İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA MƏMUR BALALARI İKİ UŞAĞI ÖLDÜRDÜ

19877 12.08.2011 09:58 Kriminal A A

Nəsimi Rayon Polis İdarəsindən milli.az portalına verilən məlumata görə, atasına məxsus “Range Rover” markalı, 90 FZ 100 nömrəli maşını idarə edən Aydın İlqar oğlu Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimovu vurub. Azyaşlı aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisə uşağın yaşadığı binanın qarşısında başqa uşaqlarla oynayarkən baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

Qafqazinfo.az saytının məlumatına görə, həmin gün Abşeron rayonu ərazisində, Novxanı kəndində Bakı sakini Ramin Sadıqov idarə etdiyi “Range Rover” markalı, 10 GF 010 nömrəli maşınla həmin kəndin sakini, 6 yaşlı Nərgiz Rüstəmovanı vurub. N.Rüstəmova aldığı xəsarətdən hadisə yerində ölüb.
Dünən baş vermiş bu hadisə ilə bağlı redaksiyamıza müxtəlif bilgilər daxil oldu. Məlumatlarda bildirilir ki, N.Rüstəmovanı vuran şəxsin atası böyük klinikalardan birinin sahibi, Altay Rəhimovu vuran şəxsin atası isə generaldır. Bu informasiya dünən axşam saatlarında portallarda da yayılmışdı.

Bu iddia və bilgiləri dəqiqləşdirmək üçün hərəkətə keçən müxbirimiz dünən A.Rəhimovun maşınla vurulduğu yerə gedib. Burada o, həlak olan uşağın yaxınları ilə söhbətləşib. Mərhumun babası Tofiq Rəhimov müxbirimizə deyib ki, hadisə baş verən zaman nəvəsi digər uşaqlarla birlikdə binanın qarşısında oynayırmış. Uşağın anası da orada imiş. Bu zaman A.Aydınlı “Range Rover”lə binanın həyətinə daxil olub və maşını uşaqların üstünə sürüb. Hamı qaçıb. Altay isə balaca olduğundan qaçıb canını qurtara bilməyib. Maşın onu vurub. Tofiq Rəhimov dedi ki, A.Aydınlı uşağı vurandan sonra onu yaralı halda yaxındakı poliklinikaya aparıb. Lakin Altayın həyatını xilas etmək mümkün olmayıb. Orada öyrəndik ki, qəzanı törədən 15 yaşlı A.Aydınlının atası İlqar Aydınov tikinti şirkətlərindən birinin rəhbəridir.

Onu da qeyd edək ki, həlak olan Altayın atası Daşqın Rəhimov bir il öncə qətlə yetirilib. Belə ki, ötən il iyunun 17-də saat 22 radələrində Nərimanov rayonunda Naxçıvan sakini, 1977-ci il təvəllüdlü Rəhimov Daşqın Tofiq oğlu, həmyerlisi və yaxın tanışı - 1978-ci il təvəllüdlü Cəfərov Hasil Salman oğlu ilə “Çıraq” kafesində mübahisə edib. Mübahisə zamanı sonuncu birincini bıçaqlayıb. Daşqın Rəhimov 1 saylı Təcili Tibbi Yardım Stansiyasına çatdırılsa da aldığı xəsarətlərdən orada ölüb. H.Cəfərov rayon polis idarəsinə gedərək könüllü təslim olub. Oğlundan sonra nəvəsini itirən Tofiq Rəhimov isə “mənə olan oldu” söyləyərək şikayətçi olmadığını dedi.
Onu da bildirək ki, 200 min dollar qiyməti olan “Range Rover”lərin sürücülərinin saxlanılıb-saxlanılmadığı hələ dəqiq bilinmir. Sadəcə, pul və zənginlikdən gözləri dönmüş bəzi insanların cəmiyyətə hansı dərəcədə təhlükə təşkil etdiklərini bir daha vurğulamaq yerinə düşərdi. Normal ölkələrdən fərqli olaraq Azərbaycan milyonçularının övladları əksər halda özlərini görməmişlikdən qaynaqlanan qudurğanlıq həddində aparırlar. Və bu zaman da başqalarının canına, malına, övladına qarşı böyük təhlükə yaradırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR