Qeyd edilir ki, Azərbaycan rəsmiləri İsrail hökumətindəki və Türkiyə baş nazirinin yaxın çevrəsindəki əlaqələrindən istifadə edərək tərəfləri barışdırmağa çalışır. Belə ki, həm İsrail, həm Türkiyə Azərbaycanın strateji tərəfdaşlarıdır. İsraillə Türkiyə arasında böhran dərinləşəndə Azərbaycan olduqca çətin vəziyyətdə qalıb. Ona görə də rəsmi Bakı bütün imkanları ilə qarşı duran tərəfləri barışdırmağa çalışır. Təl-Əvivdəki diplomatik qaynağın “İzRus” portalına bildirdiyinə görə, Azərbaycan tərəfi son vaxtlar İsrailin Türkiyədən üzr istəməsi üçün münasib formulun tapılması üçün cəhdlər göstərib.
Bildirilir ki, rəsmi Bakı üzr istəməyin hər iki tərəf üçün milli qürur məsələsi olduğun da baş düşür. Prosesdə vasitəçilik edən rəsmilərin Türkiyə tərəfinə çatdırdığına görə, İsrail tərəfi “Mavi Mərmərə” gəmisində türk vətəndaşlarının olduğunu bilməyib. Bildirilir ki, əgər İsrail tərəfi bunu bilsəydi, o zaman Türkiyə vətəndaşları arasında itki olmaması üçün mümkün qədər səy göstərərdi. Türkiyə tərəfinə çatdırılıb ki, İsrail tərəfi ümumiyyətlə Türkiyə vətəndaşlarının bu insidentdə həlak olmasından “dərin təəssüf hissi” keçirir. Məlumata görə, Azərbaycan tərəfi vasitəçilik missiyasının nəticə verəcəyinə o qədər də ümidli deyil, lakin əlindən gələni edir.
Ekspertlər isə rəsmi Bakının bu addımını təqdir etməklə bərabər, bunun üçün Azərbaycanın xeyli çalışmasının vacibliyini vurğulayırlar.
Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, İsraillə Türkiyə arasındakı son dövrlər baş verən soyuqlaşmanın çox ciddi əsasları var və tərəflər özünəməxsus arqumentlə çıxış edirlər: “Bütün hallarda bizim üçün ən önəmlisi regional gərginliyin azalmasıdır və İsraillə Türkiyənin potensialının birinin digəri əleyhinə yönəlməməsidir. Çünki qardaş ölkə kimi Türkiyənin bu ölkədə nüfuzu və daha böyük miqyasda güc əldə etməsi Azərbaycanın birbaşa maraqları sırasındadır. Həmçinin Azərbaycan bu dövr ərzində İsraillə xeyli yaxın ilişkilər qurub. Dünyəvi xətdə siyasət aparan ölkələr digər dövlətlər arasındakı münasibətlərdə bəzən tənzimləmə istiqamətində addımlar atmalı olur. Bakının da müəyyən təşəbbüsləri var, istəkləri var”.
Z.Oruc qeyd edir ki, İsraillə Türkiyə arasında münasibətlər müəyyən qədər bu gün də mövcuddur və müxtəlif səviyyədə əlaqələr davam edir: “Onlar bütövlükdə əməkdaşlıqdan imtina etməyiblər. Lakin əlbəttə ki, siyasətin son dərəcə məxfi tərəfləri də var. Azərbaycan tərəfindən barışıqla bağlı səylərə gəldikdə isə, deyə bilərəm ki, rəsmi Bakının addımları qardaş Türkiyənin istəkləri fonundadır. Heç bir halda qardaş ölkənin maraqları əleyhinə deyil. Və burada bütün məsələlər konsensusla, diplomatik fəaliyyətin tələblərinə uyğun şəkildə baş verəcək”.
Deputat İqbal Ağazadə də bildirir ki, Azərbaycan Türkiyə ilə İsrail arasında normal münasibətlərin olması üçün lazım olan bütün addımları atmalıdır: “Amma nə dərəcədə o çabalar yetərli olacaq, Türkiyə - İsrail münasibətlərini yumşaltmağa səbəb olacaq, bu, o proseslərə yanaşmadan asılıdır. Bu, tərəflərin maraqlarının nə dərəcədə ödənməsindən asılıdır. Çünki tərəflər arasındakı münasibətlər həm də maraqlar ucbatından toqquşub. O maraqları Azərbaycan ortaq məxrəcə gətirə biləcəkmi? Bu olacaqsa, ortaq dil tapacaqlar. Amma Azərbaycan yetərincə çalışmalıdır ki, Türkiyə ilə İsrail arasında çox müsbət bir münasibətlər olsun”.
Qeyd edək ki, İsrail xarici işlər naziri Aviqdor Liberman 2010-cu ildə Qəzzaya yardım aparan Türkiyə gəmisi “Mavi Mərmərə”yə edilmiş basqın zamanı 9 türk vətəndaşının həlak olmasına görə Ankaradan rəsmi üzr istəməyə hazır olduğunu bildirib. İndiyədək məhz Liberman İsrailin Türkiyədən üzr istəməsinə sərt şəkildə qarşı çıxırdı və bəyan edirdi ki, əgər baş nazir Benyamin Netanyahu üzr istəməyə qərar versə, o, hakim koalisiyanı tərk edəcək. İzRus portalının xəbərinə görə, Liberman Yerusəlimdə lideri olduğu partiyanın toplantısında çıxışı zamanı deyib ki, o, Türkiyədən üzr istəyə bilər. Saytın digər xəbərinə görə, İsrailin Türkiyədən üzr istəməsi üçün hər iki tərəf üçün məqbul formulun tapılmasında neçə vaxtdır rəsmi Bakı təmsilçiləri vasitəçilik edir.






