Bakıda sürücülər yol polisinin evakuatorlarından şikayətlənirlər. Oxucu milli.az-a müraciət edərək bildirib ki, yol polisi evakuatoru dayanıb-durma qaydalarını pozan avtomobili cərimə meydançasına apararkən özü qayda pozur. Yol kənarında dayanmış avtomobili götürmək üçün evakuator qarşı tərəfdən gələn avtomobilin yoluna çıxaraq qəza şəraiti yaradır. Oxucu qayda pozuntusunu göstərən fotonu da göndərib.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hər bir hərəkət iştirakçısı "Yol hərəkəti haqqında" qanunun tələblərini yerinə yetirməlidir. Zərurət yarandıqda yol hərəkətində üstünlüyə malik olan nəqliyyat vasitələri bu qanunun tələblərini poza bilər.
Bölmə rəisinin sözlərinə görə, evakuator qaydanı pozarkən elə etməlidir ki, digər hərəkət iştirakçılarına mane olmasın və yol qəza hadisələri üçün şərat yaratmasın.
V.Əsədov qeyd edib ki, əgər evakuator maşını götürmək üçün ikinci yola çıxıbsa, demək, zərurət yaranıb.






