İnsanlara hürriyət, millətlərə istiqlal!

Balaxanı - təkcə neftlə deyil, qədim tarixi ilə tanınan kənd... - reportaj

7966 14.09.2019 09:50 Reportaj A A

Qəsəbənin ötən əsrin əvvəllərindəki şöhrətinin qaytarılması istiqamətində işlər gedir, tarixi abidələri restavrasiya olunur...

Azərbaycanı dünyaya tanıdan ünvanlarından birindəyik. Bakının Balaxanı qəsəbəsi tariximizin bir parçası, parlaq səhifələrinin yazıldığı məkanlardandır.

Balaxanı adı dünyada ən keyfiyyətli neftin ünvanı kimi göstərilir.  Ötən əsrin əvvəllərinə təsadüf edən neft bumuna qədər qəsəbə strateji mövqeyinə, Böyük İpək Yolu üzərində yerləşməsinə görə diqqət mərkəzində olub. Qəsəbə Çindən Şimali Afrika, İspaniyaya qədər uzanan karvanların Bakı yaxınlığındakı əsas dayanacaq, istinad nöqtəsi statusunu əsrlərlə saxlayıb. Şirvanşahlar, Səfəvilər dövrlərinə aid tarixi abidələrin məskənlərindəndir.

Həmin dövrə aid, tariximizə şahidlik edən abidələr - karvansaray, türbə, məscid, Qum hamamı, taxıl anbarlarının bir qismi günümüzə qədər gəlib çatıb. Dağılıb yerlə bir olmuşları haqda da maraqlı məlumatlar var.

Bu gün Balaxanı qəsəbəsinin əsas tarixi hissəsi tikinti meydançasını xatırladır. Dirçəliş və Səfəvilər küçələrində başdan-başa restavrasiya işləri aparılır, küçələrin qədim görünüşləri bərpa olunur. Qəsəbə sakinləri illərdir arzuladıqları günləri nəhayət ki, yaşayırlar. Qəsəbənin ötən əsrin əvvəllərindəki şöhrətinin qaytarılması istiqamətində işlər gedir. Tarixi abidələr restavrasiya olunur, qədimliyi saxlanılmaqla yenilənir. Qəsəbənin etnoturizm marşrutu qollarından birinə çevrilməsi istiqamətində tədbirlər görülməkdədir.

“Balaxanı sözü yuxarıda tikilmiş, hər yerdən görünən ev, yaşayış məskəni mənasındadır. Yerli əhali irandilli olduğundan qəsəbənin adı da əhalinin danışıq dilindədir - "Bala" hər tərəfdən görünən, “xonə” də ev deməkdir. Qəsəbəyə kənardan baxdıqda hündürlükdə yerləşdiyini sezmək olur. Balaxanı Bakıya yaxın, Abşeron yarımadasının tən ortasında yerləşir. Abşerondakı siqnal qalaları zəncirində Bakı şəhərinə yaxın ən son nöqtədir. Vaxtilə kəndin cənub hissəsində Ramana qalasına oxşar, Balaxanı qalası olub. Həmin qala üzərində od qalayıb Bakıya düşmən hücumu haqda xəbərdarlıq edib, tədbir görürmüşlər. Təəssüf ki, Balaxanı qalası günümüzə qədər gəlib çatmayıb" - qəsəbə sakini, bu yerlərin tarixi ilə bağlı arxivlərdə araşdırmalar aparmış Bəxtiyar İsrafilov belə deyir.

Onun sözlərinə görə, Balaxanı əhalinin yuxarı məhəllə adlandırdıqları ərazidən salınmağa başlayıb: “Müxtəlif mənbələrdə Balaxanıda məskunlaşma III əsrlə əlaqələndirilir. Amma bununla da tam razılaşmaq olmaz. Eramızın əvvəllərində, eramızdan əvvəl də Balaxanıda yaşayış olub. Həmin vaxtlar məskunlaşma üçün Balaxanıda uyğun şərait, şərtlər olub. Yanacaq kimi neft, su ehtiyacları üçün şirin su çayları olub. Şirin su, balaxanılıların ”mərəzəo" adlandırdıqları suvarmaya yararlı su mənbələri, yerdən özbaşına çıxan neft çayları əhalinin bu yerlərdə məskunlaşması üçün ideal şərait yaradıb. Şirin su ilə qida ehtiyaclarını, yanacaq olaraq nefti evlərdəki xüsusi çalalarda yandırmaqla evləri qızdırıblar. Balaxanı qəsəbəsinin əkin sahələri Böyükşor gölünün bu üzündə, Bakı Olimpiya Stadionu ilə üz-üzə olan hissəsindən başlayaraq üzü Binəqədi istiqamətinə uzanıb. Böyükşor gölü bir hissəsi Balaxanı ilə Bakı şəhərinin sərhədinə təsadüf edir.

Bərəkətli torpaqlarda əkib-biçinlə yanaşı ərazidə heyvandarlıq üçün də çox yaxşı şərait və otlaq sahələri olub. Şirin su çayları quruyub aradan getsə də, şirin su quyuları bu gün qalmaqdadır. Ovdan adlandırılan qədim tikili də şirin su quyusu üzərində olmaqda yerli sakinlərin şirin suya olan tələbatını ödəmək üçün inşa edilib. Ovdan sözü də yerli əhalinin danışıq dilindədir. “O” su, “dan” su üzərində olan tikili mənasındadır. Böyükşor gölü yerli sakinlər üçün həm də duz mənbəyi olub. Yaşayış üçün şirin su, əkin-biçin, maldarlıq üçün geniş və yararlı torpaqlar, yanacaq kimi neft, qida üçün duzun olması Balaxanının bina olmasına yol açıb".

Bəxtiyar İsrafilov deyir ki, kənd yerli sakinlərin “yuxarı məhəllə” adlandırdıqları ərazidən salınmaqla inkişaf edib: “Tədricən məhəllələrinin sayı artıb, genişlənib. Aşağı məhəllə yaranıb, ”Rzaqulu kəndi", “Canhüseyn məhəlləsi” adlanan məhəllələr salınıb. Kənd bu günə qədər həmin dövrün ənənəvi plan-forma quruluşunu saxlayıb. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi qalır. Bu gün Balaxanıda qırmızı suvaqlı evlər diqqət çəkir. Bu evlər ötən əsrin əvvəllərində yaşanan neft bumunun yadigarlarıdır".

Balaxanılılar bu tip tikililəri “Nikolayski” evlər adlandırırlar. Bu da təsadüfi deyil. Əsasən, ikimərtəbəli, divarlarının eni 1 metrə çatan, tavanlarının hündürlüyü 4 metr 80 sm olan həmin evlər arxitektura nümunələri olmaqla sonuncu rus çarı II Nikolayın hakimiyyəti illərində inşa olunub. O dövrün Rusiyasında eyni üslublu evlər inşa etdirilib, oxşarlıqlara görə Balaxanıdakı evləri də belə adlandırıblar.

Bəxtiyar İsrafilovun sözlərinə görə, Balaxanıdakı qırmızı suvaqlı evlər 1890-cı ildən başlamaqla 1916-ci ilə qədər inşa olunub. Rusiyadakı 1917-ci il inqilabı Azərbaycana, Balaxanıya da təsirsiz ötüşməyib. Həmin ilə qədər isə qəsəbə sürətlə inkişaf edib, yerli əhali varlanıb, böyük varidat sahibi olublar. Buna qədər isə Balaxanı əhli əkin-biçin, maldarlıqla dolanıb, qismən də neft satışı ilə qazanc əldə edib. Müxtəlif mənbələrdə Balaxanıdan Böyük İpək Yolu vasitəsi ilə Ərəbistana qədər neft ticarəti haqda qeydlər var. Həmsöhbətimiz deyir ki, ümumiyyətlə isə Balaxanı dünyada neftin ilk dəfə təbii yolla üzə çıxdığı məkandır: “Ərəb mənbələrində Balaxanıda olan, yerli sakinlərin Qırməki adlandırdıqları, mənbələrdə isə Gərməguh dağında neft çayları, neft çeşmələrindən bəhs olunur. ”Gərm" isti, “guh” dağ deməkdir. Dağın adı yenə də yerli əhalinin danışdığı  dildədir, İrandilli toponim, yer adıdır. Bu gün də Gərməguhda yeri qazanda neft çıxır.  Qonşu Məhəmmədi kəndindəki Yanardağla Gərməguh arasında məsafə bir neçə kilometrdir. Balaxanıda neft bumuna qədər əhalinin evlərinin döşəməsi də, tavanı da neftdən əmələ gələn qırla örtülüb. Tavanları çox da hündür olmayan evlərin ortasında vedrə dərinliyində neft yandırmaq üçün xüsusi çalalar qazılıb. Çalalara qış aylarında neft töküb yandırıb, üzərinə dəmir lövhələr qoyulub, tavanlarda ventilyasiya üçün xüsusi yerlər düzəldilib. Uzun qış gecələrində evlərin içindəki yanan çalaların ətrafına toplaşıb qızınıblar. Həmin otaqlar həm də yataq otağı kimi istifadə edilib. Ayaqları üzü yanan çalalar istiqamətinə uzanıb, istirahət ediblər".

Bəxtiyar İsrafilovla birgə qəsəbənin yuxarı məhəlləsinin kənarında yerləşən, XIV əsrə aid olan, baxımsızlıqdan yararsız hala düşmüş Qum hamamına da baş çəkdik. Torpaq altında itib batan bu tarixi abidənin restavrasiyası üçün hazırda kompleks işlər görülməkdədir.

Balaxanıda vaxtilə 18 hamam olub, hər məhəllədə inşa edilən hamamlar sakinlərin ixtiyarında olub. Hamamlardan  “Xan qızı” və ya “El hamamı” əsasən şirin su bulağı ilə əhatələnib.  “Hacı Nəcəfqulu”, “Hacı Həsən”, “Bala Rza”, “Şirəli”, “Nurbala”, “Muğdar” və s hamamlar isə duzlu su ilə təchiz olunub. Bu hamamların əksəriyyəti zamanın amansız küləklərinin qurbanı olsa da, bəziləri günümüzədək salamat qalıb. Torpağın altında tikilən, Balaxanıda nadir hamamlardan sayılan “Qum hamamı” 2 əsas və 16 kiçik otaqdan ibarətdir.

Qum hamamı XIV əsrdə, Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə inşa olunan 40 pilləkənli Ovdanın qonşuluğundandır.

Bəxtiyar İsrafilov deyir ki, bir çoxları Ovdanla Qum hamamının yaxın məsafədə yerləşməsinə görə tikililəri birləşdirən yeraltı yolların olması ehtimalını da irəli sürürlər: “Əslində isə Qum hamamı ilə Ovdan arasında yeraltı yol, əlaqə yoxdur. Qum hamamı yerləşməsinə görə daha hündürdədir, Ovdan isə nisbətən çökəkdə yerləşir. Ovdan sırf sakinlərin şirin suya olan ehtiyacını qarşılamaq üçün inşa olunub. Gözəl tarixi memarlıq abidəsidir. Çox təəssüf ki, uzun illər Ovdan baxımsız qalıb, içinə toz-torpaq dolub. Bu gün Vüqar Şeydabəyov kimi kənd sakinləri bu tarixi abidəni qumdan təmizləyib içindəki su mənbəyini aşkarlamaq üzrədirlər. Ovdanın 2 metrə yaxın hündürlüyü olan giriş tağı var, üzü aşağı, yerin dərinliyinə doğru 15 metrə qədər uzanır və su mənbəyinə çatır. Səhv olaraq Ovdandan yaxınlıqdakı ”Qum hamamı"na, bəziləri isə bir qədər də irəli gedərək İçərişəhərə, Qız qalasına yeraltı yolların olmasını iddia edirlər. Balaxanıdakı və İçərişəhərdəki tikililərin oxşar arxitektura həllərinin olması belə qənaətlərə yol açır. Əslində isə Balaxanıda yeraltı yolların olması haqda məlumatlar mifdən başqa bir şey deyil".

Elşən MƏMMƏDƏLİYEV,
Fotolar Elçin ƏKBƏROV
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR