İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda onlarla uşaq ölüm təhlükəsi ilə üz-üzədir - REPORTAJ, VİDEO, FOTOLAR

2194 17.07.2016 15:37 Reportaj A A
Xətai rayonu, Gəncə prospekti 20A ünvanında yaşayan sakinlər məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olmasından narahatdırlar. Əvvəllər 16 mərtəbəli olan bina qəzalı durumda olduğu üçün 7 mərtəbəsini söküb və bu yolla təhlükənin qarşısını almağa çalışıblar. 

Lakin illər keçdikcə bina getdikcə daha çox qəzalı vəziyyətə düşdüyündən indi təhlükə  daha da artıb. Kənardan baxdıqda binanın sol hissəsinin çökdüyünü aydın şəkildə görmək olur. Bundan əlavə, kanalizasiya və qurunt sularının zirzəmiyə dolması binanın uçma təhlükəsini artırır.

Ən dəhşətli məqamlardan biri də indi 9 mərtəbəsi qalan binanın damında yaşayışın olmasıdır. Burada yaşayan sakinlər üçün ölüm gözlə qaş arasındadır. Məcburi köçkün ailələri illərdir ki, burada təhlükə ilə göz-gözə,  acınacaqlı durumda yaşayırlar. Azyaşlı uşaqlar elə yaşadıqları daxmaların qarşısında, binanın damında oynayırlar. Çəkiliş zamanı həmin yerə çıxmaq bizim üçün çətin olsa da, onlar üçün artıq adiləşib. Gözlərini binanın damında açan, orada doğulub, böyüyən uşaqlar hər an 9-cü mərtəbədən aşağı düşüb, ölə biləcəklərini düşünmürlər. 

Burada mənzərə insanın qanını dondurur. Binanın damı uşaqlar üçün oyun məkanına çevrilib. Damın kənarlarına isə heç bir qoyucu sədd çəkilməyib. Kiçik bir diqqətsizlik ölümlə nəticələnə bilər. 

Füzuli rayonundan məcburi köçkün olan Yasin Əliyev binanın damında yaşamağa məcbur olduqlarını bildirdi: “Əlacsız qalmışıq. Qaçqın düşəndən  elə burada məskunlaşmışıq. Binanın damı uşaqlarımızın oyun meydançasına çevrilib. Nə qədər nəzarət etsək də, mümkün deyil. Bundan əlavə, binanın həyətinə düşmək üçün yeganə çıxış yolu binanın damındandır. Məcbur qalıb, təhlükəli yollarla aşağı düşürük. Bu ilin mart ayından Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi tərəfindən siyahılaşma aparılıb ki, köçürmə olacaq. O vaxtdan bu günə kimi heç kim bizimlə maraqlanmır. Binanın qəzalı vəziyyətdə olması sakinləri qorxuya salır. Dəfələrlə aşağı mərtəbələrdən yıxılanlar olub. Mənzillərdə iri çatlar yaranıb, tavan çökür. Bu qədər insan ölümün bir addımlığındadır. Aidiyyatı qurumlara bu barədə şikayətlərimizi bildirsək də, heç bir nəticə verməyib”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllfindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR