Qəzetimizə açıqlamasında Ç.Qənizadə bunları dedi: “Əvvəllər prokurorluq orqanlarında işləmiş biri bu gün həmin orqan haqqında belə danışmamalıdır. Mən də vaxtilə prokurorluqda yüksək vəzifə tutmuşam. Amma həmişə fikirlərimi ifadə edərkən etik normaları qorumağa çalışıram. Əvvəla, bu gün ölkədə qanunçuluğun qorunması, qanunların icrasına nəzarət, istintaq əməliyyatlarının aparılması, bu prosesə nəzarət və prokurorluğun funksiyalarına daxil olan bütün funksiyaların həyata keçirilməsində iştirak edən yüzlərlə prokurorluq işçisinin fəaliyyətini kölgə altına almaq ədalətsizlikdir”.
Ç.Qənizadə qeyd etdi ki, M.Baxışın onun əleyhinə fikirlər işlətməsinə səbəb bir neçə gün əvvəl onun və həmkarı Novella Cəfəroğlunun “Yeni Müsavat” qəzetində baş prokuror Z.Qaralovla bağlı müsbət fikirlərinin dərc edilməsidir. Onun sözlərinə görə, həm özünün, həm də N.Cəfəroğlunun fikirləri ümumilikdə Monitorinq Qrupu üzvlərinin fikirləridir. Oğlu prokurorluq orqanlarında işlədiyi üçün baş prokurora yaltaqlanması ilə bağlı səslənən fikrə gəlincə, Ç.Qənizadə bildirdi ki, başqa şəxsə olan münasibəti onun ailəsinə, övladlarına yönəlməsi heç bir etik normaya xas olan xüsusiyyət deyil: “Görünür, Müzəffər Baxışın əxlaqı və müəyyən kriteriyaları imkan verir ki, bu cür fikirlər səsləndirsin. Əvvəla, oğlumun prokurorluq orqanlarına və daxili işlər orqanlarına qəbulda topladığı balın sənədlərini mən sizə də təqdim edirəm (2006 və 2007-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş imtahanların nəticələrini, oğlunun hər iki imtahan üzrə yüksək bal göstəricisini təsdiq edən sənədləri göstərir - H.). Bu imtahanların hər ikisində oğlum minimum keçid balını artıqlaması ilə toplayıb, hətta birində ilk onluğa düşüb. Oğlum Türk-Anadolu liseyini bitirib və 5-ci sinifdən ingilis dilində təhsil alıb. O, 10 il əvvəldən kompyuter biliklərinə yiyələnib. Bugünkü iş fəaliyyətində isə həmişə müsbət qiymətləndirilib. Əgər onun bu uğuru kimlərinsə gözünü tökürsə, mən onlara göz həkiminə getməyi məsləhət görürəm”.
Ç.Qənizadə M.Baxışın prokurorluq fəaliyyəti haqda danışarkən bildirdi ki, o, əvvəllər Saatlı rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyib. Hüquq müdafiəçisinin sözlərinə görə, M.Baxış əsassız yoxlamalar keçirilməsi ilə qanunsuzluğa yol verdiyinə görə vəzifəsindən kənarlaşdırılıb: “Bu barədə onun işdən çıxarılması ilə bağlı əmrdə də göstərilib. Əgər belə deyilsə, qoy o, həmin əmrin tam surətini sizə təqdim etsin, necə ki, mən oğlumun orqanlara necə daxil olduğu barədə sənədləri təqdim etdim”.
Ç.Qənizadənin sözlərinə görə, bu gün demokratik proseslərdə iştirak edən, haqsızlığa qarşı çıxan şəxsin övladının hüquq-mühafizə orqanlarında olması müsbət haldır və bu, həmin orqanlarda kadrların yerləşdirilməsi istiqamətində aparılan islahatlara verilən müsbət qiyməti əks etdirir.
M.Baxış isə qəzetimizə açıqlamasında bildirdi ki, onun kimliyi, prokurorluq orqanlarından nəyə görə kənarlaşdırılması ilə bağlı ictimaiyyət yaxşı məlumatlıdır. Qalan məsələlər barədə isə danışmaq istəmədi: “Çingiz Qənizadə nə istəsə danışa bilər, mənim ona cavab vermək fikrim yoxdur”.






