İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının fələyini niyə sökürlər - Həmid Herisçi yazır

12139 04.11.2016 12:41 Ölkə A A
Yol hərəkətinin gur nöqtələrindəki meydanlara, qədim Şərqdə “fələk”, yaxud “fələkə” də deyirmişlər. “Fələk” sözünü tərsinə oxu, “kələf” kəlməsini eşidəcəksən. 

Qısası, kələfin bir ucu həmişə şəhər meydanlarının canında gizlənir. Bakının belə sirli nöqtələrindən biri də məşhur beşmərtəbə ətrafı ərazi, oradakı Füzuli meydanıdır.

***
Qısası, bir var, göydəki fələk - yəni ulduz bürclərini öz ətrafında fırlayan ilahi mexanizm. Bir də var bunun yerdəki oxşarı, təkrarı, bir növ əkiz qardaşı - yəni şəhər meydançaları. Bakıda yerlə göyün görüşüb birləşdiyi belə nadir ünvanlardan biri də, adı dillər əzbəri məşhur Füzulu meydanıdır. 

Tariximizin bütün mərhələləri, razılaşın, burda öz izini qoyub bizlər üçün. Sovet memarları, şəhərsalma mütəxəssisləri köhnə Bakının oturuşmuş düzənini, görkəmini ilk olaraq məhz bu coğrafi məkanda pozublar. Sadə Bakı zəhmətkeşləri üçün nəzərdə tutulmuş ilk beşmərtəbə binanı məhz bu ünvanda inşa edib fəhlə və kəndlilərin istifadəsinə veriblər. 


Memarların açdığı həmin mövzuya sonralar, şirin 60-cı illərdə yazıçılarımız da qoşulmağı özünə borc biliblər. Yazıçı Anar özünün məşhur “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərində həmin binanın mistik, gözəgönməz tərəflərinə işıq salmağı unutmayıb.  Əsərdəki bir çox təsvirlər, mənzərələr də məhz bu ünvandan götürülərək kağız üzərinə köçürülüb.
1958-ci il Füzuli yubileyi zamanı bu meydanda ilk yenidənqurma işləri başlayaraq sonralar Azərbaycan Milli Akademik Dram Teatrının binasının inşası ilə yadda qalıb. 



Sonra...

Sonra dahi şairimiz Füzuli özü qonaq olub bura. Tünc heykələ çevrilərək öz adını bu meydana bağışlayıb. O zamandan bəri biz Bakının bu əziz parçasını Füzuli meydanı kimi tanımağa başlamışıq.

Qısası, kələfin, fələyin bir ucu həqiqətən Bakının bu coğrafi nöqtəsində yerləşir deyəsən. Hər halda ölkənin baş teatr məbədinin bu ünvanda yerləşməyi, görünür, kor təsadüflə bağlı deyil. Pravoslav xristianları da Bakımızın bu nöqtəsini özlərinə doğma bilərlər. “Arxanqel Mixail” adını daşıyan pravoslav məbədi, unutmayın, məhz burda, Füzuli heykəlinin kölgəsi altında yerləşir.

Belə qonşuluğa inanın ki, çoxları həsəd aparar.

Image result for Füzuli Meydanı

Memarlarımız, vaxtaşırı bu ünvanda müəyyən dəyişiklərə, projelərə start veriblər. Dövrü mətbuatda artıq mövzuyla əlaqədar yeni məlumatlara rast gəlinir. Jurnalistlərlə ictimaiyyət nümayəndələrinin çoxsaylı suallarına bu dəfə Azərbaycan Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevlə cavab verib.

- Ərazinin tamamilə yenidən qurulması nəzərdə tutulub. Bu sahədə müəyyən tikinti işlərinə başlanılıb. Dövlət Layihə İnstitutu müvafiq layihə hazırlayıb. Layihənin sənədləri, sxemləri artıq vəzifəli şəxslərin masası üzərindədir. Təsdiq edildikdən sonra həyata keçirilməsi investorlardan asılı olacaq. İnvestorların adı, ünvanı, keçiriləcək növbəti tenderdə bəlli olacaqdır.

Cahangir Qocayev, “Həftə içi” qəzetində gedən müsahibəsində növbəti söküntülərlə əlaqədar aşağıdakı fikirlərini səsləndirib:

- “Azdrama”dan başlayan,  “Sovetski“ ilə davam edən həmin sahənin yenidən planlaşdırılması, qurulması nəzərdə tutulur. Kiçik, darısqal evlərin yerində 5-7 mərtəbəli rahat, müasir yaşayış binalarının tikintisi gündəmdədir. Sakinlər istəsə, tikiləcək evlərdə mənzillə təmin ediləcəklər. Narazılıq yaranarsa,  evlərinin əvəzində təzminat ödəniləcək. Bu həm də sakinlərin investorla razılaşmasından asılı olacaq”.

Image result for Füzuli Meydanı

Yazıçı Anarın vəsf etdiyi beşmərtəbələrin də deyəsən son günləri çatıb. Cahangir Qocayev, bu binalarla əlaqədar görün nə deyib: “5 mərtəbələr mərhələ-mərhələ söküləcək. Sakinlər yeni mənzillərlə təmin ediləndən sonra köhnə binalar müasirtipli “göydələn“lərlə əvəzlənəcək. Hazırda paytaxtın hər rayonunda sökülməsi nəzərdə tutulan belə binaların sayı 200-ə yaxındır. 5 mərtəbələrin əksəriyyəti “Xruşşovka“lardır. İlk oxşar binalar 1961-ci ildə Nizami rayonunda inşa edilib. Həmin rayonda onların sayı çox olduğu üçün ilkin işlərin oradan başlanılması gözlənilir”.

Qeyd edim ki, Anarın vəsf etdiyi beşmərtəbəli bina, beş il öncə aqlay daş örtüyü ilə üzlənərək öz sovet görkəmini itirib. Binaya, altıncı mərtəbə əlavə edilib. Nəticədə, yazıçı Anarın xəyallarındakı altıncı mərtəbə bu gün reallığa çevrilib.

Bu mistika deyilsə, bəs nədir, hə, soruşuram sizlərdən indi?

***
Söküntülər nəticəsində Füzuli meydanının ləğvi gündəmdədir. Bu zaman ortaya sual çıxır: Bəs Füzulinin heykəlini necə, sökməyəcəklər ki?

Yaxud, başqa heykəllər kimi, onu yerindən tərpədib, başqa ünvana köçürəcəklər?

Dövlət rəsmiləri bu barədə ağzına su alaraq hələki susur.

Biz isə mövzu ətrafında diskussiya açmağa həmişə hazırıq.

İctimai fikrin aldadılmağı prosesi artıq start götürüb. Füzuli heykəlinin taleyi hələ mübahisə mövzusuna çevrilməyib. Ancaq yaxınlarda çevrilməsi mümkündü, bizcə. Mətbuatda rastlaşdığımız bəzi xəbərlər, heykəlin köçürülməsinə hazırlıq kimi də qiymətləndirilə bilər... 
Ancaq istəmirik ki, bütün bunlar Füzuli ruhunun narahatlığı ilə müşayiət olunsun.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR