İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda polis postlar artırıldı, nəzarət gücləndirildi - REPORTAJ, FOTOLAR

2053 16.04.2020 20:12 Reportaj A A

Paytaxtda ötən gündən, yəni aprelin 15-dən etibarən nəqliyyat vasitələrinin nəzarət-yoxlanışı gücləndirilib. 

Buna Musavat.com üçün reportaj hazırlayarkən şahid olmuşuq. Bakıda son iki gündə polis postlarının sayı artırılıb, sürücülərin yoxlanması daha da sərtləşdirilib.

Demək olar ki, şəhərdə hər addımbaşı polis postları qarşımıza çıxırdı. Səbəb isə vəziyyətdən müxtəlif yollarla sui-istifadə edənlərin olmasıdır. 

Eyni zamanda yollarda postların və yol polisi əməkdaşlarının az olduğunu görən sürücülər arxayınlaşıblar, SMS yazmadan şəhərə çıxıblar, nəqliyyatın hərəkəti artıb. 

Elə həm Dövlət Yol Polisi, həm Bakı Nəqliyyat Agentliyinin açıqlamalarından görünürdü ki, paytaxtda nəqliyyat vasitələrinin hərəkəti çoxalıb. 

Ona görə də tədbirlər sərtləşdirilib, yoxlanış güclənib. Məsələn, metronun “20 Yanvar” stansiyası istiqamətində “Şamaxinka” və Alatava ərazilərində postlar qurulub. Ardınca, “20 Yanvar” dairəsindəki Şəhidlər abidəsinin qarşısında maşınlar yoxlanılır.

Həmçinin, Tiflis prospektinə doğru yolda yenə avtomobillərin hərəkəti məhdudlaşdırılır, yoxlanışa görə tıxac yaranır. 

Eyni zamanda Dərnəgül yolunda da nəzarət gücləndirilib və Olimpiya Stadionuna yaxın ərazidə avtomobillərin saxlanaraq, sürücülərin icazəsinin olub-olmadığı araşdırılır. 

Müşahidələrimizə əsasən deyə bilərik ki, oxşar vəziyyət metronun “Neftçilər” stansiyasından Bakıxanov qəsəbəsinə doğru istiqamətdə də yaşanır. 

Hətta bu massivdə iki posta rast gəldik. Onlardan biri məscidlə paralel yolda, biri isə Qaraçuxurla Bakıxanov qəsəbələrini bir-birindən ayıran dairədədir. Sonuncu ərazidə yoxlanış daha ciddi olduğuna görə nəqliyyatın hərəkətində sıxlıq yaranmışdı.

Bundan başqa, Bakıxanov qəsəbəsindəki “Razin stansiyası” kimi tanınan dairədə polis əməkdaşları sürücüləri tək-tək yoxlayırlar. 

Həm qəsəbənin içinə, həm Dərnəgül istiqamətinə doğru gedənlər saxlanılırdı. Eyni zamanda “Komsomol” dairəsindən Heydər Əliyev prospektinə doğru çıxışda da postlar qurulub.

Bir sözlə, şəhərdə son iki gün ərzində sürücülərin yoxlanılması gücləndirilib. Halbuki, xüsusi karantin rejimi olan əvvəlki günlərdə bu cür ciddi yoxlanışın şahidi olmamışdıq. 

Öyrənirik ki, məqsəd xüsusi karantin rejiminin pozulması hallarının artmasının qarşısını almaqdır. Çünki son iki günə qədər postların az olmasından sui-istifadə edənlər olurdu.

Qeyd edək ki, xüsusi karantin rejiminin pozulmasına görə 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 923 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR