Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirib.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tələbələr dövlət imtahanın ləğv olunmasını tələb edirlər.
Etiraz aksiyasında təxminən 200-300 tələbə iştirak edib. Aksiyaya səbəb ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırkı rektor Əfqan Abdullayevin bərpa etməsidir.
Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. İndi isə sona 4 ay qalmış onlara belə imtahanın olacağı deyilib. Buna görə də, tələbələr narazılıq ediblər. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.
Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahan formasının bərpasına etiraz edən tələbələr daha öncəki görüşlər heç bir fayda vermədiyi üçün bu gün universitetin önünə toplaşaraq, rektor Əfqan Abdullayevin bayıra çıxaraq, tələbələrlə görüşməyini tələb ediblər.
Əllərində "Dövlət imtahanına yox deyirik", "Tələbə vikipedia deyil" yazılmış şüarlar tutan tələbələri bir müddət sonra içəri rektor Əfqan Abdullayev tərəfindən görüşə dəvət edilib. Akt zalında toplaşan tələbələrlə təhsil nazirinin müavini Ceyhun Bayramov görüş keçirilib.
Görüş zamanı müxtəlif fakültələrdən olan tələbələr nazir müavininə öz şikayətlərini çatdırıblar. Onlar qısa müddət qalmış belə imtahanın keçirilməsinin ədalətsizlik kimi qiymətləndiriblər. 12 illik tədris sistemini misal gətirən tələbələrdən biri bunları deyib: "Nazirliyin bu qərarı 1-ci siniflərə şamil edilir. Bütün dünya praktikasında belədir. Yeni qaydalar tərtib olarkən həmin qayda o tarixdən sonra üçün nəzərdə tutulur. Bizdə niyə 4-cü kurslara dövlət imtahanı salırsınız? Əgər dəyişiklik olacaqsa bunu 1-ci kurslara etmək lazımdır".
Nazir müavini görüşdə bildirilib ki, tələbələrin dediyi fikirlər dinlənilir, müzakirə edilir: "Sizin dediklərinizin bir hissəsi ilə razıyam, bir hissəsi ilə isə yox. Ali təhsil müəssələrində qiymətləndirmə müxtəlif ola bilər. Biz onu da başa düşürük ki, hər bir tələbə diplom alıb, əmək bazarına daxil olmaq istəyir. Bu il dövlət imtahanının keçirilməsinə bir il bundan öncə qərar verilib. Sabah elmi şurada alınan qərar açıqlanacaq".
Tələbələr buna da etiraz edərək deyiblər ki, bu günə qədər oxşar toplantılar çox olub və toplantılar vaxt itkisindən başqa bir şey deyil. Nəticə yoxdur. Buna baxmayaraq sabah keçiriləcək şuranı da gözləyəcəklər.
Xüsusi olaraq qeyd edək ki, universitetin müəllimələrindən biri olan, aksiya boyunca xüsusi canfəşanlığı ilə seçilən Vüsalə Ağabəyli jurnalistlərlə danışarkən deyib ki, aksiyada iştirak edən tələbələr oxuyan tələbələr deyil: "Bunlar oxuyan deyillər. Heç biri oxumur. Oxuyan uşaqlarımızın heç biri burada yoxdur".
Vüsalə xanım əməkdaşımızın "Oxumadan 4-cü kursa qədər necə gəliblər" sualına isə cavab verə bilməyib.
Hüquqşünas Tural Azadəliyev məsələ ilə bağlı bunları yazıb: "Nazirlər Kabinetinin 24.06.2010-cu il 117 nömrəli qərarı var. O qərar Bakalavriat təhsilin məzmunu və təşkili haqqında qaydalardan bəhs edir. Əgər bu varsa razıyam. Onda niyə bu ildən öncə oxuyanlara bu qanun tətbiq edilməyib? İnzibati icraat haqqında qanunun 12-ci maddəsi bizə bərabərlik hüququmuzu izah edir. Maddə 12. Bərabərlik prinsipi
12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.
12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.
12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Konstitusiyanın 25-ci maddəsində vətəndaş və insan hüquqlarının vəzifəsindən irqindən və digər mühüm əlamətlərə görə bölməyi qadağan edir və bərabərlik hüququmuzun olduğunu deyir. Niyə 2013, 2014 və 2015 il məzunları dövlət imtahanından azad olunub? Azad olunmağını inkar etsəniz, ortaya belə sual çıxır - niyə onlar 4 və ya 5 dərs üzrə imtahan verib, bu ilkilər 9 dərsdən imtahan verməlidir?
Deməli, daxili qaydalarınızı konstitusiyadan və konstitusiya qanunlarından üstün tutursunuz. Konstitusiyanın 148-ci maddəsini oxusanız bilərsiniz ki, daxili qayda 5-ci və 6-cı dərəcəli, Konstitusiya və Nazirlər kabinetinin qərarı və digər qanunlar 1-ci, 2-ci və 3-cü dərəcəli normativ aktdır. Deməli, sizin deməyinizdən belə çıxır ki, bundan öncəki illərdə siz öz daxili qaydanızı konstitusiyadan təhsil haqqında qanundan NKQ-dan üstün tutmusunuz. İndi də bu tələbələr bərabərlik hüquqlarını tələb edirlər.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar və video müəllifindir.






