Ov silahlarını neçəyə almaq olar?
Respublika Ovçuluq və Balıqçılıq Birliyinin yerləşdiyi Mətbuat prospektində də silah mağazaları var. Bu mağazalarda müxtəlif növ silahlar satılır. Satışa qoyulan silahların qiyməti müxtəlif məbləğlər arasında dəyişir. Burada ov tüfəngi (təklülə və qoşalülə) 500-4000 manat arasındadır. Silah satışı mağazalarında “Makarov” olmasa da, AK-74 kimi silaha da rast gəlmək mümkündür. Ancaq satıcılar deyir ki, bu növ silahlar “Kalaşnikov” avtomatı deyil. Ov silahlarının satışı ilə məşğul olan Fazil deyir ki, ən ucuz silah 800 manata olan təklülədir: “Əgər alıcının silah almaq fikri dəqiq olarsa, o zaman qiymətdə endirim edirik. Bizim mağazada ən baha silah qoşalülə və ”beşatılan" deyilən silahdır. Bu silahın qiyməti 5-8 min manat arasındadır".
“Təzə bazar” yaxınlığındakı silah mağazasında da müxtəlif çeşidli ov silahları satılır. Beşatılan, qoşalülə, “Vinçester”, “Mauzer” və s. ov silahlarını müxtəlif qiymətlərə əldə etmək olar. Mağazanın satıcısı deyir ki, tapança və ordunun istifadəsində olan avtomatik silahların satışına icazə yoxdur: “Ancaq Bakıda ov silahlarına tələbat çoxdur. Ov mövsümündə müştərilərimiz çox olur. Amma indi bazarımız ”ölüb". Onu deyək ki, Bakıdakı bir neçə silah mağazası artıq bağlanıb. Onlardan biri də Nizami rayonu ərazisindəki “Ovçu Pirim” mağazasıdır. Satıcılar bunun səbəbini silah satışına nəzarətin gücləndirilməsi ilə izah etdilər.
Silah satıcıları deyirlər ki, ov silahlarının qiyməti istehsal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir. Ancaq qiymətlərdə güzəştlər də edilir. Bu mağazada “Vinçester” markalı silahın ən ucuzu 1800-2000 manat, ən bahalısı isə 8000 manat dəyərindədir. Bundan başqa, Rusiya istehsalı olan ov silahı “Mp512" 12 kalibr 1500-2000 manat, ”Komando" 700-800 manata satılır. Türkiyə məhsulu “Huglu 58" 1500-2000, alman istehsalı ”Moizberg" 1500-3000 manatadır. Patronların qiyməti isə 20 qəpik-1 manat arasında dəyişir. Onu da qeyd edək ki, ovçu mağazalarında əsasən Türkiyə, Rusiya, İtaliya istehsalı olan silahlar satılır.
Silah gəzdirməklə bağlı xeyli məhdudiyyətlər var
Silah satışı ilə məşğul olan Ədalət deyir ki, silah almaq üçün mağazaya hökmən DİN-dən “Forma-4" arayışı təqdim etmək tələb olunur: ”Bu arayışı mağazaya təqdim etməyən şəxsə silah satışı qadağandır. Arayışı isə silah əldə etmək istəyən hər bir şəxs yaşadığı rayonun polis idarəsindən ala bilər". Amma hər bir kəs istəyindən və arzusundan asılı olaraq silah əldə edə bilməz. Bu məsələ “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənir. Qanunda silah almaq, silah gəzdirməklə bağlı xeyli müddəalar var. Xidməti silah müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi əsasında, dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Yalnız bu cür icazəsi olan hüquqi şəxslər odlu silahı və onun döyüş sursatını əldə edə bilərlər. Həmin qanunun tələblərinə görə, 18 yaşına çatmış ölkə vətəndaşlarının mülki silah almaq hüququ var. Bunun üçün insan həm də sağlam olmalıdır. Alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabliyyətinin pozulması ilə bağlı problem olduqda vətəndaşın silah əldə etməsi qadağandır. Əgər vətəndaş ağır cinayətlərə görə məhkum olunubsa, həmin şəxsin mülki və xidməti silah əldə etməsi qadağandır. Əcnəbilərə silah satışına gəlincə, onlar vətəndaşlığı təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər.
Bəs Azərbaycanda nə qədər adamda qanuni silah var?
Ekspertlərin fikrincə, son illər ölkədə silahla törədilən cinayət olaylarının sayın ciddi şəkildə artıb: “Əhalidə kifayət qədər odlu silahlar var və onun əksəriyyəti qanunsuzdur». Respublika Ovçuluq və Balıqçılıq Birliyindən bildirdilər ki, qurumun 20 minə yaxın üzvü var. Ancaq bütün üzvlərin silahı yoxdur: ”Elə ovçu var ki, silahı yoxdur, sadəcə, bizim cəmiyyətin üzvüdür. Elə ovçu da var ki, iki silahı var. Mümkündür ki, bəzi ovçuların 3 silahı olsun". Qurumdan Azərbaycanda silahı olan ovçuların sayını bilmədiklərini dedilər: “Bunu ilk olaraq araşdırmaq və dəqiq sayını çıxarmaq lazımdır. Əslində isə insanlara nə qədər silah satıldığını Daxili İşlər Nazirliyindən öyrənmək lazımdır. İndi silah almaq üçün heç də Ovçular Birliyinə üzv olmaq lazım deyil. 2006-cı ilə qədər silah almaq istəyən hər bir ölkə vətəndaşı hökmən Ovçuluq və Balıqçılıq Birliyinin üzvü olmalı idi. Ancaq 2006-cı ildə DİN yeni daxili təlimat qəbul edib. Həmin təlimata görə, əgər vətəndaş silah almaq istəyirsə, heç də vacib deyil ki, bunun üçün Ovçular Birliyinin üzvü olsun”. DİN-dən də Azərbaycanda neçə vətəndaşa silah satılması ilə bağlı konkret rəqəm açıqlamadılar.






