Səhiyyə sisteminin içində gizli bir şəbəkə pandemiyanın tüğyan etdiyi zamanlarda (indi də həmin zamandır) ixtisaslaşmış xəstəxanalardakı məhdud yerləri rüşvət müqabilində ağır xəstələrin yaxınlarına satırlar!
Xəstələr çox olduğu üçün, önəmli və daha modern xəstəxanalarda, modul tipli müəssisələrdə yer məhdudiyyəti yaranır. Hətta bir vətəndaş özünə tanış olan müxbirlərimizdən birinə təklif etmişdi ki, onun yaxınından 4 min manat rüşvət istənilir. Bu cür möhtəkirlik edən cinayət şəbəkəsinə xəstəxana həkimlərindən başqa təcili yardım personalının bəzi üzvləri də daxildirlər.
Onlar çağırışa gedərkən gözlərinə imkanlı dəyən ailələrə özləri təklif edirlər ki, filan qədər müqabilində sizin xəstəni filan xəstəxanaya yerləşdirə bilərik.
Daha yaxşı şəraiti olan xəstəxanalar təbii ki, daha yüksək qiymətə satılır. Bundan başqa, koronavirusun müalicəsində istifadə olunan bahalı dərmanların möhtəkirliklə satışı prosesi də bu şəbəkə vasitəsi ilə həyata keçirilir.
Hansı ki, həmin dərmanları dövlət valyuta ilə alaraq, ölkəyə gətirir və vətəndaşımızın müalicəsi üçün tam təmənnasız olaraq, istifadəyə buraxır.
Cinayətkar şəbəkənin üzvləri həmin dərmanları ixtisaslaşmış xəstəxanalardan oğurlayaraq, istifadəsinə “qənaət” edərək, əl altından satışa çıxarırlar. Bütün bunlar isə dövlətin zəhmətini və imicini zədələyir, gördüyü böyük və əvəzsiz fəaliyyətinə kölgə salır.
Bu barədə musavat.com geniş şəkildə yazmışdı və deyilənlərin nəticəsi olaraq, artıq “Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib.
MusavatTV-nin canlı yayınında “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov pandemiyadan pul qazanan səhiyyədəki mafiozlar, “Yeni klinika”nın baş direktorunun həbsi, virusa yoluxmanın kəskin artması, sərt karantinə keçidə zərurətin olub-olmaması, açıq havada tibbi maska taxmaq məcburiyyəti, vaksinasiya prosesi və digər məsələlərdən danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






