Paytaxtda yaşayan hər bir Azərbaycan vətəndaşı bilir ki, günün pik saatlarında, yəni əsasən 17:00-19:30 aralığında bir çox ictimai nəqliyyat vasitəsində sıxlıq müşahidə olunur.
Sərnişinlər bir-birini əzərək və sıxaraq, evə getməli olurlar. Bu vəziyyətdən hər kəs şikayət etsə də, problem hələ də öz həllini tapmayıb.
Sıxlığın olmasında bir çox səbəblər var. Bunların başında gələn səbəb isə Bakıda yaşayan vətəndaşların günü-gündən artmasıdır. Rayonlarda iş tapmaqda çətinlik çəkən vətəndaşlarımız Bakıya axışırlar və bu proses artıq illərdir ki, davam edir. Bu da normal olaraq, paytaxtda dəhşətli sıxlıq əmələ gətirir.
Sərnişin sıxlığının qarşısını almaq üçün hansı tədbirlər görülür?
Metroda olan sıxlığın qarşısını almaq üçün bir müddət öncə xəttə bir neçə qatar da əlavə edildi. Yeni qatarlar alındı. Amma bu belə, sıxlığın qarşısını tam ala bilmədi. Yenə də günün pik saatlarında qatarlarda dəhşətli sıxlıq yaşanır. İnsanlar növbəti qatar bir daha gəlməyəcəkmiş kimi vaqonlara minməyə çalışırlar. Bu zaman isə camaat bir-birini əzməyə, itələməyə başlayır.
Belə hallar daha çox metronun "28 May" stansiyasında baş verir. Bəzən itələşmə o həddə çatır ki, vaqondan düşmək istəyən vətəndaşımız bunu bacara bilmir və məcbur olub, növbəti stansiyada qatardan enir.
Marşrut avtobuslarında olan sıxlıqla bağlı isə heç bir tədbir görülməyib. Sadəcə, bəzi marşrut xətləri ləğv edilərək, yerinə yeni "BakuBus" şirkətinin müasir avtobusları buraxıldı ki, bu da kifayət etmir. Çünki sıxlıq yaşanan marşrut xətlərinin böyük hissəsi köhnə formada işləyirlər.
Lakin təcrübələr göstərir ki, "BakuBus" şirkətinin avtobusları çalışan xətlərdə günün pik saatlarında belə dəhşətli sıxlıq müşahidə edilmir. Çünki bu avtobusların interval müddəti çox azdır və sərnişin tutumu daha çoxdur.
Sərnişinlərin davranışı...
Mütəxəssislər çıxış yolunu xətdəki avtobusların sayını artırmaqda və intervalı azaltmaqda görürlər. Lakin bu da çıxış yolu deyil. Çünki marşrut avtobusu dayanacağa (İnsanların çox olduğu yerlər dayanacaq kimi istifadə edilir. Əsas olan 20 qəpikdir, dayanacaq deyil) yaxınlaşan kimi hər kəs marşruta minmək üçün avtobusa hücum çəkir. Heç kim növbəti avtobusu gözləmək istəmir. Avtobusda nə qədər sıxlıq olsa da, "əsas olan qapıdan içəri girməkdir" prinsipi ilə hamı mübarizə aparır. Qalib gələn minir, məğlub olan növbəti avtobusu gözləyir.
Sıxlıq yalnız sürücülərə və cibgirlərə sərf edir
Sürücülər, əgər avtobusun normalda 30 nəfər sərnişin tutumu varsa, insanları bir-birilərinin üzərinə yıxılmağa məcbur edərək, "Keç-keç, orta boşdur da, keç, camaat da evinə getsin" deyərək, bu tutumu 50 nəfərə qaldırırlar. Onların "Bir az sıxlaşın. Camaat da evinə getmək istəyir" sözləri boşuna deyilmir. Bu yolla özlərinin həddən artıq sərnişin daşıdıqları gərçəyini gizlədib, avtobusda olan sərnişinləri günahkar çıxarırlar. Avtobusa minmək istəyənlər isə, "Düz deyir də, o qədər yer var. Mehribanlaşın, biz də minək" deyirlər.
Sıxlıq həm də cibgirlərə sərf edir. Avtobusda olan sərnişin sıxlığından istifadə edən cibgirlər, insanların ciblərini boşaltmaqla məşğul olurlar. Əgər sıxlıq olmasa, bu hallar da baş verməz.
Əslində, avtobuslarda istehsalçı tərəfindən qoyulmuş maksimum sərnişin tutumu haqqında lövhələr var. Ancaq sürücülər buna əməl etmirlər. Avtobusa həddən artıq sərnişin yığmaq, həm də qəza təhlükəsi yaradır.

İllərin problemi niyə həll edilmir?
Sərnişinlər də sürücülərin avtobuslara pik saatlarda həddindən artıq sərnişin mindirdiklərini deyirlər. Bakı sakini Məlahət Əliyeva deyir ki, bu halın qarşısını almaq üçün heç bir addım atılmır: "Mən 16 ildir ki, Bakıda yaşayıram. Hər gün işə getmək üçün 2 avtobus dəyişirəm. Sadəcə,həftə sonlarından başqa bütün günlərdə avtobusda sıxlıq olur. İstər səhər olsun, istərsə də axşam... Misal üçün mən evə 18 nömrəli marşrutla qayıdıram. Hər dəfə sürücü həddindən artıq sərnişin götürür. "Sıxlaşın-sıxlaşın" deyə-deyə camaatı avtobusa presləyirlər. Onların vecinə də deyil. Əsas olan planı doldurmaqdır. Bu hal illərdir ki, davam edir. Amma heç bir tədbir görülməyib".
Məsələnin həlli yolu var
Əslində, cavabdeh qurumlar və sahibkarlar bu barədə sürücüləri təlimatlandırmalıdırlar. Lakin bu, onlar üçün deyəsən, önəmli deyil. Hətta bu barədə sürücülərə tapşırıqlar da versələr, bu, vəziyyəti dəyişməyəcək. Çünki sürücülər günlük planı ödəyirlər. Bu planı ödəyib, ailələrinə də pul aparmaq üçün bütün qaydaları pozmağa hazırdırlar. Bu vəziyyətin dəyişməsi üçün bir çıxış yolu var. O da planı ləğv edib, sürücüləri xüsusi imtahanla işə götürərək, maaş verməkdir.
"Hər şey 20 qəpiyə görədir"
Bəzi sərnişinlər də belə düşünürlər. Misal üçün Rəşid adlı BDU-nin tələbəsi məsələyə bu cür yanaşdı: "Sürücülər niyə biri-biriləri ilə yarışırlar? Niyə həddən çox avtobusa sərnişin doldururlar? Niyə dayanacaqda yox, harada adam çoxdursa, orada saxlayırlar? Çünki onlara pul lazımdır. Hər şey 20 qəpiyə görədir. Əgər, sürücülər stabil maaş alsalar, belə hallar heç vaxt olmaz. Çünki sürücü artıq rahat olacaq. Günlük planı düşünməyəcək. Sadəcə, işini görəcək, tərbiyəli davranacaq, sərnişinlərə "Sən" deyərək yox, "Siz" deyərək, müraciət etməli olacaq. İşindən ayrılmaq qorxusu onu normal sürücü olmağa vadar edəcək. "BakuBus"da olduğu kimi... Sürücülər maaş alır, standart geyimləri var. Dayanacaqdan kənarda döyülsələr də saxlamırlar. Bütün ölkədə olan nəqliyyat sistemini onlara versələr, əsl Avropa ölkəsi kimi olarıq".
Bəziləri bu məsələdə sərnişinləri də günahkar hesab edirlər. Amma nəzərə almaq lazımdır ki, hər şey marşrut sürücülərindən asılıdır. Onlar ancaq dayanacaqda dayansalar, hər kəs bu qaydaya uymağa məcbur olacaq. Onlar limitdən artıq (Limit - avtobusun qapısı bağlanana qədər deyil, oturacaq və ayaq üstə sıxlıq yaşanmayacaq qədər dayana biləcək sərnişin tutumunun miqdarıdır) sərnişin götürməsələr, hər kəs buna əməl etməli olacaq. Deməli, bu şəraiti yaratmaq elə də çətin deyil. Sadəcə, iş görmək lazımdır.
Məhəmməd Türkmən,
Fotolar müəllifindir.