İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda satılan qaçaqmal siqaretlər: Bunu hansı məmur himayə edir - REPORTAJ, FOTOLAR

13862 06.09.2017 19:39 Reportaj A A

Aksiz markasız siqaretlərin satışı qanunla qadağan olunsa da, görünür, bu qadağaları ciddiyə alan yoxdur. Dəfələrlə Dövlət Gömrük Komitəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmək istənən, Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Gömrük Komitəsi tərəfindən təkcə bu il ayrı-ayrı tarixlərdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37.000 ədəd "MAC", "Mond", "CK", "NZ", "Alster", "Comet", "GM", "Continent", "Gold Mount", "RC", "Senator", "Omega", " Ascent", "Cavallo", "Milano" və "Manchester" adlı siqaretlər, 5600 ədəd "Golden gate", 800 ədəd üzərində "GSS", 1800 ədəd üzərində "Brilliant", 5000 ədəd üzərində "OSCAR", 6000 ədəd üzərində "KİNG", 8000 ədəd üzərində "MM" və 408000 ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

Bütün bunlara baxmayaraq aksiz markasız siqaretlərin satışına tez-tez rast gəlirik. Bu cür siqaretlərin satışı qanunvericilikdə qadağan olunsa da, qanunu heçə sayıb, qaçaq malların satışını həyata keçirənlər də az deyil. Ekpertlərin fikirincə bu cür siqaretlərin qanunsuz satışı ilə yanaşı, insanların da həyatı təhlükəyə atılır.

Musavat.com-un müxbiri paytaxt ərazisində qanunsuz siqaret satışı həyata keçirən mağazaların axtarışına çıxıb. Apardığımız müşahidə zamanı aksiz markasız siqaret satışı ilə məşğul olan kifayət qədər satıcıya rast gəldik.

Əsasən metro ətraflarında, ara küçələrdə, hətta köşklərdə belə aksiz markasız siqaretlərtin satışı həyata keçirilir. Satışda İran, İsveçrə, Rusiya, Gürcüstan istehsalı olan ümumlikdə 10-15 növdə siqaret satılır. Metro ətrafında küçə ticarəti ilə məşğul olanlar açıq şəkildə siqaret satışı həyata keçirir.

Müştəri qismində satıcı ilə həmsöhbət olduq. Onun sözlərinə görə, siqaretlərin keyfiyyəti heç də mağazalardakı siqaretlərdən fərqlənmir: “Aksiz markası olmasa da, tələbat çoxdur. Buna əhəmiyyət verən yoxdur. Əsasən siqaretlərin bahalaşmasından sonra bu cür siqaretlərə tələbat artdı. Təkcə mən satmıram ki, hər yerdə var. Keyfiyyəti də heç də o biri siqaretlərdən fərqlənmir”.

Aksiz markasız siqaretlərin qiymətlərinə gəldikdə isə 1 manatdan, 4 manata kimi dəyişir. Bu bazarda ən ucuz İran istehsalı olan siqaretlər sayıldığından tələbat da çoxdur. Ən çox satılanlar isə “NZ”, “Black Stone”, “Senator”, “Matrix”, “Forman”, “Captain black”, “Monus, “Comet”, “Cavallo”, “Winchester” markalı siqaretləridir.

Bu cür siqaretlərin köşklərdə də satılıb-satılmadığını öyrənmək üçün onlara da baş çəkdik. Bir neçə dəqiqə müşahidəmiz köşklərdə də eyni mənzərəni ortaya çıxardı. Səyyar satıcılardan fərqli olaraq köşklər piştaxta altından satırlar. Yəni gizli şəkildə... Köşklərin satış qaydaları da var. Hər adama da satmırlar, ehtiyyat edirlər. Siqaretin adını düzgün söyləməsən, bu cür siqaret almaq şansın olmur.

Bu cür siqaretlər nisbətən ucuz olduğundan vətəndaşlar üstünlük verirlər. İsveçrə istehslı olan “Malboro” siqaretlər arasında ən bahalısıdır, qiyməti 5 manatdır.

Məsələ ilə bağlı Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynovdan münasibət öyrəndik. E.Hüseynov qaçaqmalçılıq yolu ilə satışda olan siqaretlərin qanunla yolverilməz olduğunu və məmur himayəsində olduğunu bildirdi: “Reallıq qanunların dəbilqəsini deşir, keçir. 2002-ci ildən Azad İstehlakçılar Birliyi aksiz markası olmayan, təhlükəli, qaçaqmalçılıqla gətirilmiş siqaretlərin monitorinqlərini aparıb, ekspertizalardan keçirib, dövlət orqanları arasında onların satışları barəsində məsələ qaldırıb. Buna baxmayaraq bu gün Heydər Əliyev Mərkəzinə yaxın yerdə qaçaqmalçılıqla gətirilmiş siqaretlərin satışı həyata keçirilir. Ən acınacaqlı məqam odur ki, bu uzun illərdir ki, davam edir. Deməli, hansısa məmur bunu himayə edir”.

E.Hüseynov bu cür siqaretlərin nəinki gizli yerlərdə, hətta qəzet köşklərində belə satışının həyata keçirildiyini bildirdi: “Qaçaqmalçılıqla gətirilmiş siqaretlər aşkar formada qəzet köşklərində də satılır.Və əhalini inandırırlar ki, guya həmin siqaretlər yaxşıdır. Azad İstehlakçılar Birliyi dəfələrlə məsələ qaldırıb ki, siqaretlərin qiyməti bahalaşdırılsın. Biz bunu əhalinin siqaretə tələbatının azalması üçün tələb irəli sürdük. Bu zaman siqaretlərin qiymətləri qaldırılanda qaçaqmalçılıqla gətirilən siqaretlərə tələbat çoxalacaq və bazarda özünə daha geniş yer tapacaqdır. Bütün bunlar anormal hallardır. Dövlətin qanunlarının pozulmasıdır. Qanunların keşiyində duranlar gərək bunların qarşısını alsınlar.

Artıq bu ilin may ayından Şəki şəhərində siqaret istehsalçıları peyda olub. Təhlükəli, filtirsiz siqaretlər istehsal edirlər. Dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışıq ki, bu cür təhlükəli siqaretlərin istehsalının qarşısı alınsın. Hətta İqtisadiyyat Nazirliyinin antinhisar siyasəti idarəsinin rəis müavini İlqar Sadıqovun bizə rəsmi məktubu var ki, bu siqaretlərin istehsalı və satışı qadağan olunur. Lakin Süleyman Rəhimov 188 ünvanında, III mikrorayon dairəsində satışı davam edir. Biz bu siqaretləri ekspertizadan keçirmişik və məlum olub ki, nikotin normadan 67 faiz çoxdur. Birinci növbədə bu cür siqaretlərin istehsalına sertifikat verilməməlidir”.

Məğrur Mərd,
Musavat.com,
Fotolar müəllifindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR