Xətai rayonu, Naximov qəsəbəsi, döngə 2, ev 118 ünvanında yaşayan Elmira adlı qadın bütün məhəllə sakinlərini narahat edir.
Musavat.com xəbər verir ki, buna səbəb, onun xüsusi xəstəliyidir. Belə ki, rus əsilli Elmira adlı qadın küçədə, yolda, başqa ərazilərdə gördüyü zibilləri gətirib həyətinə, evinə yığır.
Bu proses uzun zamandır davam etdiyi üçün artıq onun həyətinin darvazası zibil çoxluğuna görə açılmır. Qonşular zibilliyin iyindən əziyyət çəkir. Yayda qoxudan küçədən keçmək belə mümkün deyil.
Siçovullar zibillikdə məskən salıb, oradan da qonşuların evlərinə keçirlər. Sakinlər mövcud durumdan çox narazıdırlar: “Biz demirik ki, bu qadını evindən çıxarsınlar, qovsunlar. Sadəcə bu zibilliyi təmizləsinlər, evimizdə otura bilmirik, küçədə dayanmaq mümkün deyil. Bir arabası var, nə qədər zibil tapırsa yığıb gətirir buraya, bezmişik artıq. Nə desək də faydası olmur”.
Sakinlərin narazılıq etdiyi həyətə biz də baş çəkdik. Daha doğrusu, hasarın üzərinə çıxıb oradan həyətə göz gəzdirdik. Buraya ev, həyət demək mümkün deyil. Çünki zibilxana ilə arasında heç bir fərq yoxdur.
Azərbaycanda oxşar hadisə daha əvvəl də yaşanıb. Evini zibilxanaya çevirənlər yenə qonşuların şikayəti əsasında aşkar edilib.
Qeyd edək ki, bu, xüsusi bir xəstəlikdir. Buna yoluxan insanların sayı elə də çox deyil, amma çarəsi çətin tapılır. Bunun üçün xüsusi psixoloji müalicə almaq mütləqdir.
Məhəmməd Türkmən
Fotolar müəllifindir
Musavat.com






