Bakıda MDB generalları 2020-ci ilədək olan hərbi planları müzakirə ediblər – YENİLƏNİB, FOTOLAR
MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah rəislərinin iclasının iştirakçıları 2020-ci ilədək olan dövrdə hərbi sahədə qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Həmçinin HHM sisteminin və vahid radiolokasiya tanıtma sisteminin inkişafı da müzakirə olunub.
“Turan”-ın məlumatına görə, bu barədə RF Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, rabitə və idarəetmənin təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, Komitə 2015-ci ilədək MDB ölkələri Silahlı Qüvvələrinin birgə tədbirlərinin planını razılaşdırıb.
V.Gerasimov qeyd edib ki, iclasda humanitar minatəmizləmə, geoməkan informasiya mübadiləsi və hərbi təyinatlı peyk rabitəsi sistemindən istifadəyə dair sazişlər təqdir edilib.
Bununla yanaşı Komitə üzvləri MDB ölkələrində HHM-in təminatı sahəsində elmi araşdırmalar mövzusuna, vahid radiolokasiya tanıtma sisteminin inkişaf konsepsiyasının inkişafına toxunublar.
Həmçinin Birləşmiş nəzarət sisteminin inkişafı, MDB ölkələri müdafiə nazirliklərinin radiasiya, kimyəvi və bioloji durumunun qiymətləndirilməsi məsələləri müzakirə edilib.
V.Gerasimovun fikrincə, Bakı iclası “MDB ölkələri Silahlı Qüvvələri Baş qərargahları arasında hərbi əməkdaşlığın genişləndirilməsi, inamın və qarşılıqlı anlaşmanın artırılması yolunda daha bir konkret addım oldu”.
* * *
11:20
Bu gün Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb.
Virtualaz.org-un APA-ya istinadən xəbərinə görə, iclasa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıblar.
Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin iştirakı planlaşdırılsa da, tədbirə qatıla bilməyib.
Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyiblər.
İştirakçılar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə başlayıb.
Açılışda çıxış edən MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq sahəsində planlaşdırdığı tədbirlər barədə məlumat verib.
Daha sonra müxtəlif ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, iclasda MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq.
İclasın gedişində hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Bununla yanaşı, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsi nəzərdən keçiriləcək, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsinə baxılacaq.
İclasda MDB dövlətləri Silahlı Qüvvələrinin hərbiçilərinin səhra hazırlığı (hava, dəniz) üzrə müsabiqələrin hazırlığı və təşkili ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq.






