İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin 34 illiyi qeyd olundu - Fotolar

2357 16.11.2017 00:48 Ölkə A A

Ufuq Turganer: “Cümhuriyyətimiz müstəqil yaşamaq əzmindədir, bu yolda kimsəyə boyun əyməyəcək”

 

Noyabrın 15-də “Boulevard Hotel”də Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 34 illiyinə həsr edilmiş tədbir keçirilib. Təntənəli mərasimdə millət vəkilləri, diplomatlar, ziyalılar, media mənsubları, Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi və digər çoxsaylı qonaqlar iştirak edib. Əvvəlcə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevan Azərbaycanın Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını oxuyub.

Daha sonra çıxış edən Şimali Kipr Bakı təmsilçisi Ufuk Turganer iştirakçıları salamlayıb, Şimali Kiprin yaranma tarixindən bəhs edib, böyük Mustafa Kamal Atatürkü, həmçinin Fazıl Küçük, Rauf Denktaş kimi Şimali Kipr Türk Cümhuriyyətinin tarixində xüsusi yeri olan şəxsiyyətlərin, Türk dünyasının şəhidlərini, Türkiyənin 15 iyul şəhidlərini böyük sayğı ilə anıb: “Şimali Kipr Türk Cümhuriyyəti 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılan və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlətdir. Bu dövlət 1974-cü ildə yunan millətçilərinin qətliamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb”.

Ufuq Turgener qeyd edib ki, Türk əsgərinin adada varlığı Kipr xalqının təhlükəsizliyinin və bölgədə sülhün qarantıdır: “Cümhuriyyətimiz 15 noyabrda Lefkoşada doğulub və müstəqil yaşamaq əzmindədir, bu yolda kimsəyə boyun əyməyəcək. Kiprli türklər olaraq, biz “Yurdda barış, dünyada barış” deyən ulu öndər Atatürkün göstərdiyi yolla yürüdük, bundan sonra da yürüməkdə davam edəcəyik”.

Xanım diplomat bildirib ki, təzyiqlərə məruz qaldığı zaman Türkiyə Cümhuriyyətindən hər cür dəstək alıb.

Ufuk Turganer vurğulayıb ki, bu gün həm də Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin yaranmasından 20 il ötür: “Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyi 1997-ci ildə açılıb və o vaxtdan fəaliyyətimiz davam edir. Azərbaycandakı qardaşlarımızla əlaqələrin hər keçən gün daha da genişlənməsini arzu edirik”.

Daha sonra Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək Şimali Kiprin yaranma tarixindən və Azərbaycanla olan münasibətlərindən bəhs edib. Deputat bildirib ki, Şimali Kipr uzun müddət Azərbaycan üçün “uzaq ada” olub: “Ancaq 1997-ci ildən etibarən Azərbaycanda nümayəndəlik yarandı. Bundan sonra aramızda münasibətlər inkişaf etməyə başladı. Turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində münasibətlərimiz var”.

H.Babaoğlu Şimali Kiprin ali məktəblərində 50 mindən çox tələbənin, o cümlədən xarici tələbələrin, həmçinin azərbaycanlıların yüksək səviyyədə təhsil almasını xüsusi qeyd etdi və bunu yüksək nailiyyət adlandırdı. Deputat Şimali Kipr və Azərbaycan əlaqələrinin günbəgün inkişaf etməsini məmnunluqla vurğuladı.
Çıxışlardan sonra bu möhtəşəm tədbirin bədii hissəsi başlayıb.

 

E.PAŞASOY,
Musavat.com

 

 

c46540ed-7104-4790-bf86-c5b4ca2c3032.jpg (83 KB)

95dab0cb-9480-475f-9463-3b39a2ffe279.jpg (178 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR