Bakıya qaçan erməni ailəsi vətəndaşlıq üçün müraciət edib
2010-cu ildə Azərbaycana sığınan və 2014-cü ilin dekabrında Ermənistana qaytarılan Gevorkyanlar ailəsinin düşmən ölkədə həbs edilməsi haqda məlumat vermişdik. Əsas sual doğuran məsələ erməni ailəsinin 3-cü ölkəyə deyil, tərk etdikləri dövlətə qaytarılması ilə bağlıdır.
Gevorkyanlar ailəsi ətrafında cərəyan edən proseslər ötən il sentyabrın 17-də öz müraciətləri əsasında ölkəmizə pənah gətirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan və onun ailəsinin Azərbaycanda qalmasını təhlükə altında qoyub. Ehtimal olunur ki, bu erməni ailəsi də öz ölkələrinə təhvil verilə bilər. Xüsusilə Gevorkyanlar ailəsinin hansı şərtlərlə Ermənistana qaytarılmasının səbəblərinin məlum olmaması bir çox suallar yaradıb.
Azərbaycanın tərəf çıxdığı beynəlxalq hüquq normalarında belə situasiya yaranarsa, öz ölkəsini tərk edən şəxs və ya şəxslər milliyyətindən asılı olmayaraq, tərk etdikləri dövlətə deyil, 3-cü ölkəyə təhvil verilməlidirlər. O zaman bir sual ortaya çıxır: Azərbaycan erməni ailəsi ilə bağlı nə üçün belə addım atıb?
Vaan Martirosyan və onun ailəsinin Azərbaycana sığınmasında böyük əməyi olan hüquq müdafiəçisi Novella Cəfəroğlu Gevorkyanlar ailəsinin öz xahişləri ilə Ermənistana qaytarıldığını bildirdi: “Bildiyim qədər onlar öz xahişləri ilə geri qaytarılıblar. Azərbaycan tərəf onları zorla təhvil verməyib. Açıq şəkildə öz ölkələrinə getmək istədilər. Üçüncü ölkədən imtina etdilər. Hansı səbəbdən belə istəklərinin yarandığını, açığı, bilmirəm”.
Hüquq müdafiəçisi Vaan Martirosyan və onun ailəsinin Azərbaycan vətəndaşlığı almaq üçün ölkə prezidentinə müraciət etdiklərini də qeyd etdi: “Vaan Martirosyan və onun ailəsi Ermənistana qayıtmayacaq. Onlar ekonomist durumdan ölkəmizə pənah gətirən ailədir. Bunlar siyasi ailədir. Onları Ermənistana qaytarmağa heç bir ehtiyac yoxdur. Açığı, o erməni ailəsi ilə məşğul olan azdır. Buna səbəb də hazırda ölkəmizdə kifayət qədər ciddi problemlərin olmasıdır. Amma erməni ailəsi ilə bağlı hər şey yaxşı olacaq. Vaan Martirosyan və onun ailəsi vətəndaşlıq üçün ölkə başçısına müraciət edib. Ölkəmizdə qalmaq istəyirlər. Bu istiqamətdə proseslərin nə yerdə qaldığını bilmirəm”.
N.Cəfəroğlu erməni ailəsi ilə görüşdüklərini də açıqladı: “Onlarla görüşdük. Hər şey normal gedir. Vəziyyətləri çox yaxşıdır. Mühafizə sistemləri möhkəmdir, ciddi qorunurlar. Onlara çox diqqət ayrılır. Ermənistanı yaxınlarına belə buraxmırlar. Onların 3-cü ölkəyə təhvil verilib-verilməmələri özlərindən asılıdır. İndidən nəsə demək tezdir”.
Cavanşir ABBASLI






