Ekspert: “Açıqlanan rəqəmlər mövcud duruma real qiymət vermək üçün əsas ola bilməz...”
Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorundakı vəziyyətlə bağlı rəqəmləri açıqlayıb. Məlum olub ki, bu sektorda pozitiv göstəricilər qeydə alınıb. Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 milyard manat, cəmi öhdəlikləri isə 24.6 milyard manat təşkil edir.
Hesabata görə, 2018-ci il martın 1-nə sektorun balans kapitalı 3.9 milyard, əhalinin əmanətləri isə 7.7 milyard manat olub. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 milyon manat), öhdəlikləri 1% (246 milyon manat), kapitalı isə 2.2% (83 milyon manat) artıb. Həmçinin 2018-ci ilin fevralında bankların nağd vəsaitlərinin həcmi artıb. Banklar 1 milyard 296 milyon manat nağd vəsaitə malikdir. Nağd vəsaitlərin artımı ilə yanaşı, Mərkəzi Bankda müxbir hesabların həcmi də yüksələrək 2 milyard 740 milyon manata çatıb. Eyni zamanda banklar da daxil, maliyyə qurumlarındakı depozitlər azalaraq 7 milyard 814 milyon manata düşüb.
Bank sektorunda ixtisarlar dövrü də artıq geridə qalıb, işçilərin azalması tendensiyası dayanıb. MBNP-nin açıqladığı rəqəmlərə görə, təkcə bir ay ərzində bank sektorunda 124 nəfər işə qəbul olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir. Bunlardan 2-si dövlətın, 28-i isə özəl banklardır. Bankların 15-i xarici kapitallıdır. Banklarla bağlı əsas neqativ informasıya isə kreditləşmənin 30%-ə yaxın azalmasıdır. Kredit portfelində təkcə bir ayda azalmalar 15 milyon manat təşkil edib və portfel 257 milyon manatdan 242 milyon manata düşüb. Son ildə isə banklar kreditləşməni 29,3% azaldıb.

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlanmasında bildirdi ki, bank sektorunun cüzi inkişafını göstərən rəqəmlərin nədən qaynaqlandığını araşdırmağa ehtiyac var: “Nəzarət Palatasının açıqladığı bu göstəricilər ölkənin bank sektorunda mövcud duruma real qiymət vermək üçün əsas ola bilməz. Bir ay ərzində bank sektorunda aktivlərin 1,2% artması bankların fəaliyyətinin yaxşılaşması anlamına gələ bilməz. Bu səbəbdən də həmən artımın nəyin hesabına baş verdiyini aydınlaşdırmaq lazımdır. Durumu obyektiv qiymətləndirmək üçün ilk növbədə bankların cəlb edib yeləşdirdikləri vəsaitlərin vəziyyətini təhlil etmək lazımdır. Bu sahədəki göstəricilər isə son bir neçə ildə pisləşməkdə davam edir. Bu gün bank sektorunda iqtisadiyyatı kreditləşdirməklə bağlı real addımlar atıldığı müşahidə olunmur, ümumi kredit qoyuluşları azalır, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi isə ümumi kredit qoyuluşunda durmadan artır. Dediklərimizi Mərkəzi Bankın saytında yerləşdirilmiş statistik rəqəmlər əsasında izah etsək, onda hər şey aydın olar”.
Ekspertin sözlərinə görə, ilin birinci rübünün başa çatmasına baxmayaraq AMB-nin saytında nədənsə hələlik yanvar ayının məlumatları öz əksini tapa bilib: “Bu səbəbdən də son üç ilin yanvar ayına olan məlumatları təhlil etməklə vəziyyəti qiymətləndirməyə çalışaq. Beləliklə, 2016-cı ilin yanvar ayında milli valyutada kredit qoyuluşu 10 milyard 188,2 milyon manat təşkil edib. Həmən tarixə vaxtı keçmiş kreditlərin məbləği 659,5 milyon manat və ya manatla kredit qoyuluşunun 6,5%-i səviyyəsində olmuşdu. 2017-ci ilin yanvar ayında bu rəqəmlər müvafiq olaraq 8 milyard 406,8 milyon manat, 738,9 milyon manat və 8,8% təşkil edib. Cari ilin yanvar ayında isə manatla kredit qoyuluşu 2016-cı ilin yanvar ayı ilə müqayisədə 32,3% azalaraq, cəmisi 6 milyard 899,9 milyon manat təşkil etsə də vaxtı keçmiş kreditlərin həcmi 22,3% artaraq 806,9 milyon manata çatmışdır ki, bu da cari ilin yanvar ayında manatla verilən kreditlərin 11,7%-i deməkdir. Müqayisə apardığımız dövrdə xarici valyuta ilə verilmiş kreditlər sahəsindəki vəziyyət daha acınacaqlıdır. Belə ki, 2016-cı ilin yanvar ayında xarici valyuta ilə verilmiş kreditlərin ümumi həcmi 11 milyard 011,3 milyon manat, vaxtı keçmiş kreditlərin məbləği 655,1 milyon manat və ya xarici valyutada verilmiş kreditlərin 5,9% -i səviyyəsində olmuşdu. 2017-ci ildə bu rəqəmlər müvafiq olaraq 8 milyard 298,3 milyon manat, 894,2 milyon manat və 10,8% təşkil edib”.
İqtisadçı onu da vurğuladı ki, kredit verilməsi ilə bağlı durum geriləsə də, problemli kreditlərin həcmi durmadan artır: “Cari ilin yanvar ayında isə xarici valyuta ilə kredit qoyuluşu 2016-cı ilin yanvar ayı ilə müqayisədə 56,8% azalaraq cəmisi 4 milyard 756,3 milyon manat təşkil etsə də vaxtı keçmiş kreditlərin həcmi 35,7% artaraq 889,0 milyon manata çatıb ki, bu da cari ilin yanvar ayında xarici valyutada verilən kreditlərin 18,7%-i deməkdir. Rəqəmlərdən göründüyü kimi, son üç ilin yanvar ayları ərzində milli və xarici valyutalarda verilmiş kreditlərin həcminin kəskin azalmasına baxmayaraq vaxtı keçmiş kreditlərin həcmi sürətlə artır. Bu isə bank sektorunda vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Bank sektorunda islahatlar sürətlənməli və bankların fəaliyyətində ciddi dönüş yaradılmalıdır. Yüksək faizlə verilən qısamüddətli istehlak kreditləri praktikası bank sektorunu acınacaqlı vəziyyətə saldı. Bu vəziyyətdən çıxmağın yeganə yolu real sektoru kreditləşdirməyə üz çevirməkdən keçə bilər”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






