İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda beynəlxalq media konfransı öz işinə başladı - FOTOLAR (YENİLƏNİB)

911 14.10.2019 15:30 Media A A

Bakı Beynəlxalq Media Konfransı öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, konfransda “Qloballaşma dövründə medianın inkişaf trendləri: Risklər və İmkanlar mövzusu" ətrafında müzakirələr aparılacaq.

Tədbirdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim də iştirak edirlər.

Ümumilikdə konfransa yerli və xarici media nümayəndələrindən ibarət 100 nəfərə yaxın şəxs qatılıb. Konfrans Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirlər planının davamı olaraq, oktyabrın 15-də Azərbaycan mediası ilə görüş və iclas təşkil ediləcək. Görüşə ölkənin nüfuzlu media orqanlarının nümayəndələri qatılacaq.

Proqrama görə, oktyabrın 16-da Quba Soyqırımı Memorial Kompleksi və məzarlığı ziyarət ediləcək və daha sonra “Dünyadakı qarşıdurmalar və Media” mövzusunda konfrans təşkil ediləcək.

Konfransda Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edəcək.

Konfransda açılış nitqi ilə çıxış edən Əflatun Amaşov bildirib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: “Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallara qarşı birgə çıxmağı tələb edir”.

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan ikili standartlarla üzləşir: “Dünyada qeyri-obyektivliyin, qərəzin şahidi oluruq. İnanırıq ki, bu konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıralarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək”.

Daha sonra çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb. O, bildirib ki, Türkiyədə media ilə bağlı çoxsaylı təşkilatlar mövcuddur. Bu sahədə tənzimləməyə ehtiyac olduğunu söyləyən Mehmet Ali Dim bildirib ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb: "Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır, türk düşməni olmayan jurnalistlər üzvlərimizdir”.
M. Ali Dim bu cür tədbirə görə təşkilatçılara və qonaqlara öz təşəkkürünü bildirib.

Əli Rais,
Musavat.com,
Fotolar: Elçin Əkbərov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR