İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıq mövsümi başladı: Qıtlıq bahalaşmaya səbəb olur REPORTAJ, FOTOLAR

6465 29.09.2017 17:42 Reportaj A A

Payızın gəlişi balıq mövsüminə start verdi. Bu aydan başlayaraq bazarlarda balıq satışı daha çox üstünlük təşkil edəcək.

Musavat.com-un müxbiri “8-ci kilometr bazar”ındakı balıq bazarına baş çəkib, qiymətlərlə maraqlanıb.

“8-ci kilomter” bazarının kənd təsərrüfatı məhsulları satılan şöbənin böyük bir hissəsi balıq yarmarkasıdır. Təqribən 10-a yaxın piştaxtada balıq məhsulları satılır. Bu bazarda alıcılara əsasən dəniz, çay və göllərdə saxlanma balıqlar təklif edilir.

15 ildir balıq satışı ilə məşğul olan Səmayə İslamova bizimlə söhbətində ötən illə müqayisədə qıtlıq olduğunu dilə gətirdi: “ Sentyabr ayı küləkli olduğundan bazara az balıq gətirilir. Belə havada dənizə qayıqla girmək təhlükəlidir. Bir həftədir ki, balıqçılar əliboş qayıdırlar. Təbii ki, belə olan zaman balığın qiymətinə də təsir edir. Qıtlıq olan günlərdə balığın kiloqramında 1 manata qədər bahalaşma olur”.

Bazarda müşahidə etdik ki, vannalarda saxlanılan vətəgə balıqlarına daha çox tələbat var. Bundan əlavə, bazarda qıtlıq olan zaman satıcılar əhalini “damba” balıqları ilə təmin edirlər. Bu balıqlar bir növ bazardakı qıtlığı kompensasiya edir. Dad baxımından çay və dəniz balığına uduzsa da, istənilən halda təzə balıqlardır.

Onu da qeyd edək ki, alıcıların əksəriyyəti diri balıqları almağa üstünlük verirlər, bu halda onun təzə və ya köhnə olması risk yaratmır. B unu nəzərə alan satıcılar isə balıqları piştaxtaların altında iri vannada saxlayır, o şəkildə təqdim edirlər. Daha sonra isə alıcıların gözü önündə balığı vannadan çıxarıb satırlar. Vətəgə balığı dəniz və çay balıqlarından hər kiloqramında 2-3 manat ucuz qiymətə təklif edilir.

Vətəgə balıqlarının satışı ilə məşğul olan satıcı vəziyyəti belə izah etdi: “ Sentyabr ayının soyuq keçməsi balıqları qaçırdı. Keçən il balıq bol idi. Alverimiz də yaxşı gedirdi. Əsasən çay balıqları satırdım, konkret müştərilərim var idi. Məcbur olub vətəgə balıqlarının satışına başlamışam. Bir neçə balıqçı ilə işləyirəm. Keçən il kiloqramını 6-7 manata aldığım sazan balığını indi 7-8 manata təklif edirlər. Tutaq ki, bu qiymətə aldım, onu mən 10 manata necə sata bilərəm? Müştəri həmin an qiyməti şişirtdiyimi düşünür. Lakin vəziyyəti anlamaq istəmirlər. Ən rahatı vətəgə balıqları satmaqdır. Düzdür az qazanıram, ancaq çox satıram. Bazarda satışda olan məhsulların 80 faiz vətəgə balıqlarıdır. Küçə alverçiləri saxlanma balıqları bizdən topdan alıb, çay, dəniz balığı adı ilə camaata satırlar”.

Balıqların qiymətləri isə belədir:

Kefalın 1 kiloqramı -7 manat

Belamur -6 manat - 6 manat 50 qəpik

Xanı balığı- 4 manat,

Sazan 5-6 manat

Durna balığı -7 manat

Sudak balığı - 6 manat

Astarxan belamuru (duzlu balıq) - 8 manat

Bazarda ən çox satılan balıq Naxçıvan sazanıdır. Lakin balıq bazarında Naxçıvan sazanı bu il ümumiyyətlə yığışdırılıb. Satıcılar bu balıqların hansı səbəbdən satışda olmadığını belə izah etdilər: “Bəziləri deyir ki, hava şəraiti ilə əlaqəlidir. Ancaq Naxçıvan sazanı soyuq aylarda belə bol olurdu. Kiloqramı 7 manatdan başlayırdı. Olduqca dalı idi və tələbatın çox olduğu balıq növü idi. Yaxşı da pul qazanırdıq. Digər səbəbi isə xarici ölkələrə idxal olunması ilə əlaqəlidir”.

Məğrur Mərd
Fotolar müəllifndir

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR