İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda təhlükəli zibillik yanğınları: Bu qəsəbənin sakinləri hər gün tüstü udmaqdan beziblər - REPORTAJ, VİDEO, FOTOLAR

888 07.05.2019 19:37 Reportaj A A

Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan sakinlər evlərinin yaxınlığında yandırılan tonlarla zibilin, avtomobil şinlərinin tüstüsündə zəhərləndiklərini bildirirlər. Qəsəbədə normal zibil yeşikləri olmadığından əhali tullantıları yaşayaş evlərinin yaxınlığında yerləşən boş ərziyə atır.

Bununla yanaşı, kənardan gətirilən avtomobil şinləri və digər tullantılar da oraya atılır. Zibil toplandıqdan sonra həftədə bir dəfə yandırılır. Nəticədə ətrafda olan yüzlərlə yaşayış evi qara tüstü bürüyür.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə həmin mənzərənin şahidi olub.

Qəsəbənin girişində gördüyümüz mənzərə öncə bizi dəhşətə gətirdi. Havaya yüksələn qara tüstü ətrafa yayılaraq kəskin qoxunun yaranmasına səbəb olur. Məsələdən xəbəri olmayanlar hətta hansısa bir evin və ya obyektin yandığını da düşünə bilərlər.

Ətrafa yayılan tüstü kütləsi o qədər böyük olur ki, uzaq məsafədən belə, görünür. Qısa zamanda qəsəbə qara tüstü altında qalır. Tüstüdən göz-gözü görmür, yanmış rezin iyindən nəfəs kəsilir. Maraqlıdır ki, qəsəbə sakinləri artıq bunu normal qarşılayırlar, yanğının yayılmasının qarşısını almırlar. Hərə öz işindədir, sanki belə də olmalıymış. Halbuki, nəfəs aldıqları zəhərli hava onların sağlamlığı üçün təhlükəlidir.

Həmin ətrafda yaşayan sakinlərlə söhbət zamanı aydın oldu ki, artıq problemin həlli ilə bağlı əlacsız qalıblar və vəziyyətlə barışıblar. Lakin bizim suallarımızdan sonra bu durumdan bezdiklərini bildirdilər: “Hər 10 gündə bir dəfə hər tərəfimiz hiss-pas içində olur. Qəsəbəni qara tüstü kütləsi bürüyür. Tüstü o qədər yayılır ki, hətta evlərimizə belə, dolur. Burada hamı həyət evlərində qalır. Bayırda asdığımız paltarlar çirk içində olur. Evdə hiss iyindən durmaq olmur. Özümüzün də, uşaqlarımızın da xəstəliyə tutulmasından qorxuruq. Ancaq əlimizdən bir iş gəlmir. Bunu yəqin ki, aidiyyatı qurumlar görür, artıq bir tədbir görsünlər. Daşı-daş üstünə qoyan kimi icrası, bələdiyyəsi başımızın üstünü kəsir. Ancaq bu zibillik yanğınlarından guya xəbərsizdirlər. İnsan kimi nəfəs ala bilmirik, körpələrimiz zəhərlənir. Tüstüdən, oddan uşaqları bayıra qoymuruq. Kim harada zibil topası gördü, yandırır. Bu qəsəbənin yiyəsi yoxdur".

Onu da öyrəndik ki, “8-ci kilometr bazarı”nın bir hissəsi Zığ qəsəbəsindəki bu boş ərazilərə köçürüləcək. Bu səbəbdən də son günlər təmizlənmə işləri aparılır. Bu informasiyanın nə qədər doğru olması ilə bağlı isə hər hansı rəsmi məlumat əldə edə bilmədik.

Məğrur Mərd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR