İnsanlara hürriyət, millətlərə istiqlal!

BALACA LƏMANIN ARZULARI

1456 15.12.2010 09:19 Yazarlar A A
Famil bəyin yazısını oxuyanda əvvəl elə bildim uşaq “gülüstan” sözünün mənasını başa düşmür, ona elə gəlir bu, “Gülüstan” sarayıdır. “Gülüstan” sarayı hara, gülüstan hara? “Gülüstan” sarayında YAP-ın ən mötəbər tədbirləri keçirilir. Özü də bu saray məşhur “Gülüstan müqaviləsi”nin şəninə adlandırılıb. Hamı bilir ki, “Gülüstan müqaviləsi” köləliyimizin tarixidi. Köləliyimizin şəninə saray ucaltmışıq. Sovet dövründə pambıq qurultaylarını da orada keçirirdik. Saray hələ də öz fəaliyyətini davam etdirir. Rəsmilərimiz tez-tez ora yığışıb köləliyimizə müxtəlif şənliklər keçirir, səhnəciklər qoyur. Bu yaxınlarda “Tülkü Həccə gedir” adlı xırda uşaq dramını tamam yeni, feodal-pul-modern cərəyanında səhnədə canlandırdılar. O qədər şən, maraqlı idi, uşaqlar bir yana, böyüklər də uğunub getdilər.
Demək, Tülkü Xoruza deyir, bir az yaxın gəl, səni yaxşı eşitmirəm. Xoruz deyir, indi səsimi yuxarı qaldıraram. Tülkü deyir, amandı, elə şey eləmə, onda bütün beynəlxalq aləm eybimizi biləcək. Xoruz deyir, narahat olma, onsuz da “WikiLeaks” hamısını yayıb. Nə isə, Xoruz pultla öz səsini yuxarı qaldırıb ucadan banlayır. Tülkü qulaqlarını tutur. Banlayıb qurtarandan sonra Tülkü deyir, bunu elə gəlib özümə deyərdin də. Xoruz deyir, yoox, onda sən məni hopp eləyib yeyərdin. Tülkü deyir, sən nə danışırsan, mən artıq həciyəm, qəti quş əti yemirəm, vegeterianam, ota keçmişəm. Xoruz deyir, yeməsən də qanadımın altına nəşə qoydurub məni tutdurardın. Tülkü deyir, sən nə danışırsan, həcilər şər-böhtanı ziyarətdə qoyub gəlir. Orda şeytana daş atmaqdan qollarım ağrıyır.
Xoruz deyir, əzizim, sən o daşları boşluğa yox, öz qəlbindəki şeytana atmalıydın. And içməliydin ki, ta qəlbimdən şeytanın daşını atdım. Ancaq sən bütün ziyarət boyu fikirləşirdin, indən belə işlərimi gizli tutmalıyam, çünki elə işlərim var həciyə yaraşmaz.
Tülkü tülkü-tülkü gülüb deyir, sən nə danışırsan, mənim gizlin heç nəyim yoxdu, hər işim şəffafdı. Xoruz deyir, onda mənim qışqırmağımdan niyə qorxursan. Tülkü yavaş-yavaş ona yaxınlaşaraq deyir, eşitmirəm, bir az yaxın gəl. Xoruz cəld atılıb səhnədəki bir ağacın başına qonur və pultu qanadının arasından çıxarır...
Sən demə, elə deyilmiş, Ləman bala hər şeyi düzgün başa düşürmüş. O, istəyir bizim də yurdumuz Gürcüstan kimi azad, firavan olsun. Bizdə də binalar ucaldılanda əvvəlcə böyük həyətlər nəzərdə tutulsun. Binaların ətrafında uşaq bağçası, məktəb, idman meydançası, klinika tikilsin, gözəl yollar çəkilsin. Çəkilən yolların kilometri 35 milyon manata yox, ən bahalısı 900 min dollara başa gəlsin. Orta məktəb tədris kitabları mənalı və dünyəvi olsun. Ali məktəblərdə keçilənlər həqiqi elmə aid olsun. Ali məktəb tədris kitabları təkmilləşdirilsin, düzgün proqramlar işlənsin. Küçələrdə zibilliklər olmasın. Təkcə şəhərin mərkəzi yox, ətrafı da abadlaşdırılsın. Abadlaşdırma işləri korrupsiya naminə yox, qəlbdən-könüldən gələn olsun. Dəmiryol vağzalımız xaraba olmasın, sərnişin vaqonlarımız təmiz, gözəl olsun. Vaqonların tualeti qırıq olmasın. Sərnişinlərə verilən yataq dəstləri kirli olmasın, arasında əl-üz dəsmalı olsun. Sovetdənqalma qarnıyoğun yol polislərinin kökü kəsilsin. Məhkəmələr sifarişlə işləməsin, polis şöbələrində zorakılıqlara son qoyulsun. Pulsuz elan olunan xəstəxanalarda həkimlər normal maaş alsın ki, xəstələri soymasın. Pulsuz təhsildə müəllim rüşvət almasın. Pullu təhsilin qiyməti aşağı olsun. Yanacaq ucuzlaşsın və kənd təsərrüfatı dirçəlsin. Ətin kilosu 6-8 manat yox, 2 manat olsun. İnsanlara uzunmüddətli, az faizli kreditlər verilsin ki, təsərrüfat qura bilsinlər. Təsərrüfatla məşğul olmaq istəyənlərə kreditlə xaricdən gətirilən hər cür texnika verilsin. Kreditlər sələmdən betər olmasın. Nazirlərimiz Avropada təhsil almış gənclərdən olsun. QHT-lərin dövlət qeydiyyatı zülmlə başa gəlməsin. Orta məktəblərdə kompüterləri qıfıllı otaqlarda toz basmasın. Ölkədə Rusiyanın hegemonluğuna son qoyulsun...
Doğrudan da, 90 ildi “Sən olasan gülüstan” oxuyuruq, ancaq xarabalıqdan başqa bir şeyə nail olmamışıq. Gəlsənə hamımız indən belə balaca Ləman kimi “Sən olasan Gürcüstan” oxuyaq, bəlkə bəxtimiz indən belə açıla...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR