss etməzdik. Amma biz bu sözü kimisə alçaltmaq, təhqir etmək istəyəndə işlətmişik: “Yetimin biriydi, küçədə qalmışdı, gətirdim, adam elədim”; “Yetim qızsan, qıvrıl yat yerində”; “Yetimə deyərlər, kimi… deyər, çörək verəni”; “Qudurdun, ə, yetim?”; “Yetim oğlandır, onun nıyinə qız verək?”; “Yetim şeydir, gözü doymur” və sair və ilaxır. Bu və onlarla bu cür ifadələrin hamısında yetimlik ikinci sort adam olmaq mənası verir.

“Yetim” sözü yalnız Sumqayıt uşaqlarının dilində pozitiv mənada işlənir. Onlar atalı-analı tay-tuşlarına da zarafatla “yetim” deyir, kəlmənin ilkin mənasını yaxşı mənada təhrifə uğradırlar. Bu “islahat” (“yetim” sözündən imtina edilməsi) isə artıq selləmə zarafatlara yol açıb, adamlar “Yetim Segah” kimi tanınan muğamat çöbəsinə “Valideynləri itirmiş segah” deyirlər.

Vaxtilə nifrətamiz və ikrahla adlandırılmaq üzündəndir ki, bəzi kəlmələr ağızdan çıxan kimi təhqir mənası daşıyır. Məsələn, biədəb, söyüşlü danışıqları ilə dünyada məşhur olan ruslar hər biədəb sözü artıq yazıya gətirsələr də, “blyad”I (“fahişə”) açıq yazmaqdan imtina edirlər, hətta filmdə və ya bir verilişdə səslənəndə onun yerində “du-dud” siqnalı verirlər. Nəyə görə belədir? Çünki bu söz vaxtilə yalnız təhqir mənasında işlədilib. “Blyad”lıq eldən dışarılıq sayılıb. Halbuki o sözün qarşılığı olan başqa kəlmələr “şlyuxa”, “prostitutka”, “şalava” və s.) gen-bol işlədilir. Son vaxtlar elitar “eskort qadın” kəlməsi də yayğınlaşıb, amma adına nə deyirlər, desinlər, peşənin mahiyyəti dəyişmir. Sadəcə, insanlar müasir “blyad”ların fəaliyyətinə daha dözümlü yanaşırlar.

Avropada da cinsi azlıqların adlandırılmasıyla bağlı problem var. Onların daha elitar və daha zərif şəkildə adlandırılması istiqamətində çalışmalar gedir. Amma istər “qey”, istər “homoseksualist” və “lesbiyan” desinıər, xeyri yoxdur, postsovet məkanı hələ uzun illər onların öz ənənəvi adını deyəcək. Bircə şeyə şükür edək ki, biz o cür adamları öz dədə-babadan qalma ifadəmizlə adlandırmrıq. Bu işdə suverenik.

Hərçənd fellərimizin hamısı artıq öz səfeh danışığımız üzündən biədəb hala gəlib. Məsələn, 20-30 il öncəyə qədər “ifa etdi” sözünü dilə gətirən yox idi, hamı onun məşhur sinonimini işlədirdi, amma indi mən özüm belə o sözü yazıya gətirmək üçün ha hıqqandım, amma xəcalət hissi cürətimi üstələdi. Gül kimi söz idi. Bir neçə tərbiyəsiz adam sözün içinə necə zibil qoydularsa, təkrar edə-edə necə biədəbləşdirdilərsə, artıq o söz yalnız mənfi mənada işlədilir, uşaq-böyük, qadın-qız yanında dilə gətirilmir.

Bir də bu günlər dilimizdə öz ilkin mənasını itirən bir söz var, hər kəs deyir. “Çölə çıxmaq”. Çöl nədir? Çöl – bozqır- səhra – step - düzənlik və s. Bakıda çöl var? Hara baxırsan, göydələndir, şadlıq sarayıdır, mərasim evidir. Çöl Qazaxıstandadır, Qazax-Şəmkir arasındadır (Ceyrançöl), Hacıqabuldadır (ərəb varlılar quş ovlayan yerlər), İmişlidədir (orda böyük çöllər var) və s. Qədim vaxtlarda insanların evi çölün ortasında olub, evdən çıxan kimi çölə çıxmış olublar, amma indi, insanlar evdən birbaşa məhəlləyə, küçəyə, meydana çıxırlar. Ona görə də biz əslində “çölə çıxmaq” yox, “evdən bayıra çıxmaq”, “eşiyə çıxmaq”, “küçəyə çıxmaq” söz birləşmələrindən istifadə etməliyik.

Amma çox çətindirsə, eybi yox, necə gəldi, deyin. Onsuz da dil elə bir şeydir ki, öz-özünü tənzimləyir, duruldur, təmizləyir. İnsanın ağzındakı dil də o cürdür, o da yad cismi dərhal çölə tüpürür.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR