İƏT Gənclər Forumu fəaliyyəti barədə hesabat verib
İyunun 1-də İslam Əməkdaşlıq Təşkilatlı (İƏT) Gənclər Forumu Bakıda iftar mərasimi və təşkilatın fəaliyyətinin təqdimat mərasimini təşkil edib. Mərasimdə müsəlman ölkələrinin Bakıda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, dövlət və ictimai təşkilatların, habelə təhsil və media təmsilçiləri iştirak edib.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi Mətbuat Xidmətinin məlumatına görə, İƏT Gənclər Forumunun 57 müsəlman ölkəsini əhatə edən beynəlxalq layihələrini əks etdirən tanıtım filmindən sonra çıxış edən Forumunun sədri səfir Elşad İskəndərov rəhbərlik etdiyi təşkilatın son bir ildə gördüyü işlər barədə məlumat verib.
“Forumun əsas fəaliyyət istiqamətlərindən birinin həmrəylik olduğunu nəzərə alsaq, ilin ən mühüm hadisəsi əlbəttə, bu ilin aprelində Bakıda Azərbaycan hökumətinin ev sahibliyi ilə keçirilən İƏT Gənclər və İdman Nazirlərnin 4-cü sessiyasını, eləcə də İƏT tarixində ilk dəfə olaraq qəbul edilən Gənclər Strategiyasını qeyd etməliyik. Bu strategiyanın vacibliyi hər şeydən öncə onun əməli həmrəylik üçün fundament rol oynamağındadır. Nazirlərin Bakı görüşündə eləcə də Ortaq Gənclər Fəaliyyət Planı qəbul edilmişdir ki, bu sənəd İƏT məkanında konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur”, - deyə E.İskəndərov bildirib.
E.İskəndərov qeyd edib ki, 2004-cü ildə Azərbaycan hökumətinin dəstəyi ilə Bakı şəhərində Foruçun təsis assambleyası, 2006-cı İstanbulda Türkiyə və Azərbaycanın birgə dəstəyi ilə baş qərargahının təsis edilməsi, eləcə də 2010-cu ildə Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkilatın Bakıda diplomatik status verilməklə Avrasiya üzrə Regional Mərkəzinin yaradılıb.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov çıxışında Forumun həyata keçirdiyi beynəlxalq layihələr, - Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənclər Paytaxtı, İƏT Start-up platforması, İƏT ölkələri üzrə ilk Gənclər Hesabatı, İƏT Gənclər Yay Düşərgələri, bu proqramlar çərçivəsində keçirilən mədəni və maarifləndirici tədbirlər barədə iştirakçılara məlumat verib. Sonda Forumun yaradılmasının ideya müəllifi kimi, eləcə də beynəlxalq layihələrin həyata keçməsində böyük rol oynamış İƏT Gənclər Forumunun sədri Elşad İskəndərova öz təşəkkürünü bildirib.
Tədbirin sonunda bu illər ərzində İƏT Gənclər Forumu ilə yaxından əməkdaşlıq etmiş diplomatik nümayəndəliklər və yerli qurumlar Forum tərəfindən xatirə hədiyyələri ilə təltif edilib.
Musavat.com








