İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baş verən hadisələri Ermənistanın son akkordları kimi qiymətləndirmək olar”-deputat

312 04.02.2022 15:42 Siyasət A A

“Şuşa Bəyannaməsinin təsdiqlənməsi ilə Azərbaycan və Türkiyə növbəti bir inkişafa qədəm qoyur. Biz bir xalq olaraq xoşbəxtik ki, bu tarixi anın şahidiyik. Bu, hər iki ölkənin əlaqələrinin güclənməsinə, hər iki ölkənin strateji mütəffiqliyinin möhkəmlənməsinə öz ciddi töhfəsini verəcək”.

Deputat Ceyhun Məmmədov bu fikirləri Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunan Şuşa Bəyannaməsi barədə Musavat.com-a açıqlamasında söylədi.

Millət vəkilinin sözlərinə görə, bu Bəyannamədə çox mühüm məqamlar, məsələlər var: “İki dost və qardaş ölkənin əlaqələrini möhkəmləndirəcək çox mühüm məsələlər əksini tapıb. İki dost və qardaş ölkə arasında müttəfiqlik iki ölkə xalqları arasında birliyi, həmrəyliyi qarşılıqlı münasibətlərin, əlaqələrin daha da inkişaf etdirilməsini təmin edəcək”.

C.Məmmədov qeyd etdi ki, bəyannamə ümumilikdə hər iki xalqın birliyini, bərabərliyini təmin etmək baxımından da müstəsna əhəmiyyətə malikdir: “Burada xüsusilə də, Türkiyə Prezidenti ilə Azərbaycan Prezidentinin rolunu, addımlarını qeyd etməliyik. Onların atdıqları, həyata keçirdikləri addımlar nəticəsində iki ölkə və qardaş ölkələr arasında əlaqələr daha da inkişaf edir, sürətlənir. Hesab edirəm ki, iki xalq birlikdə inamla gələcəyə doğru sürətlə addımlayır. Azərbaycan-Türkiyə əməkdaşlığı əbədi və sarsılmazdır. Onu heç kim poza bilməz”.

Deputatın sözlərinə görə, artıq Ermənistan da anlayır ki, onun başqa yolu yoxdur: “Azərbaycan və Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, münasibətlərin normallaşdırılması iki ölkənin razılığı və məsləhətləşmələri ilə həyata keçirilir. Ermənistan düşünməsin ki, Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə bunu edə biləcək. Normallaşma münasibəti birgə getməlidir. Ermənistanın ən kiçik təxribatının belə qarşısı çox qətiyyətlə alınacaq. Artıq son vaxtlar Ermənistan tərəfi əməkdaşlıqla bağlı müsbət fikirlər söyləməyə başlayıb. Qarabağla bağlı digər məsələlərə gəlincə hesab edirəm ki, zamanla bütün məsələlər həllini tapacaq. Hazırda proseslər planlaşdırılan qaydada gedir”.

Şuşa Bəyannaməsinin ratifikasiyasından sonra Qarabağdakı qanunsuz silahlı qüvvələrin taleyinə gəlincə, C.Məmmədov əminliklə bildirdi ki, bu məsələ də zamanla həllini tapacaq: “O gün uzaqda deyil, heç kim narahat olmasın. Yeni baş verən hadisələri Ermənistanın son akkordları kimi qiymətləndirmək olar”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR