İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş redaktor həbsinin səbəblərini açıqladı

2038 20.02.2014 16:21 Son xəbər A A
Xəbər verdiyimiz kimi, fevralın 16-ı Bakıda “Vətən” kinoteatrında konsert keçirməyi planlaşdıran gənc repçi “Kabus”un konserti baş tutmayıb. Buna səbəb polislərin konsertin qeyri-qanuni olduğunu bildirmələri və icazə verməmələri idi. Buna etiraz olaraq fevralın 19-u Milli Fikir Mərkəzinin rəhbəri, etatist.com saytının baş redaktoru Şəhriyar Məcidzadə Bakıda Nəsimi heykəlinin önündə aksiya planlaşdırıb. Polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb.  Şəhriyar Məcidzadə 4 nəfər mülki geyimli şəxs tərəfindən həbs edilərək, Mütəşəkkil Cinayətkarlara Qarşı Baş Mübarizə İdarəsinə aparılıb. 5 saat sonra, təxminən saat 19:00-da Şəhriyar Məcidzadə sərbəst buraxılıb. O, həbs edilməsi, konsertə icazə verilməməsi barədə musavat.com-a danışıb.

Şəhriyar  Məcidzadə deyib: “Biz iki ay bundan əvvəldən konsertin fevralın 16-da keçiriləcəyi barədə anons vermiş və “Vətən” kinoteatrı ilə danışıb yeri kirayələmişdik. Fevral ayının 15-də axşam saatlarında MFM üzvləri aparatları, işıqları “Vətən” kinoteatrına aparanda polisin orda olduğunu və konsertə icazə vermədiyini mənə xəbər verdilər. Fevral ayının 16-da mən və MFM bir neçə üzvü vətən kinoteatrının qarşısına gəlib, konsertə gələn adamların pullarını qaytarmaq və hər hansı bir insidentin olmaması üçün orda idik. Saat bir radələrində vətən kinoteatrının ətrafında xeyli polis var idi, amma konsert 2-də başlayacağı üçün biz 2-ni gözləyib ora yaxınlaşdıq. Polislər toplaşan gəncləri ərazidən uzaqlaşdırmaq istəyəndə, biz onlara dedik ki, insanların aldıqları biletlərin pulunu ödəyirik. Bu zaman mülkü geyimli bir şəxs çıxıb polisləri geri çəkilməsi göstərişini verdi. Mən də orda bizə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə aksiya keçirəcəyimizi dedim” . 

MFM rəhbəri konsertə icazə verilməməsinin səbəblərini hələ də öyrənə bilmədiyini söyləyib: “Səbəbini konkret demək çox çətindir. Sadəcə ehtimal edirəm ki, bu konsertin mahiyyəti barədə doğru şəkildə məruzə edə bilməyiblər. Çünki mən gördüyüm hər məsul polisin ancaq özündən yuxarı zəng etdiyini müşahidə etmişəm. Bu da dəqiq səbəbin bilinməməsinin göstəricisidir. Kimsə ya qərəzli, ya da kifayət qədər məlumatlı olmadığından məruzəni doğru etməməsi böyük ehtimaldı. 

Bizə konsertə icazə verilməməsinə səbəb kimi onu gətirdilər ki, siz rayon polis idarəsinə və ya BŞİH-ə müraciət etməliydiniz. Mən isə belə bir prosedurdan xəbərsiz olduğumu bildirdim. Düşünürəm ki, elə bir əsas də yox idi.

Şəhriyar Məcidzadə polis idarəsində heç bir təzyiqə məruz qalmadığını bildirdi: “
 
Məni 7 nəfərin zorla maşına aparması xaricində heç bir təzyiq, təhqir və təhdid olmadı. Polisdə olanda  bir ara gərginlik yarandı. Hətta protokol hazırlanmağa başlandı ki, məni məhkəməyə göndərsinlər. Amma sonradan anladığım qədəri ilə aksiyanın ,konsertin mahiyyəti barədə doğru informasiya əldə edildikdən sonra, DİN rəhbərliyi araşdırmanın obyektiv aparılması göstərişini verdi. Əminəm ki, bundan sonra hər şey dəyişdi. 

Qeyd edək ki, Şəhriyar Məcidzadə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğludur. İsgəndər Həmidov mətbuata açıqlamasında bu həbsin ona görə olduğunu bildirib. 

Şəhriyar Məcidzadənin bununla bağlı da fikirlərini öyrəndik. O bildirdi ki, həbsinə səbəb kimi bu amili istisna etmir: “Yuxarıda dediyim ki, mən əminəm ki, konsertin, aksiyanın doğru, şəkildə yuxarıya məruzə edilmədiyinə görə, bu hadisə baş verib. Mən Həmidovlar nəslinin nümayəndəsiyəm, əmimi, atamı sevməyən insanlar əllərinə şans düşən kimi bunu “dəyərləndirə” bilərlər. Mən bunu istisna etmirəm”. 

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR