İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir sahibkarları açıq söhbətə çağırdı: “Gəlin problemlərdən danışaq”

1252 15.09.2022 16:11 Ölkə A A

Prezidentin Fərmanı necə icra olunur: Ağsuda hökumət-özəl sektor dialoqu

Sentyabrın 12-də Baş nazir Əli Əsədov hökumət üzvləri ilə birlikdə Ağsu rayonuna gedib və Ağsu Aqropark QSC-də ölkənin aqrar sahədə fəaliyyət göstərən 24 şirkətinin rəhbərləri ilə görüşüb. Diqqətçəkən birinci cəhət odur ki, görüşə təkcə iri fermerlər yox, kiçik müəssisə, şirkətlərin də rəhbərləri dəvət olunub.
Tədbirdə iştirak edənlərdən biri Musavat.com-a maraqlı açıqlamalar verib. Onun bildirdiyinə görə Baş nazirlə görüşdə Prezident İlham Əliyevin ərzaqlıq buğda istehsalının genişləndirilməsi ilə bağlı fərmanını müzakirə ediblər. Ən maraqlı məqam odur ki, Baş nazir Prezidentin Fərmanı ilə bağlı şirkət rəhbərlərini rəsmiyyəti, tərifi bir kənara qoyub səmimi söhbətə, problemlərdən də danışmağa çağırıb.


“Doğrudur, əvvəl şirkət rəhbərləri açıq, səmimi, işgüzar dialoqa çağırışa fəal qoşulmadılar. Amma Əli Əsədov bildirdi ki, problemlər varsa, bunu gizlətmək çıxış yolu deyil, bura məhz problemləri öyrənib aradan qaldırmaq, buğda istehsalında inkişafa nail olmaq üçün toplaşmışıq. O dedi ki, problemləri obyektiv müzakirə etməsək, qarşımıza qoyulmuş başlıca vəzifəni yerinə yetirə bilməyəcəyik”.

Səmimi dialoq

Fermer deyir ki, bundan sonra Baş nazirin söhbəti sual-cavab rejiminə keçirməsi müzakirə mühiti yaradıb. Bəzi məqamlarda dialoq 3 və hətta 4 tərəfli forma alıb: Baş nazir, tribunada çıxış edən sahibkar və kənd təsərrüfatı naziri, yaxud da Melorasiya və Su təsərrüfatı ASC-nin rəhbəri arasındakı paralel dialoqa yerindən söz alıb, qoşulanlar da olub.

fab611213da841d94426d5f589dfbb93.jpeg (137 KB)
Əli Əsədov nisbətən kiçik təsərrüfat sahibi olan bir fermerə “yaxşı toxum bahadırmı, toxum üzərində inhisar varmı” suallarını ünvalayıb. Fermer “yaxşı toxumun baha olması təbiidir” deyib və toxum bazarında inhisarın olmadığını qeyd edib. Baş nazir “siz bahalı toxumu əkib yüksək keyfiyyətli məhsul ala bilirsinizmi” deyə soruşub və məlum olub ki, orta təsərrüfatın buna gücü çatmır. Toxumun qiyməti və kifayət qədər olub-olmaması məsələsi xeyli müzakirə olunduqdan sonra Ə.Əsədov deyib ki, bu məsələnin araşdırılması və vəziyyətin təhlili davam edəcək: “Necə edək ki, yüksək keyfiyyətli toxum həm çox, həm də qiymət baxımından əlçatan olsun”.
Növbəti “bəs gübrə necə, bahadır” sualının müzakirəsi nəticəsində məlum olub ki, bu istiqamətdə də araşdırılmalı məqamlar var. Baş nazirin “gübrə bazarında monopoliya varmı” sualına fermerlər “yoxdur” cavabını veriblər.

Baş nazirin istehsalıçılara müraciəti açıq və birmənalı olub: “Prezidentin Fərmanı ərzaqlıq buğda istehsalçılarına dəstək formalarını genişləndirir və hökumət onun icrasını həyata keçirir. İcra prosesində, mərkəzi və yerli səviyyələrdə hansı problemlər var? Sahibkarlar buğda istehsalını genişləndirmək və keyfiyyətini yüksəltmək üçün hökumətdən daha nə gözləyirlər? Nəhayət, sahibkarlar dövlətin onlara göstərdiyi dəstəyin müqabilində gözləntiləri doğruldacaqlarmı?”
Baş nazir buğda istehsalçılarından gözləntilərin sadə olduğunu vurğulayıb: “Məhsuldarlığın artması, ölkənin ehtiyacının yerli məhsul hesabına ödənilməsi, buğdanın keyfiyyətinin yüksəldilməsi, su ehtiyatlarına qənaət”.

01f87502952fd84f913a8eb6df4ebcb2.jpeg (128 KB)

Sahibkarlar bu müzakirədə yeni imkanlardan yararlanmağa çox maraq göstəriblər.

Hədəf: Suya qənaət etməklə məhsuldarlığı artırmaq


Problemlərin müzakirəsi zamanı sahibkarların qaldırdığı məsələlər sırasında 1-ci yerdə su təminatı dayanıb. Mənbəmizin dediyinə görə, Zaur Mikayılov (Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin sədri) yerindəcə suallara cavab verib, hansı işlərin görüləcəyi haqda danışıb
Məlumat verilib ki, ötən 1 ildə su ehtiyatlarının həcmi 1.1 milyard kubmetr artıb, suvarma da genişlənib. Ən ciddi problem odur ki, ənənəvi suvarma texnologiyası suyu israfçılıqla sərf edir. Məsələn, ənənəvi üsulla suvarılan bir hektar əraziyə 70-80 ton, müasir pivot suvarma ilə isə 10-15 ton su sərf olunur. Belə məlum olub ki, pivot tətbiq edən təsərrüfat hər hektarda suya 6-7 dəfə qənaət edir. Bu məqamda Baş nazir qeyd edib ki, Prezidentin Fərmanının hədəflərindən biri də elə müasir suvarma sistemi tətbiq etməkdir. Kim tətbiq edəcəksə dövlətin hərtərəfli dəstəyini də alacaq. Ona görə ki, pivot varsa, məhsuldarlıq yüksəkdir.
Dövlətin pivot sisteminin qurulmasına hər cür dəstək verdiyi və verəcəyi diqqətə çatdırılıb.

Sahibkarların qaldırdığı problemlərdən biri də ərzaqlıq buğdanın dövlət tədarükü zamanı tələb olunan standartların İSO standartlarına uyğunlaşdırılması olub. Baş nazir bu məsələnin də müzakirəsinin mümkün olduğunu deyib.

“Örüş, yoxsa əkin” dilemması


Müzakirələrdən həmçinin o nəticə də hasil olub ki, torpaqların təyinatının dəyişdirilməsi məsələsi çox ciddi dilemma yaradır: Örüş, otlaq ərazilərin buğda tarlalarına çevrilməsi heyvandarlığa problem yaradacaqmı? Necə etməli ki, taxılçılığın inkişafı heyvandarlığa mane olmasın? Bu məsələlərə də fərdi yanaşılmasının və təfərrüatı ilə araşdırılmasının zəruri olması ilə hamı razılaşıb.

Qeyd edək ki, son illərdə bir sıra fermerlər açıqlamalarında deyirdilər ki, əkin sahələrinin artırılması səbəbindən örüşlərlə bağlı problemlər var və bunun çıxış yolu olmalıdır.

Sonda Baş nazir bir görüşün kifayət etmədiyini deyib və bildirib ki, qeyd edilən məsələlərə dair hökumətlə özəl sektorun dialoqu davam edəcək.

T.ƏHMƏDLİ

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR