İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Novruz akssessurları neçəyə satılır?- Bazardan Reportaj, FOTOLAR  

1039 19.03.2023 21:00 Reportaj A A

 

Martın 20-si və 21- ölkəmizdə Novruz bayramı qeyd olunur. Hər kəs bu gündən bayram süfrəsi üçün  hazırlıqlar görməyə başlayıb. Növbənöv təamlar, şirniyyatlar bişirməklə yanaşı, həm də adətə görə Novruz bayramının rəmzlərindən olan Novruz xonçasını da bəzəmək lazımdır. Son illər  xonçanı bəzəmək üçün növbənöv aksessuarlar satılır. 

Musavat.com-un  əməkdaşı belə aksessuarların satıldığı ünvanlardan birində, 28 may metrostansiyasının yaxınlığında yerləşən topdan və pərakəndə satış bazarında olub, qiymətlərlə maraqlanıb. 

Bazarda olduğumuz zaman öyrəndik ki, boş səbətlərin qiyməti 5 manatdan başlayır, ən böyüyü 19 manatdır. Milli geyimli bəy və xanım kuklalarının qiyməti 4-10 manat arasında dəyişir. Buta formasında bölmələri olan naxışlı kiçik qutular 4-6 manata, nisbətən böyük olanlar 20-30 manat satılır. Şamlar 0,50 -1 manatdır. 

Növbənöv səmənilər isə müxtəlif qiymətlərə satılır: ən kiçikləri 2-2.50 manat, ürək formasında olanlar 7-15 manat, bəzəkli səmənilər isə 10 manatdan təklif olunur. Yumurta bəzəmək üçün şəkilli kağızlar 0.50 AZN-dir. Xırda aksessurlara gəlincə, 0,10, 0,20 AZN-ə satılır. Suvenir kuklaların qiyməti isə 6-8 manatdan başlayır. Araqçın 12 manata satılır. 

Bəs alıcılar qiymətlərlə bağlı nə düşünürlər?

Musavat.com olaraq onların da fikirlərini aldıq. Bakı sakini Aydan Qədirova bildirdi ki, başqa yerlərə baxanda burada qiymətlər münasibdir: “Ancaq ötən illərlə müqayisədə qiymətlər bahalaşıb. Amma nə edək? Müqəddəs bayramımızdır. Adam istəyir süfrəsi gözəl görünsün".

Digər alış-veriş edən Tamilla Bayramova bildirdi ki, qiymətlər normaldır:

“Əslində, büdcən varsa, bayramı gözəl keçirmək olar. Baxın, necə gözəl aksessuarlar satılır. Mən lazımlı hər şeyi aldım. Hətta qızım üçün araqçın da aldım, təxminən 20-25 manat xərcim çıxdı".

Ülviyyə Əliyeva isə dedi ki, əgər çox şey almaq istəsək, pulumuz çox çıxar:

“Mən səmənini özüm qoymuşdum. Əgər təzə kuklalar varsa, alacam. Keçən il bir neçəsini almışdım. Təxminən, yadımda qalan qədər qiymətdə cüzi artım var".

Bakı sakini Hüsniyyə Fərhadova ilə söhbətimiz zamanı o da bildirdi ki, aksessurlar əsasən uşaqların xoşuna gəlir: “Onları sevindirmək üçün almağa gəlmişik. Məktəbdə bayram şənliyi üçün də bazarlıq etmişdik. Novruz çox xərc tələb edən bayramdır. Gərək əvvəldən hazırlıqlı olasan. Təbii ki, imkanın varsa". 

Nigar HƏSƏNLİ,
Musavat.com
Fotolar müəllifə məxsusdur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR