İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKININ KİTAB BAZARI DİRİLİR

4178 10.10.2011 09:33 Ölkə A A

Elə yeni nəsil də kitaba bir o qədər maraq göstərmir. Texnoloqlar bunu müasir texnikanın inkişafı ilə də əlaqələndirir. Hətta elektron versiyada kitab oxuyanların sayının artması da kitab mağazalarının fəaliyyətinə mənfi təsir göstərib. Lakin bunlara baxmayaraq kitab mağazalarının və yeni kitabların reklamı ilə də məşğul olanlar var. Elə ötən gün paytaxtın kitab mağazalarına baş çəkərkən bunların şahidi olduq.

Ötən həftə “Maraq dairəsi” rubrikası çərçivəsində disk satılan dükanlarda olmuşduq. Disk satılan dükanlardan fərqli olaraq kitab satılan mağazalarda satış böhranı yaşandığının şahidi olduq. Çünki satılan kitablar mağaza sahiblərinin aylıq gəlirlərini yetərincə ödəmir. Olduğumuz məşhur kitab mağazalarında - Gənc Tamaşaçılar Teatrının qarşısındakı “Əli və Nino”, Sabir bağının önündəki “Akademiya” kitab mağazası, Qız qalasının yaxınlığındakı kitab evi, Nizami muzeyinin binasında yerləşən “Akademiya kitab mərkəzi”, “28 May” metrosu yanında yerləşən topdansatış kitab mağazasında, demək olar ki, eyni vəziyyət müşahidə olunurdu. Metro giriş-çıxışlarında da kitab satanlara rast gəlmək olur. Bəzən də qəzet dükanlarında kitab satışı görmək mümkündür.

Gənclərin ən çox bəyəndiyi kitab mağazası “Əli və Nino”dur. Bu mağazada ən məşhur yazıçıların kitablarını tapmaq olar. Qiymətlər kitabların üzərində qeyd olunub. Mağazanın birinci mərtəbəsində kitab oxumaq üçün şərait yaradılıb. Gənclər orada kitab oxuyarkən qəhvə, çay və sərinləşdirici içkilər ala bilir. Onlar belə yerdə kitab oxumağın ayrı zövqünün olduğunu deyir.
Satıcıların sözlərinə görə, kitabsevərlər ən çox detektiv kitablara meyil edir. Satıcı Nuranə xanım deyir ki, ən çox Çingiz Abdullayevin kitabları satılır: “Detektiv kitabları ən çox gənclər alır. Kitablar arasında ən çox satılanı da Çingiz Abdullayevin detektiv romanlarıdır. Yazıçı Günel Mövludun tərcümə etdiyi Markesin ”100 ilin tənhalığı" kitabı da çox satılanlar arasındadır. Eyni zamanda əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçurdan” əsəri də ən çox satılan kitablardan sayılır. Bizim yazarlardan ən çox Pərvizin “Yad dildə” romanı satılır. Günel Mövludun “5XL”i, Seymur Baycanın “Quqark”ı da pis satılmır. Gənc yazarların kitabları satışda bir-birini böyük fərqlə üstələmir".

Qabriel Qarsia Markesin ən çox satılan “100 ilin tənhalığı” kitabı 8 manatdır. Digər kitabların qiyməti isə 5-10 manat arasında dəyişir. Orxan Pamuk, Orxan Vəli, Radişşev, Daniel Defo və başqa yazıçıların kitabları 10-20 manat arasında satılır. Oxucular Uilyam Folkner, Alber Kamyu kimi dünya şöhrətli yazıçıların kitablarını tapa bilmədiklərindən də şikayətləndi.
Ən ucuz kitab mağazalarından biri Qız qalasının yaxınlığındadır. Çoxu bu dükana “Elman dayının mağazası” deyir. Burada 40-50 qəpiyə də kitab almaq olar. Mağazada kiril əlifbası ilə köhnə kitablar da var. Özü də onlar xeyli ucuzdur. Yeni nəşr olunan kitablar isə nisbətən bahadır. Alıcıların əksəriyyəti də ucuz kitablara üstünlük verir. Bu mağazaya gələn oxucuların çoxu da ucuz və köhnə kitab axtaranlardır. Onlar “köhnə olsun, ancaq istədiyim yazıçının əsəri olsun” məntiqi ilə kitab alır.

Kitabların bahalığından narazı qalan oxucular da var idi. Onlar qiymətlərin bir az da ucuzlaşmasını istəyir: “Çünki ölkəmizdə kitab alanların sayı o qədər də çox deyil. Barmaqla sayılacaq qədər adam var ki, bədii kitab almağa gedir. Qiymətləri də çox baha edəndə oxucu küsür. Dövlət kitaba marağı artırmaq istəyirsə, qiymətləri endirməlidir. Küçələrdə pal-paltar reklamı ilə yanaşı kitab reklamına da üstünlük verilməlidir”.
“Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu kitabların baha olmasının səbəbindən danışır: “Bilirsinizmi kitabın qiyməti niyə bahadır? Çünki Azərbaycan kitabın üzərinə 18 faizi ƏDV yükləyib. Moldova, Tacikistan və Gürcüstanda kitabın dəyərinə qoyulan vergi dərəcəsi sıfır faizdir. Böyük Britaniya, İrlandiya, Norveç və Kiprdə də sıfır faizdir. Niderlandda 6, Macarıstan, Litva, İspaniya, İtaliya və Almaniyada 4 faizdir. Azərbaycanda isə 18 faiz. Mən bütün kitabsevərləri kitabın qiymətini yüksək edən ƏDV-nin ləğvini tələb etməyə səsləyirəm”.
Bizə isə o qalır ki, belə deyək: “Heç nəyə, bahalığa-ucuzluğa baxmadan oxuyun. Oxuyan varlı olar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR