Bakıda sakinlər iki dövlət qurumunun fəaliyyətindən narazıdır: “Söküb, dağıdırlar…” FOTOLAR , VİDEO
Xətai rayonu, Zığ qəsəbəsi, A.Naximov küçəsinin yolu bərbad durumdadır. Belə ki, küçədə asfaltlama aparılan zaman yeraltı əsas su xətti zədələndib, nəticədə əhalinin hərəkət etdiyi yolda gölməçələr yaranıb, həyətlərə su dolub. 5-6 binanın gediş-gəlişi üçün yeganə yol bura olduğundan sakinlər 10 gündən çoxdur ki, cana yığılıb. Əhali hər gün gölməçələrin içərisindən keçmək məcburiyyətində qalırlar.
Musavat.com-un əməkdaşına danışan küçə sakinləri yolun bu vəziyyətə düşməsində “Azəravtoyol” MMC-nin nümayəndələrinin səhlənkarlığı üzündən yarandığını bildirdilər: “ 10 gündür ki, yolumuz acınacaqlı durumdadır. Bunun günahkarı “Azəravtoyol” MMC-dir.Təqribən 10-15 gün əvvəl yolun kənarlarında qazıntı işləri aparırdılar. Qazıntı zamanı yeraltı gedən su borularını zədələdilər.Gördülər ki, səhv qazıblar, deşilən yeri bərpa etməmiş,digər yerdən qazmağa başladılar. Bir-iki yerdən calaq atıb, guya bərpa etdilər.Suyun təzyiqi yüksək olduğundan yerdən qaynamağa başladı və qısa zamanda dərin gölməçə yaratdı. Problemi onlara bildirsək də, “narahat olmayın, düzəldəcəyik” dedilər. Artıq iki həftəyə az qalıb, bu problemi həll edən yoxdur.Söküb dağıdırlar ancaq bərpa etmirlər”.
Bina sakini Elman İsgəndərov problemlə bağlı “Azərsu” ASC-nin nümayəndələrinə müraciət etdiyini, lakin heç bir nəticə vermədiyini bildirdi: “Gölməçə o qədər böyüdü ki, keçmək mümkünsüz idi. Ərazi üzrə “Azərsu”-nun nümayəndələrinə bildirdik ki, artıq yol keçilməzdir, bir əlac edin. Texnika vasitəsi ilə suyu çəkib, kənara vurmağı xahiş elədik. Onlar da bizi başlarından etdilər.Dedilər ki, kim su xəttini sıradan çıxarıb, ondan tələb edin. Bizlik deyil. İndi “Azərsu” ilə “Azəravtoyol” arasında qalmışıq...”
Ərazidə olduğumuz zaman “Azərsu” ASC-nin əməkdaşları ilə qarşılaşdıq. Nümayəndələr onlara yaxınlaşan sakinləri və bizi görüb, xidməti avtomobilləri ilə yüksək sürətlə gölməçənin içərisindən keçib, ətrafdakı narazı sakinləri palçığa bürüdü.
Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz
Məğrur Mərd
Fotolar və video müəllifindir






