İnsanlara hürriyət, millətlərə istiqlal!

“Balkanlarda Rusiya-Qərb savaşı həlledici mərhələyə qədəm qoyub” – ekspert

2088 08.06.2017 09:30 Siyasət A A

Şahin Cəfərli: “Monteneqro əldən çıxdı, indi məqsəd Makedoniya və Bosniya-Herseqovinanın NATO-ya qoşulmasına yol verməməkdir”


İyunun 5-də Monteneqro 29-cu üzv qismində rəsmən NATO-ya daxil olub. Bununla NATO 8 illik fasilədən sonra - 2009-cu ildən bəri ilk dəfə genişləndi. Qeyd edək ki, hərbi-siyasi blokun rəhbərliyi və aparıcı dövlətləri NATO-nun qapılarının açıq olduğunu bəyan edirlər. Növbəti mərhələdə Gürcüstan və Ukraynanın da quruma üzvlüyü gözlənilir. Ancaq Rusiyanın bu iki postsovet məkanına qarşı həyata keçirdiyi sürprizlər hələ ki prosesin uzanmasına səbəb olub. İlk baxışda Montoneqro kimi kiçik dövlətin alyans üçün hansı əhəmiyyət kəsb etdiyi barədə suallar ortaya çıxır. Ekspert məsələnin elə də sadə olmadığı qənaətindədir.


“Monteneqro kimi dünya siyasətində hər hansı rolu olmayan, cəmi 14 min kv.km-ə yaxın əraziyə və 622 min nəfər əhaliyə malik kiçik bir ölkənin NATO və onun lider dövləti ABŞ üçün əhəmiyyəti yəqin ki, çoxlarında maraq oyadır”. Politoloq Şahin Cəfərli bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi.

Ekspertin sözlərinə görə, məsələ burasındadır ki, Monteneqronun hərbi-siyasi bloka qoşulması ilə Rusiyanın Balkanlardan və isti dənizlərdən sıxışdırılmasının növbəti mərhələsi başlayıb: “SSRİ-nin və Yuqoslaviyanın dağılmasından sonra Rumıniya, Bolqarıstan, Xorvatiya, Albaniya və Sloveniya NATO-ya qəbul olundular. Növbə Monteneqro, Makedoniya və Bosniya-Herseqovinaya çatmışdı. Monteneqronun üzvlüyü gerçəkləşdi, Makedoniya və Bosniya-Herseqovina hazırda ittifaq üzvlüyünə əsas namizədlərdir. Bosniyanın alyansa qəbulu ilə Aralıq dənizi hövzəsinin tərkib hissəsi olan Adriatik dənizi tamamilə NATO ölkələrinin əhatəsində qalaraq bir NATO gölü halına gələcək və Rusiyanın üzünə bağlanacaq. Həmçinin Bosniya-Herseqovina və Makedoniyanın NATO-ya üzvlüyündən sonra Serbiya dörd bir yandan NATO ölkələrinin əhatəsində qalacaq. Dənizə çıxışının olmaması da nəzərə alınarsa, bu durumda Serbiyanın Rusiya ilə müttəfiqliyi davam etdirərək Qərbə arxa çevirməsinin hər hansı anlamı qalmayacaq, bu müttəfiqliyin strateji əhəmiyyəti xeyli azalacaq. Serbiya hökuməti hazırda NATO və Avropa Birliyi ilə fəal əməkdaşlıq edir və ölkədə rusiyameylli qüvvələrin mövqeyi hələlik güclü olduğu üçün ehtiyatlı avroatlantik inteqrasiya siyasəti aparır. Serbiyanın NATO-ya üzvlüyündən sonra Moskva Rusiya imperiyası dövründən önəm verdiyi bu bölgəni tamamilə itirmiş olacaq”.

Ş.Cəfərlinin fikrincə, təsadüfi deyil ki, Moskva bu prosesə ciddi müqavimət göstərir: “Rusiya xüsusi xidmət orqanları ötən ilin oktyabrında Monteneqroda yerli rusiyameylli ”Demokratik Cəbhə" Partiyası və millətçi serblərin əli ilə dövlət çevrilişinə cəhd etmişdi. Məqsəd qərbyönlü baş nazir Milo Cukanoviçə sui-qəsd edib, hökuməti devirərək ölkənin NATO-ya üzvlüyünü əngəlləmək idi. Lakin yerli hüquq-mühafizə orqanları Qərb xüsusi xidmətlərinin köməyi ilə çevrilişin qarşısını aldılar. Dövlət çevrilişi cəhdini idarə edən Rusiya kəşfiyyatının 2 zabiti - Eduard Şirokov və Vladimir Popov qaça bildilər. Monteneqroda məqsədinə çata bilməyən Rusiya bir müddətdir Makedoniyanı qarışdırmağa çalışır. Bu ölkədə ötən ilin dekabrında keçirilmiş parlament seçkilərindən sonra başlayan siyasi böhran yarım il davam etdi və bu yaxınlarda başa çatdı. Seçkilərdə ikinci olan Sosial Demokrat İttifaqı parlamentə düşən 2 kiçik alban partiyası ilə razılaşaraq qanunverici orqanda çoxluq yaratmışdı, lakin buna baxmayaraq, onların hökuməti formalaşdırmasına imkan verilmirdi".


Siyasi şərhçi onu da xatırlatdı ki, Rusiya mediası albanların dəstəyi ilə qurulacaq hökumətin ölkəni parçalayacağı yönündə aktiv təbliğat aparırdı: “Makedon millətçilərini qorxutmağa çalışırdılar ki, bölgədə ”Böyük Albaniya" qurulacaq və Makedoniya dövləti xəritədən silinəcək. Aprelin 27-də etnik alban Tələt Cəfəri parlamentin sədri seçildikdən sonra makedon millətçiləri parlamentə hücum etdilər və bir neçə deputatı, o cümlədən Sosial Demokrat İttifaqının lideri Zoran Zayevi döydülər. Lakin prosesin qarşısını almaq mümkün olmadı və mayın 31-də Zoran Zayevin başçılığı ilə qurulan hökumət parlament tərəfindən təsdiqləndi. Z.Zayevin ilk bəyanatı bu oldu ki, Makedoniya avroatlantik inteqrasiyanı davam etdirəcək. O, eyni zamanda ölkədə Rusiyanın təsirinin artması ilə bağlı Qərb dövlətlərinə xəbərdarlıq mesajı göndərdi. Yeni hökumət fəaliyyətə başladıqdan sonra Makedoniyada Rusiyanın apardığı gizli işin miqyası barədə məxfi məlumatlar mediaya ötürüldü. Məlum oldu ki, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) və Baş Kəşfiyyat İdarəsi (QRU) Makedoniyanın NATO-ya üzvlüyünü əngəlləmək üçün ölkədə qərargah qurublar. Bitola və Oxrid şəhərlərindəki Rusiya konsulluqları kəşfiyyatın bazası rolunu oynayır və kəşfiyyat fəaliyyəti Rusiyanın Skopyedəki səfirliyi tərəfindən koordinasiya olunur. Rusiya mediasının Makedoniyadakı fəaliyyəti də kəşfiyyat üçün “örtük” məqsədi daşıyır və kəşfiyyatçılar jurnalist adı altında fəaliyyət göstərirlər". Politoloq digər məqamlara da diqqət çəkdi: “O da bəlli olub ki, Rusiya kəşfiyyatı Makedoniya ordusunun və polisinin zabitlərini əməkdaşlığa cəlb edir, məqsəd lazımi anda onları hərəkətə keçirərək Rusiya maraqları naminə bu şəxslərdən yararlanmaqdır. Bundan başqa, Rusiya slavyan və pravoslav kartından da faydalanır, Makedoniyada müxtəlif mədəniyyət mərkəzləri, dostluq assosiasiyaları yaradır, kilsələri maliyyələşdirir. Rusiya səfiri Şerbak bir müddət əvvəl Makedoniya XİN-də keçirdiyi qapalı görüşlərin birində etiraf edib ki, onların məqsədi Balkanlarda Makedoniya, Monteneqro, Bosniya-Herseqovina və Serbiyadan ibarət neytral ölkələr zolağı yaratmaqdır. Monteneqro əldən çıxdı, indi məqsəd Makedoniya və Bosniya-Herseqovinanın NATO-ya qoşulmasına yol verməməkdir. Bir sözlə, Balkanlarda Rusiya-Qərb savaşı həlledici mərhələyə qədəm qoyub”.


Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR