İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞ NAZİR OLMAQ ÜÇÜN SIFIR İDDİA

2151 27.07.2012 09:23 Yazarlar A A

Əvvəllər bu səlahiyyət parlament sədrinə məxsus idi. Sonradan, 2002-ci ildə konstitusiyaya dəyişiklik edərək dövlətin ikinci şəxsi statusunu Milli Məclis sədrindən alıb, baş nazirə verdilər. Bunun özəl səbəbləri vardı. Konyuktura belə idi ki, ekstremal situasiyalarda, fors-major hallarda klanın baş naziri idarə etməsi MM sədrini idarə etməsindən daha asan sayılmışdı.
Burada həmin vəzifələri tutan şəxslərin şəxsi keyfiyyətləri, iddialılıq dərəcələri çox az rol oynayırdı. Əsas məsələ MM sədri və baş nazir vəzifələrinə təyinatın hansısa mexanizmlərlə həyata keçirilməsi idi. Bilindiyi kimi, baş naziri prezident təyin edir, MM sədrini isə de-yure olaraq deputatlar. Fors-major hallarda sonuncular onu vəzifədən kənarlaşdırmaq təşəbbüsü də qaldıra bilərdilər. Amma prezidentin olmadığı təqdirdə baş nazirin vəzifədən kənarlaşdırılması rıçağı heç kəsdə olmur, öz əlində olur.
Ona görə də bu ölkədə baş nazirin kimliyi məsələsi öz əhəmiyyətinə görə prezidentin kim olması məsələsi qədər mühümdür.
Hazırda bu məsələ əsasən iki səbəbdən aktuallaşıb: 1. Baş nazir vəzifəsini tutan Artur Rasizadə irəliləmiş yaşına və səhhətinə görə onsuz da öz vəzifəsini icra etmir, neçə vaxtdır nominal olaraq baş nazirdir; 2. Ölkədə 1 il 3 aydan sonra yeni prezident seçilməlidir və hakim komanda yeni prezidentlə yanaşı yeni baş nazirini də müəyyən etməyə məhkumdur.
Aydın məsələdir ki, hakim komandada açıq şəkildə prezidentliyə iddialı şəxslər olmasa da, könlündən baş nazir olmaq arzusu keçən azı beş (bəlkə də on beş) iddialı nazir-oliqarx və başqa yüksək mənsəbli şəxslər var. Onların adlarını birbəbir sadalamaq da olar. Ancaq indiyədək bu məsələ dəfələrlə müzakirə olunub, adlar dönə-dönə hallandırılıb deyə bu xüsusda yeni fikir yoxdur.
Görünən odur ki, mövcud rejimə ikinci bir Artur Rəsizadə lazımdır. Dövlətin kiçik müəssisə kimi idarə olunduğu Azərbaycan tipli ölkələrdə belə bir personanın düzgün müəyyənləşdirilməsi çox strateji məsələdir. İndiki şəraitdə şəxsi keyfiyyətləri (iddiası, etibarı, sədaqəti, iştahı, tamahı, dostlar dairəsi, klanı və s.) yüzdəyüz bəlli olmayan şəxsin həmin vəzifəyə buraxılması mümkün deyil.
Hələlik ortada olan şəxslərin heç biri bu kriteriyaya uyğun gəlmir. Onlar ən azı baş nazir olmağa iddialıdırlarsa, demək, artıq iddialıdırlar. İştah diş altında olduğu kimi, ambisiya da əldə olunmuş ilk yüksək posta bağlıdır - iyerarxiya pilləsi yüksəldikcə ambisiyanın böyüməsi də qaçılmazdır. Hakim klana isə sıfır ambisiyalı bir şəxs lazımdır.
Ona görə də bu il, yaxud gələn il baş nazir təyin olunacaq şəxs indilikdə ağlının ucundan belə keçirmir ki, başına şahlıq quşu qona bilər. Belə bir təşəbbüs səsləndikdə, təklif irəli sürüldükdə, bu, o şəxs üçün böyük sürpriz olacaq, çaşıb qalacaq və təbii ki, razılıq verəcək. Daha sonra eyni çaşqın duruma ölkə ictimaiyyəti düşəcək. “O hara, baş nazirlik hara?”, “Onu haradan tapdılar?” və sair bu kimi suallar çıxacaq. Ancaq bu çaşqınlıq qısa müddət çəkəcək, tezliklə yeni baş nazirin nəsl-nəcabəti, tərcümeyi-halı, bütün keçmişi təfərrüatlı bir şəkildə hər kəsə bəlli olacaq.
Daha sonra yeni baş nazirlə “qoca qurdlar”ın - odioz nazir-oliqarxların gizli mübarizəsi başlayacaq. O, özünü sələfi Artur Rasizadə kimi aparsa, prezidentib Nazirlər Kabineti üzrə kargüzarı statusu ilə razılaşsa, qulağı dinc olacaq. Yox, adam əsl baş nazirlərdən olmaq istəsə, necə bir müqavımətlə, saymazlıqla qarşılaşacağını hamı görəcək.
Nə qədər ki, ölkədə mühüm dövlət postları dürüst seçkilərin nəticəsinə uyğun olaraq tutulmur və bütün səlahiyyətlər tək əldə cəmləşir, baş nazir vəzifəsi də formal səciyyə daşımaqda davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR