İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda keçirilən Beynəlxalq Qarabağ Forumu dünyaya səsləndi

2173 31.08.2018 08:50 Gündəm A A

Təşkilat adından Rusiya prezidenti Vladimir Putinə müraciət etmək təşəbbüsü dəstəkləndi; Forumun Koordinasiya Şurası yaradıldı;  “Biz mütləq Şuşaya, Xankəndinə qayıdacağıq...”

Avqustun 30-da Bakıda (Beynəlxalq Mətbuat Mərkəzində) V Beynəlxalq Qarabağ Forumu keçirildi. Forumda Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstandan olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi. 

Eyni zamanda beynəlxalq tədbirdə Qarabağ qaziləri, Qarabağ müharibəsi veteranları, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Emin Həsənli, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Hərəkatının sədri Rizvan Talıbov və digərləri iştirak edirdi. Tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən oğul və qızlarımızın əziz xatirəsi sayğı duruşu ilə yad edildi.

Beynəlxalq Qarabağ Forumunun Azərbaycan təmsilçiliyinin rəhbəri, QAT sədri  Akif Nağı iştirakçıları salamladıqdan sonra qonaqları təqdim etdi. Bildirdi ki, Forum 2015-ci ildə Bakıda təsis olunduqdan qarşıya qoyulan məqsədlərə nail olmağa çalışıb: “Forumun bundan əvvəlki konfransları İzmir, Gəncə, Ərdəbildə keçirilib. Məqsədimiz Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır. Son məqsədimiz Qarabağın işğaldan azad olunmasına ictimai xətlə əlimizdən gələn köməyi göstərməkdir. Təbii ki, bu, dövlətimizin işidir, amma biz əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Biz bu müddətdə QHT-lərə İş üzrə Dövlət Dəstəyi Şurasının, Diasporla İş üzrə Dövlət Komitənin, həmçinin medianın dəstəyini həmişə hiss etmişik. Bizim fəaliyyətimiz getdikcə genişlənir, artıq Türkiyə, Rusiya, İran, Gürcüstanda bu istiqamətdə qurumlar formalaşır. Çatışmayan tərəflər olsa da, qarşıya qoyulan məqsədlərə qarşı addımlarımızı atırıq”.

Forumda çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov dedi ki, Qarabağ həqiqətlərinin çatdırılması üçün nə qədər çalışsaq, yenə də azdır: “Biz Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün birlikdə çalışmalıyıq. Xalqımızın, dövlətimizin maraqlarını qorumaq üçün daim fəal olmalıyıq. Azərbaycanın xaricdə fəaliyyət göstərən diasporları da bu istiqamətdə fəaliyyət göstərirlər. Bəzən xarici ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların az olduğunun şahidi oluruq. Bu baxımdan biz birlikdə, daha geniş və sıx çalışmalıyıq. Azərbaycanın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdırılmalıdır”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Emin Həsənli dedi ki, 1 milyondan çox hüququ pozulan vətəndaşlarımızın hüquqları bərpa olunmursa, bu, beynəlxalq aləmin sərgilədiyi ikili standartlara görədir: “Məlum dövlətlər lazım olduğu təqdirdə istədikləri ölkəni yerlə yeksan edə, lazımı qərar qəbul edə bilirlər. Amma həqiqətlərə gəldikdə xüsusən də müsəlman ölkələrinə qarşı ədalətli mövqe ortaya qoymurlar. Ermənilər bizim yaşamaq hüququmuzu, həmçinin mülkiyyət hüququmuzu pozub. İnsanlarımız dünyanın istənilən ölkəsinə gedə bilir, amma doğulduğu Şuşaya, Laçına gedə bilmir. Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələ ilə bağlı mövqe ortaya qoymursa, bu, ikili standartlardır. Bu gün ikili standartlar Türkiyəyə qarşı da nümayiş etdirlir. Qardaş ölkə ilə bağlı baş verənləri biz həyəcanla izləyirik və Türkiyənin yanındayıq”. E.Həcənli bildirdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz məqsədli siyasətini həyata keçirir: “Biz əminik ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində b torpaqlarımız tezliklə işğaldan azad olunacaq”. QHT rəhbəri çıxışını “Biz mütləq Şuşaya, Xankəndinə qayıdacağıq, mütləq ədaləti bərpa edəcəyik, bunun alternativi yoxdur”-deməklə bitirdi.

Bundan sonra təşkilatı məsələlər, Koordinatorlar qrupunun seçilməsi, Qarabağlı bağlı aktual məsələlər, o cümlədən Qarabağ həqiqətlərinin təbliğində KİV-lərin rolu və digər məsələlərin müzakirəsinə keçildi.

QAT-ın Türkiyə təmsilçisi və Forumun üzvü Cafer Dal təşkilatın önəmindən bəhs etdi, prioritetlərdən danışdı. Həmçinin bildirdi ki, yerli təşkilatların maliyyə dəstəyini haradan alacağı da mühüm məsələdir. C.Dal vətəndaş cəmiyyətinin bölgədəki problemlərə həssas yanaşmasını da zəruri saydı: “İçimizdəki ana yolla hərəkət etməsək, hədəfə yetişə bilmərik. Bizim içimizdəki ana yol Qarabağ yoludur. Bu gün Qarabağı bütün dünya Azərbaycan torpağı olaraq tanıyır. Əgər biz bu halda uğur qazana bilməsək, onda digər məsələlərdə işimiz çox çətin olacaq”.

“Belə bir deyim var, ”Əgər inanırsınızsa, siz güclüsünüz". Biz indi Qarabağın azad olunacağına inanırıq, ona görə də güclüyük. İnşallah dostlarla bərabər bu hədəfə çatacağıq".

Bu fikirləri Forumun Türkiyədən olan üzvü Cemal Barış söylədi. Bildirdi ki, əgər üzərimizə düşən işi görsək, Yaradan hər zaman bizim yanımızda olacaq, üzümüzə taybatay qapılar açacaq.

Forumun İran təmsilçisi, Ərdəbil Universitetinin müəllimi, Azərbaycan Tədqiqat Mərkəzinin sədri Həsən Əsədi narahatlığını bölüşdü: “Mən bir araşdırma apardım və gördüm ki, 20-30 yaşlı tələbələr Qarabağla bağlı məlumatsızdırlar. Bunun günahı onlarda deyil, bizdədir. Yaxud ermənilərin ingilis dilində Qarabağla bağlı təbliğatı bizdən çox-çox üstündür. Bizim mövqeyimiz orda demək olar ki, gözə görünmür. Deməli, biz medianın gücünü düzgün dəyərləndirməmişik”.

İran nümayəndə heyətinin digər üzvü Ruhulla Mütəfəkkir Azad isə “Bizim üçün Şuşa, Xankəndi, Zəngilanla Təbriz, Ərdəbil, Zəncanın fərqi yoxdur. Bizim nəzərimizcə, Azərbaycan torpağının hansısa hissəsinin qoparılması elə İranda torpaq qoparılması deməkdir” söyləməklə çıxışa başladı. O bildirdi ki, haqq işimizdə hamılıqla əl-ələ verməli, BMT qərarlarını əsas tutaraq haqqımızı tələb etməliyik.

Ərdəbilli şair və yazıçı Mehdi Rəsulzadə “İnşallah bu şeiri Şuşada oxuyacağam” deyərək yazdığı olduqca təsirli şeirini səsləndirdi.

“Təbriz” qəzetinin baş redaktoru Hamid Xosrovşahi də Qarabağ naminə gördüyü işlərdən danışdı, bu istiqamətdə daha fəal olmağa çağırdı.

A.Nağı bu məqamda dedi ki, İrandan olan Mövsen Hadi heç kimin görmədiyi işi görüb, İranda ilk dəfə Qarabağla bağlı sənədli film çəkib.

Forumun Rusiya təmsilçisi, Kalininqradda diaspor təşkilatının sədri Tofiq Rzayev Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı görülən işlərdən bəhs etdi: “Biz bir olsaq, tezliklə Qarabağ qələbəsinə nail olacağıq. Mən böyük qələbəmizə çox inanıram və ona görə də sizinlə bir yerdəyəm”.

Forumun Gürcüstan nümayəndəsi Sabir Mehdiyev Qarabağın işğalından danışarkən paralellik apardı: “20 Yanvar Azərbaycanın, 9 aprel Gürcüstanın faciəsidir. Qarabağ işğalda olduğu kimi, Gürcüstan əraziləri  Cənubi Osetiya və Abxaziya da işğal altındadır”. S.Mehdiyev Gürcüstandakı soydaşımız, ictimai fəal Elbrus Məmmədovun Azərbaycan həqiqətlərini yaymaq istiqamətində çox işlər gördüyünü bildirdi.

Özünün Sadaxlı kəndindən olduğunu deyən S.Mehdiyev ermənilərin Borçalıya qarşı təxribatlarından da həyəcanla danışdı: “500 ha-dan artıq ərazimiz ermənilər tərəfindən işğal olunub. 15-ədək sakin girov götürüldü, onların azad edilməsi aylardan sonra mümkün oldu”.

Toplantıda Forumun daha səmərəli idarə olunması 3 nəfərdən ibarət məqsədilə Koordinasiya Şurasının yaradılması barədə qərar qəbul olundu. Eyni zamanda Koordinasiya Şurasının üst qurumu olmaqla hər üzv ölkədən bir nəfərin daxil olduğu koordinatorlar qrupunun yaradılması təklifi yekdilliklə qəbul edildi. Koordinatorlar Forumu təmsil edəcəklər. İran təmsilçiləri koordinatorların namizədliyini irəli sürsə də, digər ölkə təmsilçilərinin qəti qərarı olmadığı üçün məsələ gələn Forumadək açıq qaldı.

Bundan sonra A.Nağı Beynəlxalq Qarabağ Forumunun qətnaməsini təqdim etdi və sənəd ətrafında müzakirələr başladı. 8 bəndlik qətnamədə bir sıra vacib məsələlərlə yanaşı, beynəlxalq təşkilatlar və dünya dövlətlərindən Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe tutmaq, ikili standartlara son qoymaq, İspaniya və digər ölkələrin ərazi bütövlüyünə dəstək verdikləri kimi, Azərbaycan əraziləri ilə bağlı da birmənalı mövqe sərgiləmək tələb olunur.

Forumun Azərbaycan təmsilçisi Sultan Əzimzadə dedi ki, İran və Azərbaycanın yaxınlaşmasının məntiqi nəticəsi kimi, Qarabağ həqiqətlərinin qonşu müsəlman ölkəsində də geniş təbliğ olunur: “Biz ATƏT-in Minsk Qrupuna müraciət etməliyik ki, ikili standartlara son qoyulsun və Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənsin”.

Tofiq Rzayev Forum adından Rusiya prezidenti Vladimir Putinə müraciət hazıranmasını və müraciətin Rusiyanın Azərbaycandakı səfirinə təqdim olunmasını təklif etdi: “Belə bir məktub təqdim olunsa, biz Rusiyada yaşayan diaspor təşkilatları olaraq Putinə növbəti müraciət ünvanlaya bilərəm”. A.Nağı təklifi müsbət qəbul etdi və məktubun hazırlanması elə T.Rzayevin özünə həvalə olundu.

Həsən Əsədi internetdə Azərbaycan əleyhinə yayılan videomateriallarla əlaqədar Forum adından şikayətlərin hazırlanıb beynəlxalq təşkilatlara göndərilməsini təklif etdi. Bildirdi ki, hər bir heyət gördüyü işlərlə bağlı yekunda rəsmi hesabat versə, bu, işin xeyrinə olar.

Forum üzvü Şərqiyyə Dadaşov “bizim bir istəyimiz var, torpaqlarımıza qayıtmaq istəyirik” dedi.

Forum üzvü Firuzə Əsədullayeva isə Qarabağ həqiqətlərinin yayılması istiqamətində medianın əvəzsiz rolundan danışdı. O, Koordinasiya Şurasında media təmsilçilərinin də olmasını təklif etdi. 

Qarabağ qazisi Firudin Məmmədov İranda Qarabağla bağlı baş verənlərə daha həssas münasibətin olduğunu qeyd etdi. Bildirdi ki, o da Foruma üzv olmaq üçün müraciət edib. F.Məmmədov qeyri-türklərin də Foruma üzv seçilməsi ilə bağlı Gürcüstandan gələn nümayəndə heyətinin təklifini müdafiə etdi. Dedi ki, koordinatorların qarşısına yaşadıqları ölkələrdəki digər millətlərin nümayəndələrinin də Qarabağla bağlı prosesə cəlb edilməsi istiqamətində addım atmaları vəzifə olaraq qoyula bilər.

Qərbi Azərbaycana (Ermənistan) Qayıdış Hərəkatının sədri Rizvan Talıbov Azərbaycanın başına gətirilən bəlalardan danışdı: “Zamanında İrəvanı verdik, susduq, danışmağa imkan vermədilər, sonra Zəngəzuru verdik, yenə 70 il danışmağa imkan vermədilər. Mən Ermənistanda dünyaya göz açmışam. Amma heç vaxt bu torpaqları niyə Ermənistana verdik, sualına cavab axtarmağı düşünmədik. 25 il səmərəsiz fəaliyyət göstərən Minsk Qrupu nəhayət, formatını dəyişməlidir! Burada paritet gözlənilməlidir. Qarabağ məsələsi 3 xristian dövlətinin inhisarından çıxarılmalıdır. Gürcüstan, Rusiya, Türkiyə və İrandan olan həmsədrlər formatında danışıqlar aparılmalıdır! Bu halda Qarabağ məsələsinin dinc yolla həllində irəliləyişə nail ola bilərik”. R.Talıbov dedi ki, ermənilərin Rusiya, Gürcüstan, İran, Türkiyə, və Azərbaycana qarşı ərazi iddiası var: “Onlar ”Böyük Ermənistan" iddiasındadır. Bu dövlətlər beynəlxalq təşkilatlara müraciət etməlidirlər ki, erməni bu xəstə ideologiyadan əl çəksin!"

Qarabağ Əlillər Cəmiyyətinin sədri Ələsgər Orucəliyev də Qarabağın azadlığı üçün əlindən gələni etməyə hazır olduğunu dedi.

Müzakirələrdən sonra Forum işini başa çatdırdı.

Elşad PAŞASOY,
Foto: “Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR