Bakının mərkəzi iflic oldu
“Bakının Tbilisi prospektinin bağlanan hissəsi avtomobillərin hərəkəti üçün tam açıldı”. Bunu “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev dedi. Onun sözlərinə görə, hazırda təmir aparılan ərazidə işlər tam başa çatıb və avtomobillərin hərəkəti üçün tam açıqdır.
Pünhan Mürsəliyev qeyd etdi ki, iyulun 8-dən təmir işləri ilə əlaqədar Tbilisi prospektinin A.Salamzadə küçəsi ilə kəsişməsindən Ş.Mehdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanıb.
Qeyd edək ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə «20 Yanvar» metro stansiyası istiqamətində A.Salamzadə küçəsinin bir hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iyunun 28-i gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuşdu.
Yolun təmiri ilə məşğul olan “Azeryolservis”çalışanları bildirdilər ki, yolun təmiri ilə bağlı Tbilisi porspektinin sözügedən hissəsinin 3-4 gün bağlı qalacağı gözlənilir. Qeyd edək ki, dünən Tbilisi prospektinin bağlanması Bakının mərkəzi prospektlərinə təsirsiz ötüşmədi. Günboyu Neftçilər, Azadlıq və Heydər Əliyev kimi böyük prospektlərdə nəqliyyatın sıxlığı müşahidə edildi.






