İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda saxta mal satan iş adamlarının tələbi rədd edildi - azadlığa buraxılmadılar

1492 05.03.2020 13:31 Kriminal A A

Qaçaqmalçılıqda və sexlərdə saxta mallar istehsal etməkdə təqsirli bilinən sahibkarlar növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq, əmtəə nişanlarından qanunsuz istifadə etmə və qaçaqmalçılıqda təqsirləndirilən 5 sahibkarın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Onlar Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev, Ülvi Əliyev və Ağaverdi Tarverdiyevdir.

Təqsirləndirilən şəxslərdən yalnız Ağaverdi Tarverdiyev barəsində həns qətimkan tədbiri seçilməyib. O, səhhəti ilə bağlı ev dustaqlığındadır.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin ev dustaqlığıan buraxılması ilə bağlı vəkillər tərəfindən vəsatətlər verilib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib və təqsirləndirilən şəxslər həbsdə saxlanılıb.

Məhkəmənin baxış iclası martın 10-na təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin əməlləri barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Tac” marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən 20 kq-lıq 630 ədəd üzərində “Sarda” sözü yazılmış, Türkiyə Respublikasında istehsal olunduğu qeyd olunan 20 kq-lıq 310 ədəd “Gürcel” sözü yazılmış, 110 ədəd üzərində “Dekso” sözü yazılmış boş yuyucu toz kisələri, 671 ədəd “Ariel” markalı müxtəlif tutumlu yuyucu tozlar, 1773 ədəd üzərində “Head & Shoulders” sözləri yazılmış saç şampunları və digər saxta məhsulları, Bünyadov Kamil Aydın oğluna məxsus “Mersedes Benz” markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində “Ariel” sözləri yazılmış 562 kq yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər, fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilib. İstehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.

Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülüb.  

O cümlədən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən, Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülüb.

Bundan başqa, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilərkən üzərlərinə ”Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı, Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR