Bakıda mundial həyəcanı: “Futbol qumarı” ən qazanclı günlərini yaşayır - FOTOLAR
Bukmeyker məntəqələrində gecə coşqusu - kiminin əsəbləri tarıma çəkilir, kimisi gərginlikdən dırnaqlarını yeyir, hirsindən əlini stola çırpır, kimisi də sevincindən az qalır ki, televizor yarıb...
Bakının “Topaz” məntəqələri qaynayır. Əməkdaşımız ötən gecə mundialın növbəti oyununu totalizator məntəqələrindən birində izləyib və izdihamın şahidi olub. Şəhərin bukmeyker klubları azarkeşlərin və futbol qumarı oynayanların əlindən “dolub-daşır”.
Artıq iki ildən çoxdur ki, yığışdırılan qara bazardan sonra bukmeyker məntəqəsi kimi yeganə “Topaz” fəaliyyət göstərir. Paytaxtın elə bir nöqtəsi tapılmaz ki, o yerdə “Topaz” olmasın və mundial həyəcanı hiss edilməsin.
Dünya çempionatının oyunları qızışdıqca, növbəti mərhələ ilə bağlı həlledici oyunlar yaxınlaşdıqca mərc qoyanların sayı da artır. Gecə saatlarında “Topaz” məntəqələrində “iynə atsan yerə düşməz”. Kiminin əsəbləri tarıma çəkilir, kimisi gərginlikdən dırnaqlarını yeyir, kimisi hirsindən əlini stola çırpır, kimisi də sevincindən az qalır ki, televizoru yarsın, içinə girib Braziliyaya getsin. Bax, belədir, iyunun 12-dən Bakının bukmeyker məntəqələrindəki ümumi mənzərə...
***
İyunun 23-də Meksika-Xorvatiya qarşılaşmasını “Topaz”da izləyərkən inanılmaz bir həyəcan müşahidə olunurdu. Yaxınlıqdakı stolda oturan gənc Xorvatiyanın qələbəsinə 20 manat yatırmışdı. Bir başqa masada Meksikanın heç-heçə və ya qələbəsi üçün uduş qoyanlar var idi.
Onlarla belə masada fərqli hesablar verənlər var idi. Məntəqə iki cəbhəyə bölünmüşdü. Və matçın 70-ci dəqiqəsinə qədər hər iki tərəf təlaş içindəydi. Meksikanın qələbəsinə 50 manat yatıran yekəqarın, bariton səsli bir ağsaqqal isə diqqətimizdən yayınmırdı. Meksikanın hər hücumunda nəfəsini dərib, pivənin bakalını başına çəkir, siqareti damağına qoyub, tüstülədirdi. O gecə Meksikanın qələbə qazanacağı halda 65 manat qazana biləcəkdi.
Oyunun ümumi hesabına 3 qoldan çox vurulacağını proqnozlaşdıranlar da var idi. Həmin ağsaqqal və Meksika kimi onlar da axşamın qalibləri idilər. Sanki qrupdan növbəti mərhələyə Meksika yox, özləri çıxmışdılar.
Ancaq futbol qumarından əldə etdikləri mənfəətlə çətin ki, qane olsunlar. Öz aralarında növbəti oyunu - Uruqvay və İtaliya görüşünü müzakirə edib, hansı hesabı atmaq lazım olduğunu danışırdılar. Deyim ki, ən çox Uruqvayın qələbəsinə uduş qoyanlar var idi.
***
Doğrudur, bu reportaj çapa gedəndə artıq yuxarıda sadalanan oyunlar bitmiş olacaq. Sadəcə, “Topaz” məntəqələrində mundial bayramının hansı səviyyədə getdiyini qeyd etməliyik. Oyunçular əsasən matçların gedişində hesab qoymağa üstünlük verirlər.
Məsələn, ilk hissəsinin hansı hesabla başa çatacağına, ikinci hissədə neçə qol vurulacağına belə “onlayn” uduş qoyulurdu. Böyük pulların dövr elədiyi “Topaz” klublarında daha çox tələbələrə rast gəlmək olar.
Futbola evdə tək baxmağa darıxan tələbə Niyazi deyir ki, dostları ilə hər axşam yığışırlar: “Həm adam oyunun kefini çıxarır, həm 3-5 manat udub çayın, pivənin pulunu çıxardırıq. Vallah çempionat qurtarsın, “şot” atmayacam. Oyunun ləzzətini artırmaq üçün uduş qoyuram ki, həyəcan yaşayım. Düzü, çempionat başlayandan oynayıram, hələ böyük pul udmamışam. Olub ki, 10 manat atmışam, əlavə 6-7 manat qazanmışam”.
Şahin adlı başqa bir gənc isə deyir ki, kim hisslərinə qapılıb, azarkeşlik etdiyi komandanın qələbəsinə uduş qoyursa, mütləq uduzur: “Gərək soyuq ağılla analiz edəsən. Bu çempionatı da özün görürsən ki, sensasiyalar mundialıdır. Amerika qitəsi Avropaya dərs keçir. Ona görə soyuq başla fikirləşib, “şot” yazmaq lazımdır”.
***
Məntəqənin sahibi isə danışır ki, gün ərzində yüzlərlə oyunçu müraciət edir. Onların arasında udanların sayı uduzanlardan azdır. “Topaz” sahibinin sözlərinə görə, mundial başlandığı vaxtdan ən böyük uduş götürən 350 manat olub. O da Hollandiya - İspaniya oyununda birincilərin 4 qoldan çox vuracağına proqnoz verən oyunçu olub.
Onu da deyək ki, “Topaz”ın da təklif etdiyi əmsalların aşağı olması oyunçuları uduzdurur. Üstəlik, internet vasitəsilə uduş qoymaq imkanı genişdir. Oyunçular bir çox hallarda evdə oturub internetlə uduş qoyur, sonra bank vasitəsilə ödəniş edirlər. ”Marathonbet", “Gamebooker”, “ZenitBet” çox populyardır. Tanışlarımın çoxu bu kontorlara hesab qoyur.
Çünki əmsal yüksəkdir və sərfəlidir. Belə olanda oyunçular internetə axışır. Hətta facebookda “Topaz”ın boykot olunması kampaniyası gedir və boykot səhifəsi yaradıblar.
Xatırladaq ki, “ZenitBet” Rusiya bukmeyker kontorudur və Azərbaycanda onu himayə edən güclər var. Bu qüvvələrin “Topaz”a nəzarət edən məmurlara qarşı rəqabət apardığı göz qabağındadır.
Qeyd edək ki, DÇ-2014-ün oyunları “Topaz”da canlı mərc fürsəti ilə təqdim edilir. Bu və digər oyunlara mərc etmək üçün “Topaz” satış məntəqələrin yaxınlaşmaq kifayətdir. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Topazda mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.
E.SALAMOĞLU






