İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının sakinləri quyu qazıb, şor su çıxaran qəsəbəsindən VİDEOREPORTAJ, FOTOLAR

3597 26.05.2015 18:17 Reportaj A A
Binə qəsəbəsinin “Donuzçuluq sovxozu” adı ilə tanınan məhəlləsi Bakının mərkəzindən bir neçə kilometr uzaqlıqdadır. Ancaq qəsəbənin durumu ötən əsrin əvvəllərindəki dağ kəndlərini xatırladır. 

Məişətin elə bir sahəsi yoxdur ki, qəsəbə sakinləri orada problemlə üzləşməsinlər. Bu insanlar özləri quyu qazıb, yerdən su çıxarır, torpaq töküb, qəsəbənin yollarını hamarlayırlar. 

Musavat.com-un müxbiri sakinlərin vəziyyəti ilə tanış olmaq üçün sözügedən qəsəbəyə baş çəkib. Kələ-kötür yollarda nəinki avtomobillər, hətta piyadalar belə, hərəkət etməkdə çətinlik çəkirlər. Yolların vəziyyəti ilə bağlı heç bir marşrut qəsəbəyə girmədiyindən insanlar onlarla kilometr yolu piyada getməli olurlar. 

Sakinlərin dediyinə görə, neçə illərdir ki, içməli su üzünə həsrət qalıblar: “Hərə öz qapısında quyu qazdırır. Quyulardan çıxan su isə şor sudur, içmək mümkün deyil. Ancaq vəziyyət o yerə gəlib ki, insanlar bu şor suyu da içməli su əvəzinə istifadə edirlər”. 

İlyas adlı sakin deyir ki, qəsəbənin adının “Donuzçuluq sovxozu” olmasının səbəbi burada əvvəllər donuz fermasının olmasıdır: “Elə o vaxtdan da bu qəsəbə “Donuzçuluq” kimi tanınıb. Ancaq bu ad da bizə düşmədi. Qəsəbə elə vəziyyətdədir ki, indi burada nəinki insan, heç donuz da yaşamaz”.

Xədicə adlı yaşlı nənə deyir ki, əvvəllər yollar asfalt idi, hər tərəfdə ağac əkmişdik, yollarda işıqlar da var idi: “Qəsəbədə əllərimizlə ağac əkmişdik, yaşıllıqlar yaratmışdıq. İşıqlanmalar var idi. “Azərsun” şirkəti 4-5 il əvvəl buranı aldı. Həmin yaşıllıqları hasara aldılar. Tikinti işləri aparıldı. Ağır yük maşınları yolları pis vəziyyətə saldı”. 

Şahnisə adlı sakin isə su problemini önə çəkdi: “Su yoxdur. Kimin pulu var, su maşınlarından alır. Kim kasıbdırsa, həyətdəki quyuların şor suyundan içməli olur. Şor su ucuz başa gəlmir. Quyu qazdırmaq üçün 500-600 manat lazımdır. Elə olur ki, quyunu qazdırırsan, bir həftəyə quruyur, məcbur olursan, yenə qazdırasan”. 

İçməli su almaq istəyənlər isə hər 100 litr su üçün 10 manat ödəyirlər. Qəsəbənin marşrut problemi də dözülməz həddə çatıb. Xəttə buraxılan avtobusların sayı az olduğundan sakinlər saatlarla marşrut  gözləməli olurlar.

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur Salmanov,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR