İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıqların dekanı

5125 14.06.2016 07:45 Yazarlar A A
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev işdən çıxarılıbdır. Deyir xəstə idim, öz ərizəmə görə getdim. Ancaq müavini də eyni vaxtda yola salınıbdır, bu isə bizdə müəyyən şübhələr yaradır. 

Ola bilsin Şamil müəllimi dövlətçiliyimizə çoxdan yaxşı xidmət göstərmədiyi üçün kənarlaşdırıblar, çünki bu dekan jurfakın tələbələrini qabağına qatıb 2013-cü ilin prezident seçkisində Balıq Hafizin mitinqlərinə adam toplaması ilə xalq arasında tanınmışdır. Günah bir az da Balıq Hafizdədir. Çoxdandır mitinq qayırmır. Nəticədə Şamil müəllim də ictimai vəzifəsini yerinə yetirə bilməyib işsiz qalır. Bunlar hamısı səbəb-nəticə əlaqələridir. O qədim zamanlarda idi ki, balığı dəryaya atanda heç kimə məlumat verməyə ehtiyac duyulmurdu. İndiki zəmanədə Balığın mitinqinə vaxtaşırı gedib hökumətin planlarını doldurmasan adama əppək vermirlər. Quyruq daima suda olmalıdır. 

Sözgəlişi, Azərbaycan mətbuatının əsas zərbəçi qüvvəsi məhz həmin “BDU” jurfakındakı inkubatorlarda yetişdirildiyi üçün telekanalizasiya və qəzetciklərimizi bürüyən cikkilti, qaqqıltı, banlama səslərinin mənbəyi məlum olur. Güclü dərs keçirlər. Kadrlar hazır şəkildə gəlir, daha onlara hırrapatriotizm, mırtikulturizm, regionun lider dövləti kimi dərslər keçməyə ehtiyac qalmır. Söz vaxtına çəkər, elə keçən il bu vaxt, 1-ci və axırıncı Avropa Oyunlarının açılış mərasimi zamanı həmin jurfakın şanlı xadimlərindən biri, qocaman jurnalist və jurnalist yonma müəllimi Nəsir Əhmədli sosial şəbəkədə yazmışdı: “Bu açılış mərasiminə baxıb gözü yaşarmayanların qanını yoxlamaq lazımdır”. Təxminən, Nemət müəllimin dediyi “oturmayan ermənidir” söhbəti kimi bir elmi izahat idi. (Ancaq çox qəribədir ki, Nemət müəllim Tibb Universiteti qan xəstəlikləri fakültəsində dərs demir). Nəticədə polislər və həkimlər hərəkətə keçdi, evləri gəzib qan analizi apardılar, gözü yaşarmayan xeyli erməni, alman, fransız, marsiançik aşkar edilərək haqlarında dövlətçilik tədbirləri görüldü.  

Bu sahədə bizimkilər əsasən rus jurnalistikasından öyrənirlər. Orada belə “qanı təmiz ağlaşmaçı” zurnalistlərin ordusu fəaliyyətdədir. Təzəlikcə Rusiya mərkəzi televiziyasında bu yöndə çox maraqlı bir süjet verildi, məncə bizim yaltaq jurnalistlərə dərs vəsaiti kimi - həyasızlığı necə etmək lazımdır - göstərilməlidir. Rusiya idmançılarının az qala hamısında dopinq tapılır, onlar yarışlardan kənar edilir. Bu haqda bir alman telejurnalisti iki seriyalı film çəkib. İndi ruslar bir qadın jurnalisti göndərmişdilər Almaniyanın Köln şəhərinə, həmin jurnalisti şantaj eləməyə. Çox biabırçı süjet idi, amma ruslar utanmadan bunu efirə verdilər. Təsəvvür edin, alman telejurnalistin qaldığı hotel nömrəsində tualeti çəkirdilər, bilinmirdi məqsəd nədir. Sonra isə rus “jurnalist” dedi ki, sənin verilişinə görə biz olimpiadadan qıraqda qalmışıq. Alman haqlı olaraq təəccübləndi: “Siz idmançısınız? Ya orda sizin hansısa qohumunuz var?”. Alman beynəlxalq jurnalistika standartlarını bu qadına izah edə bilmirdi, qadın deyirdi ki, mən Putini, öz dövlətimi sevirəm və sairə. Axırda yazıq alman bunu otaqdan qovdu. Bu dəfə qadın otağı tərk eləmək istəmirdi! Alman polis çağırdı və sairə. Müstəsna həyasız idi, mən beləsini bizim telekanalizasiyalarda görməmişəm. (Bəlkə də var, açığı 10 ilə yaxındır milli “efirlərimizə” - manıslar demişkən - baxmıram). 

Bizim ağır atletika üzrə komandada, daha doğrusu, ora pulla alıb gətirilən bolqarlarda da dopinq tapılıb, biabırçılıq vardır. Ümid edirəm patriot zurnalist qruplarımız həmin dopinq tapan, “ştanqistlərimizi” yarışlardan uzun müddətə qırağa atan beynəlxalq təşkilata qarşı nəsə süjet qayıracaqdır. İşləyin, uşaqlar, neft süfrəsinin qırıntıları hələ gəlməkdədir. Dekan yerləri də boşalır.    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR