Bakıda əhalinin əksər hissəsinin ömründə bir dəfə də baş çəkmədiyi, sadəcə vitrindəki paltarlara baxaraq keçdiyi bahalı brend mağazaların sayı kifayət qədərdir. Bununla yanaşı sadə insanların, ort və kasıb təbəqənin nəfsini öldürmək üçün geyinə biləcəyi ucuz brendlər də az deyil.
Bəziləri üçün malın keyfiyyəti və dəbi önəmli olsa da, əksər insanlar üstündəki geyimin markasını da önəmli hesab edirlər. Bu səbəbdən normal qiymətdən daha artıq pul ödəməyə belə hazırdırlar.
Paytaxt Bakıda isə belə insanlar üçün hər cür şərait var. Ölkəni tərk etmədən, elə şəhərin mərkəzində dolaşaraq dünyanın tanınmış brendlərinin satıldığı mağazalara baş çəkmək olar. Dünyanı fəth edən Dolce&Gabbana, Armani, Gucci, LC Waikiki, New Yorker, Benetton, Cotton, Greyder və sair brendlər imkanlı şəxslərin gözünü- könlünü oxşamaqla yanaşı, imkansız insanları da depressiyaya salmağa kifayət edir.
Bəs görəsən, paytaxt Bakıda tanınmış brend mağazalarda qiymətlər necədir? Bu cür mağazalardan cəmiyyətin hansı təbəqələri istifadə edir?
Musavat.com-un müxbiri paytaxt ərazisində yerləşəm bir neçə brend mağazaya baş çəkərək qiymətlərlə maraqlanıb.
Əvvəlcə, Nizami rayonunun mərkəzi küçələrində yerləşən “New Yorker”, “Polo”, “LC Waiki” brendlərinin mağazalarındakı qiymətlərlə maraqlandıq. Məlum oldu ki, “New Yorker” və “LC Waiki” brendləri orta təbəqənin də imkanlarına cavab verir. Belə ki, burada 30 manata şalvar, 35-40 manata köynək, 60-70 manata pencək və sair əldə etmək mümkündür. Bu mağazalarda uşaq geyimləri də kifayət qədər ucuzdur. Həmçinin vaxtaşırı olaraq tətbiq olunan endirim kompaniyalarından paytaxt sakinləri yararlana bilirlər. Mağazada olduğumuz zaman alıcılığın da normal səviyyədə olduğunu müşahidə etdik.
Alman brendi sayılan “New Yorker”də qiymətlər digərləri ilə müqayisədə daha münasibdir. Alış-veriş üçün ən ucuz yer hesab etdiyimiz “8-ci kilometr” bazarındakı qiymətlərlə buradakı qiymətlər demək olar ki, eynidir. Üstəgəl malın brend olması və keyfiyyəti də əlavə üstünlükdür.
Qiymətlərin ucuz olmasına təəccübləndiyimizi görən mağazanın satış meneceri bildirdi ki, bu geyimlər brend olsa da işçi qüvvəsinin ucuz olduğu ölkələrdə tikilir: “Ümumiyyətlə “New Yorker” mağazalarına paytaxtın hər tərəfində rast gəlmək mümkündür. Bu brend adı altında fəaliyyət göstərən obyektlər öz ucuzluğuna və keyfiyyətinə görə seçilir. Bildiyiniz kimi “New Yorker” Almaniyada yaranıb. Şirkət öz mağazalarına xüsusi diqqət ayırır. Hətta 3 ayda bir dəfə mütəxəssislər buraya gəlib, yoxlama keçirirlər. Təbii ki, geyim brendlərinin dizaynına kimi diqqət edirlər. Qiymətlərin münasib olması isə paltarların harada tikilməsindən irəli gəlir. Geyimlərin parçaları Almaniyadan alınır, Banqladeşdə və Çində istehsal olunur. Yalnız tikintisinə icazə verilir. Brendin icazəsi olmadan geyimin düyməsində belə dəyişiklik ola bilməz”.
Daha sonra Amerika brendi sayılan “Polo ASSN.”də olduq. Burada isə qiymətlər tamamilə fərqlidir. Şalvarların, köynəklərin, ayaqqabıların qiyməti sıravi vətəndaşların cibinə uyğun deyil. Satıcı bunun səbəbini “Polo” brendinin yüksək prestijə malik olması ilə əlaqələndirdi: “ Bura adi vətəndaşlar alış-verişə gəlmir. Bizim öz müştərilərimiz var. Amerika brendi sayılsa da, istehsalı Türkiyə və Çində olur. Ayaqqabılar 80 manatdan başlayır və 300 manata qədər yüksəlir. Şalvarlar 75 manatdan, köynəklər isə 45 manatdan...Ən bahalı geyimlərimiz 400-500 manatadır. Nizami rayonunda yerləşdiyimiz üçün qiymətləri münasib edirik. “Polo” brendinin mağazaları şəhərdə çoxdur. Lakin onlar bir-biri ilə bağlı deyil, hər biri müstəqil fəaliyyət göstərirlər. O baxımdan qiymətlər də fərqlidir. Bəzi mağazalarda bizimlə müqayisə qiymətlərdə ikiqat fərq var. Lakin malın keyfiyyəti eynidir”.
Şəhərin mərkəzi küçələrində yerləşən digər brendlərdən Dolce&Gabbana kifayət qədər baha olması ilə seçilir. Hazırda yay olduğundan bu brend altında olan gün eynəkləri dəbdədir. Sadə bir Dolce&Gabbana eynəyinin qiyməti Bakı mağazalarında 542 manatdır. Bu brendin ən sadə kəməri isə 341 manatadır. Həmçinin “Gucci” brendinin sadə bir kəməri 255 manata, çantası isə 936 manatdır. “Fendi” brendinin 144 manata satılan corabı isə ümumiyyətlə dodaq uçuqladır. “Gucci”-nin corabı isə 162 manatdır. “Giorgio Armani”nin çantaları 400-500 manata, ən sadə şərfləri isə 150-200 manatadır. Bu rəqəmlər isə orta səviyyəli bir Azərbaycan vətəndaşının aylıq gəlirinə bərabərdir.
Qeyd edək ki, bəzi mağazalarda geyimlərin brend olması ilə bağlı şübhələr də az deyil. Tez-tez mağazalarda saxta brendlərin satılması ilə bağlı məlumatlara rast gəlirik. O səbəbdən rəyini soruşduğumuz insanların əksəriyyəti geyimin brend olmasına deyil, keyfiyyətinə üstünlük verdiklərini bildirdilər.
Məğrur Mərd
Fotolar müəllifindir






