İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların məhkəmə işi başa çatdı - Rzayevlər cəza aldı

1335 15.03.2018 14:33 Kriminal A A

Yaşlı qardaşlar 10 ildən artıq donuz fermasında işlədiliblər. Onların təqaüdünə əl qoyub, ac saxlayıb və döyüblər.

Uzun illər Azərbaycanda iki yaşlı qardaşı istismar etməkdə və insan alverində təqsirləndiriləm Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılıb.

Məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Tofiq Rzayev 8 il müddətinə, Vüqar Rzayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddətinə cəza təyin edilib.

İş üzrə zərərçəkmiş şəxslərdən biri Aleksandr Kolesnikovdur. Digəri isə, onun qardaşı İqor Kolesnikovdur. Hər iki qardaşın 60-dan çox yaşı var.

Aleksandr Kolesnikov hazırda məhkəmə iclasında iştirak edə bilmir. Çünki o, Maştağadakı psixiatriya xəstəxanasında müalicə alır.

Zərərçəkən qardaşlardan İqor Kolesnikov ifadə verib. O, insan alverinin qurbanlarının yerləşdirildiyi düşərgədə yaşayır.

Ayaq üstə dayanmaqda çətinlik çəkən İqor Kolesnikov məhkəmədəki ifadəsində 10 ildən artıq müddətdə Tofiq Abbasovun fermasında zorla işlədildiyini, dəfələrlə döyüldüyünü, ac saxlanıldığını söyləyib.

İ.Kolesnikovun sözlərinə görə, illərlə fermasında çalışdıqları Tofiq Rzayev heç vaxt onlara normal şərait yaratmayıb.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Xəzər rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs 2016-cı il aprel ayının 28-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR