İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kirayə evlərin qiyməti sürətlə bahalaşır

2389 21.07.2013 09:55 Ölkə A A
Kirayə evlərinin qiymətləri, bahalaşma səbəblərini öyrənmək üçün bu məkana üz tutduq.
Söhbətləşdiyimiz maklerlər evlərin qiymətinin qalxdığını təsdiqlədilər. Maklerlərdən biri deyir ki, tələbələrin bəziləri var ki, indidən evləri tuturlar: “Onlarda belə bir psixologiya yaranır ki, hamı evləri tutacaq bizə qalmayacaq. Hazırda şəhərin mərkəzindəki evlər olduqca bahadır”.
Evlərin qiymətini öyrəndikdə isə bir anlıq şoka düşdük. Belə ki, metronun “İçərişəhər”, “Gənclik”, “28 may” və “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında yerləşən 3-4 otaqlı, yaxşı şəraiti olan evlərin aylıq kirayə haqqı 1000 manat civarındadır. Gündəlik kirayə verilən evlərin qiymətində də artım var. Bu evlərin qiyməti isə 30 manatdan başlayıb, 100 manata qədər artır. Bakı ətrafındakı evlərin qiymətində də artım var, amma onlar şəhərin mərkəzinə nisbətən ucuzdur. Bu yerlərdə əvvəllər 200-250 manata təklif olunan evləri indi 300-350 manata təklif edirlər. Aşağı qiymətə olan evlər isə çox pis şəraitdədir.
“Maklerlər bağı”na üz tutan sakinlər də qiymətlərin artmasından gileylənirdilər. Ev kirayələmək istəyən bir nəfərin maklerlə uzun-uzadı mübahisəli söhbətini görüb, onlara yaxınlaşdıq. Adının Rüstəm olduğunu deyən şəxs Bakıda ailəsi ilə birlikdə qalacaq, büdcəsinə uyğun bir ev axtarırdı: “Ailəmlə qalacaq normal bir ev axtarıram. Amma hələ ki büdcəmə uyğununu tapa bilməmişəm. Bir evdə qalırdım. Köhnə məhəllələrdən idi. İki balaca otaqlı evə 350 manat verirdim. Bu da mənə sərf etmir”.
Evini tələbə qızlara verməyi üstün tutan Xatirə Əfəndiyeva deyir ki, oğlanlar səliqəsiz olur: “Evimi üç nəfər oğlana vermişdim. Sonuncu ayda pulumu verməyərək çıxıb getdilər. Onlardan bir xəbər tuta bilmədim. Evi də səliqəsiz saxlamışdılar. Bundan sonra dedim ki, bir də evimi oğlanlara verməyəcəyəm. Ancaq ailəlilərə və qızlara verirəm. Onlar daha məsuliyyətli və səliqəli olurlar”.
Qeyd edək ki, evinin yalnız bir otağını kirayə verənlər də var. Belə ki, ev sahibi özü də həmin mənzildə qalır. Sadəcə olaraq bir otağında kirayəşin saxlayır. Belələrindən biri də Tofiqə Xəlilovadır. O, evinin bir otağını 100 manata kirayə verdiyini dedi: “Məni evim Nərimanov rayonunda köhnə məhəllədədir. Üç otaqlı mənzildir. Bir otağını iki nəfər tələbə qıza verəcəyəm. İndidən gəlmişəm maklerə deyim ki, istəyən olsa gətirsin. Hər qızdan 100 manat alacam”.
Maklerlər dedilər ki, getdikcə qiymətlərin qalxması vətəndaşların paytaxtın kənar yerlərinə üz tutmasına vadar edir.
Əlbəttə, hazırda əhalinin orta aylıq gəliri ilə paytaxtda ev kirayələmək olduqca çətin, almaq isə demək olar ki, mümkünsüzdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR