İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin buğda müşavirəsi - ölkəni hansı çətinliklər gözləyir?

1234 14.09.2022 08:30 İqtisadiyyat A A

Prezidentin fərmanı icra olunarsa...

Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Məlumatda qeyd olunur ki, müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub. Toplantıda ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib. Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı müharibə nəticəsində dünya ərzaq qiymətlərində kəskin bahalaşma baş verib. Eyni zamanda Ukraynadan kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracının 5 ay ərzində dayandırılması, Rusiyaya qarşı sanksiyalar bu ölkədən də eyni məhsulları ixracına əngəl yaratması dünyada ərzaq qıtlığı təhlükəsini formalaşdırıb.

İyulun 22-də İstanbulda əldə olunan razılaşmaya əsasən avqust ayından etibarən Ukrayna limanlarından taxıl ixracı bərpa olunub. Lakin son vaxtlar Rusiyanın ardıcıl olaraq Ukrayna taxılının dünya bazarına daşındığı dəniz yoluna dair İstanbul razılaşmasının tam icra olunmadığını qabardır. Həm xarici işlər naziri Sergey Lavrov, həm də nazirliyin digər rəsmiləri dəfələrlə İstanbul razılaşmasının Rusiya taxılı və gübrələrinin ixracına yaranan maneələrin aradan qaldırılmasına dair bəndlərinin icra olunmadığını, buna görə də müddətinin uzadılmayacağı ehtimalının böyük olduğunu bildiriblər. Rusiya prezidenti Vladimir Putin Ukraynadan gəmilərlə daşınan ərzaq məhsullarının çox cüzi hissəsinin Afrikanın kasıb ölkələrinə aparıldığını bəyan edib.  Fransa prezidenti Emmanuel Makron isə Ukraynadan çıxarılan ərzaq məhsullarının böyük əksəriyyətinin kasıb və ehtiyaclı ölkələr üçün nəzərdə tutulduğunu  bildirib. Onun sözlərinə görə, mart ayından bəri Avropa Birliyinin təşkil etdiyi quru və çay yolu ilə Ukraynadan 10 milyon ton ərzaq məhsulu ixrac olunub ki, bunun da mühüm hissəsi ehtiyaclı ölkələrə çatdırılıb. Bu həcmin 2,6 milyon tonu avqust ayında daşınıb, bu isə Avropa Birliyinin təmin etdiyi yollarla dəniz yolundan daha çox məhsul ixracının təmin olunması deməkdir. Lakin Ukrayna limanlarından taxıl ixracının noyabrın 1-dən yenidən dayandırılması qlobal ərzaq bazarına mənfi təsir göstərə bilər. Belə ki, İstanbul razılaşmasının müddəti uzadılmadığı təqdirdə, bir sıra ərzaq ixracatçılarının ixraca yenidən məhdudiyyət tətbiq etməsi, bunun isə dünya bazarında yenidən qıtlıq və bahalaşmaya səbəb olacağı təhlükəsi böyükdür. 

Qlobal buğda böhranı və Azərbaycana təsirləri - AZƏRTAC

Məlumat üçün bildirək ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən, avqust ayında taxıl qiymətləri indeksi aylıq ifadədə 2 bənd və ya 1,4 faiz azalsa da, ötən ilki göstəricidən 11,4 faiz və ya 14,8 bənd yuxarıdır. Taxıl məhsulları arasında ən çox ucuzlaşma buğda qiymətlərində qeydə alınıb: 5,1 faiz. Buna səbəb Kanada, ABŞ və Rusiyada əldə edilən bol məhsul, həmçinin Ukrayna buğdasının dəniz yolu ilə daşınmasına başlanmasıdır. Ucuzlaşmaya baxmayaraq, ötən ay buğdanın qiyməti 2021-ci ildəkindən 10,6 faiz baha olub. İstanbul razılaşmasının müddəti artırılmazsa, yaxud Ukrayna müharibədə öz limanlarından ixracı təmin edəcək səviyyədə dönüşə nail olmazsa, qış aylarında qlobal ərzaq bazarında böyük problemlər yarana bilər.

Azərbaycan son prosesləri nəzərə almaqla əsas ərzaq məhsulu olan buğda ilə özünütəminat səviyyəsini təhlükəsiz həddə çatdırmağı hədəfləyir. İlin 6 aylıq yekunları ilə bağlı müşavirədə Prezident İlham Əliyev ərzaq təminatı bağlı danışarkən, “biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq” deyib. Dövlət başçısı bildirib ki, ehtiyatlar yığılmalıdı: “Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.

Mənbə: Bir neçə ölkə Hindistandan buğda istəyib

İyulun 19-da Prezident ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən,  ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra - tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Bundan əlavə, müasir suvarma sistemlərini əldə etmək istəyən fermerlərə dövlət subsidiya ayıracaq: onların aldıqları suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət qarşılayacaq, qalan 60 faiz üçünsə güzəştli kredit ayıracaq. Bu, həm su ehtiyatlarından səmərəli istfadəni stimullaşdıracaq, həm də buğda istehsalında məhsuldarlığı yüksəltməyə imkan verəcək.

Eyni zamanda buğda istehsalını artırmaq üçün işğaldan azad olunmuş ərazilərimizin torpaq və su potensialından da maksimum yararlanılması nəzərdə tutulur.

Baş nazirin keçirdiyi müşavirə Prezidentin iyulda imzaladığı fərmanın icrası prosesinin tərkib hissəsidir. İndiyədək qeydə alınan təcrübə göstərir ki, hər hansı məhsulun istehsalının artırılmasına dair fərmanlar, dövlət proqramlarının icrası bir müddət diqqətdə saxlanılır, kampaniya xarakterli tədbirlər təşkil olunur, nəticədə hər hansı nailiyyət əldə edilmir. 2015-ci ildən bəri tütün, barama, pambıq istehsalı ilə bağlı qarşıya qoyulan hədəflərin heç yarısına belə nail olunmaması ərzaqlıq buğda istehsalının artırılmasını nəzərdə tutan fərmanın da icrasına eyni münasibətin göstəriləcəyi təhlükəsi formalaşdırır.

Bu il Azərbaycanın buğda idxalında çətinliyinin olacağı gözlənilmir. Belə ki, buğdanı aldığımız hər iki ölkədə - həm Qazaxıstanda, həm də Rusiyada bol məhsul toplanır. ABŞ Kənd Təsərrüfatı Nazirliyi Rusiyada bu il gözlənilən buğda istehsalına dair proqnozunu yeniləyib. Nazirliyin açıqladığı yeni proqnoza əsasən, bu mövsüm şimal qonşumuzda rekord həcmdə - 91 milyon ton buğda yığılacaq. Bu, qurumun əvvəlki proqnozundan 3 milyon ton çoxdur.

ABŞ nazirliyinin açıqladığı hesabata əsasən, istehsaldakı artıma rəğmən Rusiyanın 2022-2023-cü il mövsümündə buğda ixracının həcmi dəyişməyərək 42 milyon ton təşkil edəcək.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə bu mövsüm 87 milyon tonu buğda olmaqla 130 milyon ton taxıl istehsalı proqnozlaşdırır. Nazirlik həmçinin mövsüm ərzində 38 milyon tonu buğda olmaqla, 50 milyon ton taxıl ixracı gözləyir.

Qazaxıstan isə buğda və un ixracına sentyabrın 30-dək təyin etdiyi qadağanı 20-dən götürməyə hazırlaşır: bu il ölkədə 13.5 milyon ton buğda istehsal olunması gözlənilir.

Buğda əkinlərinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR,  MİSALLAR | marja.az

Dünyanın iri ixracatçılarından olan Ukraynada taxıl istehsalı keçən ilkindən 25-30 faiz aşağı həcmdə gözlənilir. Ötən ildən qalan 20 milyon ton taxılla birlikdə avqustdan mövsüm sonunadək Ukraynanın 45-46 milyon tonluq ixrac potensialının olduğu bildirilir. Bu həcmlərin qlobal bazara çıxarılması reallaşarsa, ərzaq təchizatında ciddi volatillik olmayacaq. Lakin yuxarıda da qeyd etdik ki, Rusiya Ukrayna limanlarından taxıl ixracına imkan verən İstanbul razılaşmasının müddətini uzatmamaq üçün indidən zəmin hazırlayır. Bu isə qış aylarında ərzaq bazarında problemlər yarada bilər.

Aydın məsələdir ki, Azərbaycan üçün ən səmərəli yol yerli ərzaqlıq buğda istehsalını ən azı tələbatın 70 faizi səviyyəsinə yüksəltməkdir. Ümid edək ki, Prezidentin bu sahədə imzaladığı fərman icra olunacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR