Xüsusi karantin rejiminə görə sükuta bürünən paytaxtın ən qaynar nöqtəsində işlər açılır, həyat axarına düşür; əməkdaşlarımızın gördükləri...
Bakının həmişə qaynar, izdiham dolu olan mərkəzi Nizami küçəsi xüsusi karantin rejimi səbəbindən sükuta qərq olmuşdu.
Gecə-gündüz insanların o baş - bu baş gəzişdiyi Fəvvarələr meydanı bomboş idi. Amma aprelin 27-dən karantin rejiminin yumşaldılması bir açılışa səbəb olub.
“Yeni Müsavat” üçün el arasında “Torqovı” adlanan mərkəzi meydandan reportaj hazırlayarkən şahid olduq ki, artıq həyat əvvəlki tempinə tədricən qayıtmağa başlayır. İndi siz “Torqovı”da çoxlu insanların gəzişdiyini, bir dinamika, canlanma yarandığını görə bilərsiniz.
Düzdür, hələ də parklar, kafe-restoranlar bağlıdır. Amma kiçik dükanlar, köşklər, dönərxanalar yavaş-yavaş işini bərpa etməyə çalışırlar. Parkların girişi dəmir hasarlarla qapadılıb, polis əməkdaşları küçəyə çıxmaq icazəsi olan-olmayan vətəndaşları yoxlayırlar, Malakan bağı, Nizami parkı, Sahil bağı insanları üzünə bağlıdır. Polis əməkdaşları Nizami küçəsinin hər addımlığında var.
Habelə, bulvara çıxış olan yerlərdə, Fəvvarələr meydanında SMS vasitəsi ilə 3 saatlıq icazə alıb-almayan insanlar yoxlanılırlar. Bununla belə, şəhərin mərkəzində mayın 4-nə bir hazırlıq getdiyini gördük. Bəzi restoranlar, dükanlar təmir, yenidənqurma işləri aparır, bəziləri dizayn dəyişiklikləri edirlər. Yəni “Torqovıy”dakı obyektlər sanki 4 mayı bir bayram kimi qarşılamağa hazırlaşırlar.
Ancaq küçələrdə sorğu keçirdiyimiz bəzi insanlar arasında hələ də koronavirus təhlükəsinin tam sovuşmadığını söyləyənlər var idi. Onlar tibbi maskasız çölə çıxmağa tərəddüd edirlər. Di gəl ki, şəhərin mərkəzi üçün darıxdıqlarını da söyləyirlər. Sorğu keçirdiyimiz insanların bəziləri narahatdırlar ki, pandemiyanın ikinci dalğası gələ bilər. Bunu arzulamayan həmsöhbət olduğumuz şəhər sakinləri ümid edirlər ki, mayın 4-də hər şey bitəcək, insanlar da, parklar da, küçələr də tam azadlığa çıxacaqlar. Həmsöhbət olduğumuz insanlar bildirdilər ki, koronavirusun olduğuna inanmayanlar ən azı İtaliya və İspaniyadakı itkilərə nəzər salsınlar.
Şəhərdə gəzməyə çıxan, üzündə təbəssüm yaranan insanlarla söhbətimiz zamanı bir neçəsi söylədi ki, karantinin rejiminin sərt dövründə işlə əlaqədar “Torqovı”dan keçmişdilər.
“Adama qəribə gəlirdi. Hər yer sakit, bomboş, şəxsən mənə pis təsir eləmişdi. Elə bil böyük bir müharibə olub, hamı yoxa çıxıb. Çünki adam öyrəmişdi ki, “Torqovı”da adam əlindən “iynə atsan yerə düşməsin”. İndi isə adam ürəklənir, stimul yaranır, baxırsan ki, hamı yavaş-yavaş küçəyə çıxır”, - deyə Vüqar adlı Bakı sakini günəşli havada mərkəzdə gəzməyə çıxarkən keçirdiyi hissləri bölüşdü.
Başqa bir sakin Nadir isə dedi ki, əslində, karantinin rejiminin yaxşı tərəfləri də oldu: “Maşınlar sürülmədi, hava təmizləndi, xərclər də azaldı. İnsanlar çox əsəbi, aqressiv idi, bəlkə bundan sonra düzələ...”
*****
“Torqovı”da işini bərpa edən obyekt sahibləri isə mayın sonuna qədər vəziyyətin düzələcəyini güman edirlər. Onların sözlərinə görə, hələlik müştəri qıtlığı davam edir.
“Üstəlik, Ramazan ayı olduğunu nəzərə almalıyıq. Gəzməyə çıxanların çoxu oruc tutan adamlardırlar. Onlar dönər almırlar, onlayn sifarişlər azalıb. İnşallah, həyat mayın 4-dən yoluna düşəcək. İndi hər şeyin düzəldiyini deyə bilmərik. Çünki xeyli ziyan eləmişik”, - deyə onlayn xidmət göstərən kafelərdən birinin aşpazı bizimlə söhbətində belə dedi.
Dönərçi isə dedi ki, evdə qalmaq çox çətin idi: “Bu günə də şükür edirik. Evdə qalmaq nə cibimizə xeyir elədi, nə də həyatımıza… Adam darıxırdı, sıxılırdı. Ümid edirik ki, bir də millətimizin başına belə bəla gəlməsin, dünyada sakitlik, əmin-amanlıq olsun”.
Bundan başqa, Fəvvarələr meydanında Novruz bayramı ərəfəsində qurulan yarmarkanın hələ də yığışdırılmadığını gördük.
Karantin səbəbindən kütləvi tədbirlərin ləğvi nəzərdə tutulan bu cür layihələrin də həyata keçməsinə mane oldu. Həmçinin, Bakı bulvarına da gediş-gəlişə məhdudiyyət var. Bu vəziyyət restoranlarla yanaşı Bakını mərkəzində müştəri gözləyən taksi sürücülərinə də ciddi təsir edib.
Onlar deyirlər ki, obyektlər, otellər işləmədiyi üçün mərkəzdən sifariş nadir hallarda olur. Sürücülər bildirirlər ki, mayın 4-də kafe-restoranlar açılmasa, işləri daha da çətinləşəcək: “Metronun bağlı qalması bir yandan sərfəlidir. Çünki metro işləmir deyə hərdən müştəri olur. Ancaq bizim burada əsas müştərilərimiz kafelərdən, PUB-lardan olurdu”.
Qeyd edək ki, aprelin 30-da açıqlama verən Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib ki, Qaydalara əməl edilmədiyi təqdirdə əhali arasında virusa yoluxmanın ikinci dalğası başlaya bilər.
Koronavirusun olduqca təhlükəli olduğunu deyən epidemioloq bildirib ki, karantin rejiminin tətbiqi nəticəsində Azərbaycanda yoluxma hallarının sayı azalıb: “Lakin yoluxma sayının azalması, xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Mən özüm də müşahidə edirəm ki, insanlarda artıq arxayınlaşma yaranıb. Onlar bilməlidir ki, epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Bu, əhalinin özündən asılı olan vacib məsələdir. Əgər əhali dövlət qurumlarının müəyyən etdiyi normativlərə əməl etsə, bu virus ölkəmizdən xaric olacaq. Yoluxma sayının çoxalması da əhalinin bu qaydalara riayət etməməsi nəticəsində baş verə bilər. Vətəndaşlar birdəfəlik bilməlidirlər ki, xəstəliyə yoluxma sayı artarsa, məhdudiyyətlər gücləndiriləcək”.
Baş epidemioloq əlavə edib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma ehtimalı hələ çoxdur.
Emil SALAMOĞLU,
Musavat.com,
Foto və video Elçin ƏKBƏROVUNDUR.






