“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunu çox yüksək qiymətləndirirəm. Qarabağdakı savaşımızdan sonra, Zəfər Bayramı ərəfəsində, Bakının ev sahibliyi ilə belə yüksək səviyyəli bir tədbirin keçirilməsi mühüm bir hadisədir. Həmçinin pandemiya mövzusunda çox gözəl çıxışların olması, yoxsul ölkələrlə əlaqədar hətta BMT-dən daha açıq, qəti mesajların verilməsi yüksək qiymətləndirilməlidir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söylədi.
Nüfuzli diplomat bildirdi ki, keçirilən nüfuzlu tədbirlər Azərbaycanın böyük önəmə malik olduğunu nümayiş etdirir: “Biz Bakının beynəlxalq konfrans mərkəzi olduğunu bir daha gördük. Eyni zamanda cənab prezidentin xarici siyasətinin nə qədər öndə olduğunun şahidi olduq. Qarabağ savaşının başlanmasının birinci ildönümündən sonra və Zəfər bayramından bir neçə gün öncə baş tutan bu Forumda barış çağırışları da səsləndi. Bütün bunları qeyd etməklə mən gerçəkdən Bakı Forumunu çox yüksək qiymətləndirirəm. VIII Qlobal Bakı Forumu çox ağıllı şəkildə təşkil olunmuş, zamanı düzgün seçilmiş bir tədbir oldu”.
H.Kılıç qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə cənab prezidentin pandemiya ilə mübarizəyə verdiyi böyük önəmin bir daha şahidi olduq: “Keçən il BMT qarşısında pandemiya ilə bağlı mübarizəyə həsr olunmuş təşəbbüslə çıxış etdi, Ermənistan xaric bütün üzv ölkələrin dəstəyini qazandı. 2020-ci ilin 10 aprelində Türk Şurası şərçivəsində zirvə təşkil edildi, səhiyyə və nəqliyyat nazirlərinə tapşırıqlar verildi. Bu fakt da göstərdi ki, cənab prezident pandemiya ilə mübarizəyə böyük önəm verir. Həm Türk Şurası zirvəsində, həm BMT-yə ünvanlı müraciətdə pandemiyadan danışıldı. Həmçinin dünyanı ciddi şəkildə narahat edən, G-20-lərin zirvəsində də müzakirə mövzusu olan iqlim dəyişikliyindən bəhs oldu, bu mövzu Forumun gündəminə çevrildi. Bir növ Bakı Forumu BMT-nin keçirdiyi tədbirlər kimi böyük bir tədbirə ev sahibliyi etdi”.
H.Kılıç maraqlı bir məqama da toxundu: “Cənab prezident zatən BMT-nin qərarlarını təkbaşına yerinə yetirməyə alışıb. Bu Forumda da BMT-nin daha çox üzərində durması gərəkən iki mövzu var idi – pandemiya və iqlim dəyişikliyi. Azərbaycanımız, cənab prezident BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin icrasını təmin etdikdən sonra, BMT-nin gündəliyində olan daha iki mühüm məsələyə - həm iqlim dəyişikliyi, həm də pandemiya ilə mübarizəyə dünyanın diqqətini bir daha cəlb etdi”.
Elşad Paşasoy,
Musavat.com






