İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən böyüdükcə, kiçilənlər - Azərbaycanı hədəf alanların xain planları

11619 11.01.2021 11:35 Yazarlar A A

Bunun adı düşmənçilikdir. Hədəfləri heç də hakimiyyət və prezident deyil. Elə təqdim edirlər ki, guya İlham Əliyevlə mübarizə aparırlar. Amma hədəf Azərbaycandır! Millət və onun maraqlarıdır! Bu adamlar Qarabağdakı uğura, qələbəyə ermənilər qədər kədərlənir, düşmən qədər əsəbiləşir, sarsılırlar. Sanki bir mərkəzdən idarə olunurlar: eyni anda hücuma keçirlər, eyni vaxtda Azərbaycanın maraqlarını hədəf alırlar. Heç cür barışa bilmirlər ki, İlham Əliyev Qarabağı işğaldan azad edib. Bu fakt onlar üçün dəhşətli gerçəklikdir. Ölümə bərabər bir məsələdir. Ona görə də millət və dövlət adına olan qələbəmizi gözdən salmaq üçün əl atmadıqları pislik qalmayıb. Oturub-durub bir şey deyirlər: “İlham Əliyev Qarabağı ruslara satdı”. İctimai rəyi bu cür çürük və əsassız, amma populist, "qara piar"a yatan bir tezislə manipulyasiya edirlər. Kompüter başında, klaviatura arxasında, əllərində telefon gözləyirlər ki, Azərbaycan üçün pis nəsə olsun və bundan "qara piar" üçün istifadə etsinlər.

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyəti istiqamətində olan xəbərləri əsla tirajlamırlar. Əksinə, bu cür ciddi bir gerçəyin, faktın əhəmiyyətini azaltmaq üçün gecə-gündüz çalışırlar. Türkiyə hərbçilərinin Bakının mərkəzində parad hazırlıqları zamanı yayılan videolarını təqdir edən bir cümlə belə yazmadılar. Bu videolar onlara ağır zərbə idi. “Qarabağı ruslara satdılar” tezisini məhv edirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr Zəfər Paradında iştirakını, orada etdiyi tarixi çıxışını da görməzdən gəldilər. İşlərinə yaramırdı axı. Bu adamlara pis ssenarilər lazımdır. Azərbaycan üçün nə qədər pis olsa, bunlar üçün bir o qədər yaxşı olar. Pislikdən var olan, fəlakətə sevinən, məğlubiyyətdən enerji yığan bir dəstədən başqa nə gözləmək olar!? Bu adamların tərcümeyi-halında, şəxsi və siyasi həyatlarında uğur adına bircə fakt yoxdur. Ona görə də Qarabağı işğaldan azad edən, Şuşanı fəth edən bir komandana nifrət etmələri hardasa təbii qəbul edilməlidir.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər

İlham Əliyevin qalib lider kimi tarixə düşməsi bunlar üçün ən pis aqibətdir. 1988-ci ildən indiyədək davam edən proseslərin şəriksiz lideri guya bunlardır. Meydan hərəkatı, Müstəqillik Aktının qəbul edilməsi, Azərbaycanın suveren dövlətə çevrilməsi bunların adına bağlıdır. Baxmayaraq ki, bu elə bir proses idi ki, bunlarlı-bunlarsız bu cür yekunlaşacaqdı. Ssenari əvvəldən yazılmışdı. Bütün müttəfiq respublikalarda gedən proseslər Azərbaycanda da təkrarlandı. SSRİ-ni təşkil edən hansı respublika o ərəfədə müstəqil dövlətə çevrilmədi? Hamısında Xalq Cəbhələri yaradıldı, hər birində eyni proses getdi və yekunlaşdı. Bunların yerinə bir başqası da olsa, Azərbaycan yenə də müstəqillik qazanacaqdı. Amma bu adamlar həm də Azərbaycanın son 33 ildə başına gələn fəlakətlərin, faciələrin baiskarı və iştirakçılarıdırlar. Bu qədər qırğın oldu, birinin burnu qanamadı. 20 Yanvardan, Xocalı qırğınından, Şuşanın, Laçının işğalından, 1993-cü ilin iyun qiyamından salamat çıxdılar. Çünki ən kritik vəziyyətlərdə aradan çıxmağı bacardılar. Milləti rus hərbçiləri, erməni terrorçuları, qiyamçı hərbçilərlə üz-üzə, baş-başa qoyub, hərəsi bir tərəfdə qaçıb gizləndi.

Son günlərdə Türkiyə Silahlı Qüvvələrinin (TSK) Azərbaycanın ayrı-ayrı aerodromlarına enən hərbi təyyarələri haqda intensiv məlumatlar yayılır. Azərbaycan xalqının gözlədiyi proses start götürüb. Həmin ağır tonnajlı təyyarələr birilərinin ürəyinə enir, üstündən keçir. Qəhr olurlar. Onlara görə, "İlham Əliyev Qarabağı ruslara satıb", axı. Bu türklər hardan çıxdı? Gül kimi qaramat PR aparırdılar. Qarabağ işğaldan azad ediləndə dovşana dönmüşdülər. İlham Əliyevə yaltaqlıq edirdilər. 10 noyabr razılaşması bunları "dirçəltdi". Hələ o vaxt yazırdıq ki, proses Azərbaycanla Türkiyənin xeyrinədir, bu iki dövlətin nəzarətindədir. Sadəcə rusların Qarabağda sülhməramlı rolunda olmaları bizə sərf edir. Xristian dünyasını, Ermənistan ictimaiyyətini sakitləşdirmək üçün bundan gözəl plan ola bilməzdi. Yazırdıq ki, Türk Silahlı Qüvvələri Azərbaycana yerləşib, yerləşəcək. 10 dekabr paradı bunun ən ciddi təsdiqi idi. Yazırdıq ki, ölkəmizdə Türkiyənin hərbi bazası yaradılacaq. Bu xain dəstə isə əksini iddia edirdi. Deyirdilər, hər şey pisdir. “Qarabağı ruslara satdılar!” İndi nə deyəcəklər?!

Qələbənin, uğurun, Qarabağın azad edilməsinin ləzzətini yaşamağa imkan vermədilər. Qan-irin saçdılar ətrafa. Milləti öz qələbəsindən çəkindirməyə çalışdılar. Hər şeydən əllərini üzmüş ermənilərə isə ümid oldular. Ermənistan mediası hər gün bunların açıqlamalarını yayır, təhlillərini tirajlayır. Bunlar ermənilər üçün tunelin sonundakı işıq oldular...

Hakimiyyətə gəlmək üçün əsas vasitə kimi gördükləri Qarabağ problemini İlham Əliyev Azərbaycanın xeyrinə həll edib. Qarabağ kartı təkcə hakimiyyətə gəlmək üçün lazım deyildi bunlara. Həm də hakimiyyətə təzyiq, iqtidarı şantaj üçün gərək idi. İndi bu resurs əllərindən çıxıb. Qalıblar girinc...

Virtual Qarabağ - Prezident İlham Əliyev: Şuşa işğaldan azad olunub

Adlarını müxalifətçi, qəzetçi, QHT-çi qoyub, Vətənə xainlik, millətə düşmənlik etdilər, etməkdədirlər. Ən böyük cavabı isə bunlara elə hədəf aldıqları şəxs - Qələbənin baş memarı Prezident İlham Əliyev verir. İlham Əliyev Azərbaycan üçün elə möhtəşəm işlər görür, elə nəhəng layihələr həyata keçirir ki, bu quşbaşlar bunu ya anlamır, ya da anlamaq istəmirlər. Bizə isə nəticə lazımdır, Azərbaycanın güclənməsi lazımdır. Bu xarabalıq bayquşları nə qədər ulasalar da, xeyri yoxdur. Onların səsini yaxında baş verəcək daha möhtəşəm qələbələr kəsəcək.

İlham Əliyev hədəfləri böyüdür. Qarabağdan sonra millətə daha böyük, daha vacib hədəf göstərir - Zəngəzur, Göyçə, İrəvan deyir prezident. İlham Əliyev hədəfləri böyütdükcə, bunlar əksinə, məhəllə davasına enirlər. Öz kiçikliklərindən elə qorxurlar ki... Şuşanın azad edilməsini hələ də sindirə bilmirlər. Digər ərazilərimizin işğaldan azad edilməsinə dözmürlər. O ki qaldı, Zəngəzurun geri qaytarılması prosesi baş verə. Azərbaycan əsgəri artıq Zəngəzur sərhədlərində dayanıb. Erməni terrorçularının hər dəfə Qarabağda törətdiyi təxribatdan sonra Ordumuz daha da irəliləyir, mövqelərini gücləndirir.

Vətən böyüdükcə, bunlar daha da kiçilir, balacalaşır, əhəmiyyətsizləşir. Ona görə hədəfləri Vətəndir. Vətən savaşı aparıb, qələbə qazanan Ali Baş Komandana qarşı əxlaqsızca savaş başladıblar. Üstəlik, internet resurslarında təxribatçı materiallar paylaşırlar. Ən axırıncı yola əl atırlar. Çünki tapşırıq belə gəlib. Fəqət elə savaşlar var ki, başlamadan məğlubiyyətə məhkumdur. Bakıda oturub ermənilərlə gizli işbirliyi içində olmağı, düşmənlə eyni plan və arqumentləri bölüşməyi, paylaşmağı nə hüquq, nə tarix, nə də millət sizə bağışlayacaq. Tarixdə öz ölkəsini hədəf alan, iqtidara gəlmək üçün düşmənlə ittifaqa girən xainlərin hansı ifşa olunmayıb? Siz də bu pis aqibətdən sığortalanmamısınız.

Bir adam göstərin ki, Əliheydər Qarayevin, Ayna Sultanovanın ünvanına yaxşı söz desin, ruhlarına rəhmət oxusun...

Azər AYXAN
"Yeni Müsavat" qəzetinin baş redaktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR