Əhalinin əksər hissəsi haqlı olaraq düşünür ki, alaçiy halda qızardılaraq yeyilən dönər kasıb təbəqə, xüsusən də tələbələr üçündür. Hələ onu demirik ki, küçələrin toz-torpağı, maşınların tüstüsü bütün gün ərzində üstü açıq qalan dönərə hopmaqla onu orqanizm üçün daha qorxulu hala gətirir.
Narahatlıq ətin üstüaçıq saxlanması və yaxşı bişirilməsi ilə də yekunlaşmır. Hətta çox vaxt dönər satanların hansı əti şişə çəkdikləri, onların özlərinin sağlıq durumları da naməlum qalır.
Vəziyyəti araşdırmaq məqsədilə paytaxtdakı bir neçə dönərxananın monitorinqini keçirdik.
Öncə Nizami küçəsində fəaliyyət göstərən dönərxanalara baş çəkdik. “Anadolu” restoranlar şəbəkəsində dönərin məhz qazla bişirildiyinin şahidi olduq. Restoranda menecer işləyən Cümşüd Bağırov nazirin bəyanatı ilə tanış olduğunu dedi: “Bizə Səhiyyə Nazirliyindən məlumat veriblər ki, həftənin birinci günü Sanitariya və Epidemiologiya Mərkəzindən yoxlama gələcək. Buyurub gəlib yoxlasınlar, bizdə heç bir problem yoxdu. Düzdür, bizdə dönər qazla bişir. Amma qazın setkası normaldırsa və dönər qaz aparatından aralıdırsa, heç bir problem yoxdur”.
“Mərkəzi lahmacun” restoranında da dönər qazla bişirilirdi. Restoranda inzibatçı işləyən Mehmet bəy bildirdi ki, yaxın zamanlarda dönərxana elektrik enerjisi ilə işləyəcək: “Biz artıq Türkiyədən elektrik enerjisi ilə işləyən dönər sobası sifariş etmişik. Soba gələn kimi qazla işimizi dayandıracağıq”.
“Xaqani” ticarət mərkəzinin ikinci və üçüncü mərtəbəsindəki “Böyükfrat”da isə dönər kömürlə bişirdi. Restoranın inzibatçısı Mustafa bəy deyir ki, restoranda heç bir problem yoxdur: “Buyurub mətbəximizə baxa bilərsiniz. Bizdə dönər kömürlə bişir. Bunun isə heç bir təhlükəsi yoxdur”.
Həqiqətən də burada sanitariya qaydalarına ciddi əməl olunması, dönər üçün alınan ətin və digər ərzaqların sənədləri - hər şey öz qaydasında idi. Hətta burada dönərin közdə necə hazırlandığını da ilk dəfə yaxından gördük. Öyrəndik ki, adıçəkilən restorana ət xüsusi yerlərdə kəsilərək gətirilir.
Mərkəzdə dönərxanalarla bağlı heç bir problem olmasa da metronun “Qara Qarayev” və “Neftçilər” stansiyası ərazisində yerləşən dönərxanalarda antisanitariya vəziyyəti hökm sürürdü. “Qara Qarayev” metrosunun yanında yerləşən “Kral Dönər” köşkündə isə artıq dönər satışını qadağa qoyulub. Dönərxana sahibinin sözlərinə görə, ötən gün Səhiyyə Nazirliyinin işçiləri standartlara cavab vermədiyi üçün obyekti bağlayıblar. Dönər satışına son qoyulsa da burada keyfiyyətsiz şirniyyatlar və pirojnaların satışı davam edirdi. Dönərxana sahibi onu da qeyd etdi ki, bir həftəyə burada dönər satışı bərpa olunacaq: “Yoxlamanın nə ilə bağlı olduğu hamıya bəllidir də.
Pullarını alandan sonra heç gəlib baxmayacaqlar burada mal əti satılır, yoxsa eşək əti”.
Yaxınlıqdakı digər dönərxana sahibi isə şəkil çəkdiyimizi görüb bizi vuracaqmış kimi üstümüzə hücum edir. Yaxınlığımızda olan insanlar dönərçini tutaraq sakitləşdirməyə çalışırlar. Dönər satan isə hər şeyi biz həll edirikmiş kimi bağırır: “İmkan verin bir tikə çörəyimizi qazanaq da. Bizim evdə körpələrimiz var axı. Onsuz da dünən nazirlikdən gəlib yoxlama aparıblar. Bu gün burada dönəri icazəsiz satırıq. Sadəcə olaraq bir az ətim
qalmışdı deyə bişirdim. Sabahdan satmayacağam”.
“Neftçilər” metrosu yaxınlığında fəaliyyət göstərən dönərxananın sahibi Sinan usta isə “heç bir qorxumuz yoxdur” dedi: “Nə zaman istəsələr, gəlib yoxlama apara bilərlər. Əti təmiz yerdən alırıq. Haramla işimiz yoxdur. Çünki bura bizim çörəkpulu qazandığımız yerdir”.
O, son günlər dönər alanların sayının xeyli azaldığını da söylədi: “İnsanlar elə bilir ki, dönər hər yerdə murdar ətdən hazırlanır. Qurunun oduna yaş da yanır. Murdar ət məsələsi bitdi. İndi isə deyirlər ki, qazda bişən dönər insanı zəhərləyir. Belə olsa, gərək gündə biri ölsün”.
Bir məqamı da qeyd etməyə dəyər ki, Avropa ölkələrində, Türkiyənin özündə dönərin satış qiyməti 4-5 avro olduğu halda Azərbaycanda heç 1 avro da deyil. Halbuki ət Avropada da, bizdə də təxminən eyni qiymətədir.






