İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 8 binada alkaponları sökməyə başladılar

2628 07.05.2019 08:45 Reportaj A A

2000-dən çox sakini olan “Uğur-2“ yaşayış kompleksində tezalışan üzlüklərin sökülməsi əhalinin ürəyincədir

Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzindəki yanğın binaların tezalışan üzlüklərlə üzlənməsi məsələsi ilə bağlı hərəkətlənməyə səbəb olub.  “Yeni Müsavat”ın məlumatına görə, şəhərin Bakıxanov qəsəbəsində yerləşən “Akkord” firmasına məxsus “Uğur - 2" yaşayış kompleksinin binalarının alkapon üzlükləri sökülməyə başlanıb.

Kompleksdə olarkən öyrəndik ki, bir neçə il qabaq binaların alkapon üzlüklərinin yığışdırılması barədə tapşırıq olub. Lakin işin ağırlığına görə gündəmdən çıxıb, arxa plana keçib. Çünki alkapon üzlük tezalışan materialdır və nə vaxtsa qarşısıalınmaz bir faciəyə səbəb ola bilərdi.

“Diqlas” Ticarət Mərkəzinin yanması, ətrafdakı alkapon üzlüklü obyektlərin külə dönməsi “Uğur-2" ilə bağlı real addım atmağa vadar edib. 2000-dən çox sakinin yaşadığı 20 mərtəbəli 8 binanın bütün alkaponları söküləcək. Artıq 1-ci binada işlərə start verilib, ətrafda təhlükəsizlik tədbirlər görülüb, yaxınlıqda avtomobil saxlamamaq xəbərdarlığı edilib.

İş icraçılarının sözlərinə görə, 20 mərtəbəli bir binanın alkaponlarını sökmək olduqca mürəkkəb işdir, vaxt tələb edir.

Odur ki, 8 binanın bir-bir alkaponlardan azad edilməsi xeyli vaxt alacaq. Onlar ümid edirlər ki, sentyabra qədər söküntü işlərini yekunlaşdıracaqlar.

Amma bu iş o qədər də asan görünmür və ilin sonuna kimi uzanacağı istisna edilmir. Bundan sonra binaların fasadlarının hansı materialdan  olacağına hələ qərar verilməyib.

Bəzi versiyalara görə, əvvəlki qaydada fasadlar rənglənəcək. Lakin başqa üzlüklər vurulması da nəzərdən keçirilir.

Bildirilir ki, alkaponlar söküldükən sonra mənzillərin çıxarışları (kupça - E.S.) sakinlərə paylanacaq. Hətta iddialar var ki, alkaponların sökülməsi şərt kimi qarşıya qoyulub, yalnız bu halda “kupça”lar şirkətə verilə bilər.

Bu qərar isə sakinlərin ürəyincədir. Onlar deyirlər ki, həm çıxarışların verilməsi prosesi sürətlənəcək, həm də təhlükəsizlik tədbirlər görülür.

Sakinlər bildirirlər ki, bu alkaponlar binalara xüsusi yaraşıq versə də, əsas məsələ insanların təhlükəsizliyidir.

Belə ki, binalar üçrəngli bayrağımıza bənzər dekorasiyada - göy, qırmızı, yaşıl rəngli alkaponlara bürünmüşdü və axşamlar xüsusi gözəllik bərq vururdu.

Amma tez-tez narahatlıq dilə gətirilirdi ki, haçansa bir mənzildə alışma baş versə yayılma effekti verə, böyük faciə yaşana bilər. Odur ki, “Akkord”un bu davranışı indi sakinlər tərəfindən müsbət qarşılanır.

Bundan əlavə, sakinlər deyirlər ki, Bakının ən güclü küləyi bu kompleksin həyətində olur. Hətta iki bina arasından keçmək mümkünsüzləşir.

Binaların bəzilərində alkaponlar qopub tökülüb, vətəndaşların çağırışlarından sonra bir hissəsi bərpa edilib, bəziləri isə olduğu kimi qalıb.

Əgər bu ucu iti və kəsici olan alkaponlardan bir parça kiminsə başına düşərsə, həmin adamın həyatda salamat qalması möcüzə olar.

Həmçinin binaların betonu çox möhkəm, mükəmməl işlənməsinə baxmayaraq, alkaponların zəlzələyə dözümlü olacağı mümkün deyil.

Sakinlər bu mənada söyləyirlər ki, “Diqlas”dan sonra alkaponların sökülməsinə başlanması yaxşı xəbər oldu.

Qeyd edək ki, 2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş məşum yanğın hadisəsində böyük itkilərin olması da məhz hündürmərtəbəli binanın tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi.

İstintaqın gəldiyi, sonradan məhkəmə hökmü ilə bərkidilən qənaətə görə, binanın üzlüyü tezalışan kimyəvi birləşmələrdən  ibarət olub və yanarkən zəhərli qazlar ayrılıb.

Binanın üzlük materialında başlayan yanğın bir anın içində böyük bir ərazini əhatə edib, sakinlərin bir hissəsi binadan çıxmağa imkan tapmayıblar.

2015-ci ildəki məşum olaydan 3 il 10 ay  sonra Bakının Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzi az bir müddətdə alışıb kül oldu.

Olaydan sonra yenə də məlum oldu ki, binanın kibrit çöpü kimi bir anının içində yanıb külə dönməsinin səbəbi üzlük materialdır.

Bu dəfə isə adı poliureta deyil, alkapondur. 2015-ci ilin mayında faciəvi sonluqla başa çatan yanğından sonra Bakının müxtəlif ərazilərində dövlət hesabına binaların tezalışan üzlükləri dəyişdirilib.

Həmin hadisədən sonra prezident İlham Əliyev Xətai rayonunda da oxşar hadisənin baş verdiyini vurğulayaraq demişdi ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz olub və odadavamlı materiallar deyil.

Sitat: “Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.

Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır.

Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib və ya haradan idxal olunub".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR